Modern.az

Hesablama Palatası milyonlarla manatı dövlət büdcəsinə qaytarmağa nail olub

Hesablama Palatası milyonlarla manatı dövlət büdcəsinə qaytarmağa nail olub

Aktual

15 İyul 2021, 17:30

Əvvəlki illərdə Hesablama Palatasının nəzarət obyekti olmuş qurumların maliyyə-təsərrüfat fəaliyyətində Hesablama Palatasının tövsiyələrinin nəzərə alınması ilə bir sıra sahələr üzrə müsbət meyillər müşahidə olunmaqdadır. 

 

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 6 aylıq hesabatında bildirilib.

Qeyd edilib ki, nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 11 kənar dövlət maliyyə nəzarəti obyektinə, eyni zamanda 3 halda onların yuxarı orqanlarına auditor hesabatı və kollegiya qərarları göndərilib. Hər tədbirlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə məlumat verilib. 

2021-ci ilin İş Planına əsasən, hesabat dövründə keçirilmiş və nəticələri rəsmiləşdirilmiş nəzarət tədbirləri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Hesablama Palatasının kollegiyası tərəfindən ümumilikdə 15,1 mln. manatı əhatə edən maliyyə pozuntularına dair müvafiq tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul edilib. 

Hesablama Palatasının 2021-ci ilin ilk 6 ayında və əvvəlki illərdə başa çatdırdığı nəzarət tədbirlərinin nəticəsi olaraq hesabat dövründə ümumilikdə 12,4 mln. manat, o cümlədən pul ifadəsində 10,3 mln. manat, natura ifadəsində isə 2,1 mln. manat dövlət vəsaitinin bərpası təmin olunub. 

Bununla yanaşı, auditlərin nəticəsi olaraq müəyyən edilmiş vəsaitlərin təyinatının dəyişdirilməsi, maliyyə hesabatlarında təhriflərə yol verilməsi, vəsaitlərin akkreditiv hesablara köçürülməsi, vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılmaması və istifadəsi ilə bağlı hesabatlılığın olmaması, gəlir vergisi və digər məcburi ödənişlərin tutulmaması, bəzi xərclərin dövlət satınalmalarına cəlb edilməməsi, vəsaitlərin depozit və tapşırıqlar hesablarından icrasının ilin sonuna qalıq vəsaitin geri qaytarılmaması risklərini formalaşdırması, ştat sayının optimallaşdırılmasının zəruriliyi barədə, aşkar edilmiş digər nöqsan və çatışmazlıqlarla əlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün 10 halda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə də 1 halda yuxarı icra hakimiyyəti orqanına məlumat verilib. 

Nəzarət tədbirinin nəticəsi üzrə 2 halda materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Hesabat dövründə Hesablama Palatasının fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilib. Belə ki, Hesablama Palatasının yeni 2021-2025-ci illər üzrə Strateji Planının icrası məqsədilə Strateji Planda nəzərdə tutulmuş 9 aralıq nəticə üçün Əməliyyat (Fəaliyyət) Planı tərtib olunub, burada fəaliyyət istiqamətləri üzrə zəif bəndlərin aradan qaldırılması və potensial boşluqların örtülməsi, fəaliyyətin müxtəlif istiqamətlər (institusional, təşkilati və peşəkar) üzrə gücləndirilməsi üçün tədbirlər yer alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir