Modern.az

Hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi razılaşdırılıb - EKSKLÜZİV

Hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi razılaşdırılıb - EKSKLÜZİV

Parlament

15 Oktyabr 2012, 10:47

 Sənəd artıq hazırdır və parlamentin payız sessiyasında baxılacaq



“Hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi haqqında sənəd artıq hazırdır və hökumət strukturlarından 6-dan 4-ü buna müsbət rəy verib”.

Bunu Modern.az-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib. O, bildirib ki, hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi onun təklifidir: “Bunu ən çox mən təklif etmişəm ki, zabitlər dövlət qulluqçusu status alaraq, bir sıra üstünlüklər əldə etsinlər. Hələ müzakirə aparılmadan bu barədə qəti bir söz söyləmək olmaz”.

Deputatın sözlərinə görə, sənəd artıq hazırlanıb, hökümət strukturlarının 6-dan 4-ü ona müsbət rəy verib. Millət vəkili onu da qeyd edib ki, Müdafiə Nazirliyi hələ ki, sənədə rəy bildirməyib:

““Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun bundan öncə parlamentin sessiyasında qəbul olundu. Sonra qərara alındı ki, növbəti dönəmdə “Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən işlənsin. Bu qanun mövcud iki qanunun birləşməsi olacaq. Burada ilk növbədə hərbi qulluqçuların statusuna yeni yanaşma tələb olunur. Əvvəlki qanunu qüvvədə saxlamaq sadəcə xüsusi dəyişiklik sayıla bilməzdi. Azərbaycanın bu dövrdə beynəlxalq əlaqələrinin, hərbi əlaqələrinin genişlənməsi bir sıra qurumlarda Azərbaycanın xüsusi yer alması, NATO ilə münasibətlərinin yeni müstəviyə çıxması tələb edir ki, hərbi qulluqçulara fərqli bir əsasda yanaşılsın və onların hüquq və mənafeləri başqa bir səviyyədə tənzimlənsin. O cümlədən, onların sosial təminatları ilə bağlı məsələlər heç şübhəsiz ki, fərqli aspektdə qoyulsun. Biz məsələni bu cür düşünmüşdük”.

Sənədin artıq hazır olduğunu deyən millət vəkilinin sözlərinə görə, iki qurumun da buna münasibət bildirməsindən sonra artıq layihənin komitədə müzakirəsi başlanacaq. Deputat onu da qeyd edib ki, status son olaraq necə olacaq, bunu söyləmək çox çətindir.

“Bildiyim qədər hələ ki, Müdafiə Nazirliyi buna rəy verməyib. Amma Sərhəd qoşunları və digər dövlət strukturlarımız sənədə öz rəylərini bildiriblər”-deyə millət vəkili söyləyib. 

Deputatın dediyinə görə, hərbi qulluqçulara veriləcək statusun NATO standartlarına uyğunluğu hələ ki, yoxdur. Odur ki, bir sıra maddələrin yenidən işlənməsi halında o statusun beynəlxalq modellərə uyğunluğundan danışmaq olar.

“Biz müzakirələr zamanı buna çalışacağıq. Hələ müzakirə aparılmadan bu barədə qəti bir söz söyləmək olmaz. Çünki bu böyük maliyyə tutumuna malik olan məsələdir” -deyə millət vəkili bildirib.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!