Modern.az

Azərbaycanda səs-küy doğuran qanun layihəsi yenidən işlənib

Azərbaycanda səs-küy doğuran qanun layihəsi yenidən işlənib

Ölkə

15 Oktyabr 2012, 12:33

Qanun layihəsi Azərbaycan kişilərinə spermasını satmağa icazə verəcək

Modern.az saytı Azərbaycan Milli Məclisinin deputatları və ictimaiyyət nümayəndələri arasında ciddi narazılıq doğuran, hətta böyük qalmaqal yaradan “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsini əldə edib.
Qeyd edək ki, bundan öncə parlamentdə müzakirəyə çıxarılmış qanun layihəsi deputatların narazılığından sonra sənədi yenidən işləmək üçün işçi qrupa qaytarmışdılar. Qanun layihəsi yenidən işlənib və bir sıra dəyişiklik edilib. İlk növbədə deputatlar tərəfindən etirazla qarşılanan surroqat ana və sperma bankı ilə bağlı məsələ layihədən çıxarılıb. 
Bu məsələlərin qanun layihəsindən çıxarılması onların Azərbaycan milli mentalitetinə, əxlaq dəyərlərinə uyğun gəlməməsi ilə bağlı olub. Bununla belə, yeni layihə də kişilərə və qadınlara donor kimi cinsi toxumalarını satmağa icazə verəcək.

Artıq qanun layihəsi hazırdır və parlamentin payız sessiyasında müzakirəyə təqdim olunacağı gözlənilir. Layihənin hazırlanmasında inkişaf etmiş ölkələrin, eləcə də Türkiyənin təcrübəsi öyrənilib.

Arayış: surroqat analıq - qadının ona bioloji yad olan körpəyə hamilə qalmaq, onu bətnində böyütmək və doğmaq üçün könüllü razılıq verdikdə tətbiq olunan yardımçı reproduktiv texnologiyadır. Doğulan körpə böyüdülməsi üçün genetik valideynlərinə verilir və onlar körpənin hüquqi valideynləri sayılır.

"Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" Qanun reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlərin əldə olunması və reproduktiv hüquqların həyata keçirilməsi üçün hüquqi əsasları müəyyən edir.

reproduktiv sağlamlıq –  insanın nəsilartırma sisteminə aid olan və şəxsin uşaq dünyaya gətirə bilmə xüsusiyyətini təyin edən bütün aspektlər üzrə fiziki, homoral, psixi və sosial rifah vəziyyəti. Reproduktiv sağlamlıq insanların nəsilartırma qabiliyyətinə, istənilən vaxt və istənilən sayda sağlam uşağın doğulmasına imkan yaradır;

ailə planlaşdırılması – sağlam və arzu olunan uşaqların doğulmasının və sayının, onlar arasında yaş fərqinin, doğuşlararası müddətin idarə olunması, habelə azad reproduktiv seçimin həyata keçirilməsi üçün zəruri informasiya, vasitə və üsulların təmin olunması üzrə tibbi, sosial, hüquqi, mədəni və maarifləndirici tədbirlər sistemi;

Rreproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması sahəsində dövlət siyasəti sağlam, arzu olunan uşaqların doğulması sahəsində ictimai şüurun formalaşdırılması, reproduktiv sağlamlığın qorunması sisteminin inkişaf etdirilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi, yetkinlik yaşına çatmayanların cinsi tərbiyə sahəsində biliklərinin genişləndirilməsi,əhali arasında sanitariya maarifi işinin genişləndirilməsi və cinsi yolla yayılan xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi istiqamətlərinə yönəlib.

Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması sahəsində dövlət siyasəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:

bu sahədə normativ aktların və metodik sənədlərin, diaqnostik və müalicə standartlarının işlənib hazırlanması və təkmilləşdirilməsi;
uşaqlı ailələrə dəstəyin göstərilməsi;
reproduktiv hüquqların həyata keçirilməsi üçün şəxslərə tibbi, sosial, psixoloji və pedaqoji yardım göstərilməsi;
cinsi yolla yayılan xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üzrə xidmətlərdən istifadə imkanlarının artırılması;
reproduktiv sağlamlıq sahəsində aparılan elmi tədqiqat işlərinə dəstəyin göstərilməsi;
reproduktiv sağlamlığın qorunması üzrə ixtisaslı kadrların hazırlanması və bu sahədə çalışan tibbi kadrların ixtisaslarının artırılması və s.

Qanuna görə, reproduktiv sağlamlığın qorunması və reproduktiv hüquqların həyata keçirilməsi ilə bağlı xidmətlərin göstərilməsi bu fəaliyyətlə məşğul olmaq hüququ olan tibb, təhsil, sosial müdafiə müəssisələri, həmçinin digər hüquqi və fiziki şəxslər tərəfindən təmin edilir.   

Sənəddə hər kəsinb azad reproduktiv seçim hüququ göstərilib. Yəni hər kəs uşağın doğulması və ya doğulmasından imtina edilməsi, uşaqların sayı, doğulma vaxtı, ana və körpənin sağlamlığının qorunması üçün vacib olan doğuşlararası müddətlərin idarə olunması barədə sərbəst qərar qəbul etmək hüququna malikdir.

Layihədə qeyd olunub ki, dövlət tibb müəssisələrində vətəndaşlara reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlər ödənişsiz göstərilir.

Qanun layihəsinin "Sonsuzluğun müalicəsi hüququ" adlı bölməsinə görə, vətəndaşların sonsuzluğun müalicəsi məqsədilə aşağıdakı hüquqları var:

Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilməmiş, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun bütün növlərinin müalicəsi hüququ;
Kköməkçi reproduktiv texnologiyaların mahiyyəti, səmərəliliyi, onların tətbiqinin optimal müddəti, tibbi və hüquqi nəticələri, mümkün ağırlaşmalar, həmçinin sonsuzluğun müalicəsinin digər üsulları barədə informasiya əldə etmək hüququ.

Nikahda olan şəxslər yalnız qarşılıqlı razılaşmaya əsasən köməkçi reproduktiv texnologiyalardan istifadə edə bilərlər. Cins ilə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.

Layihə ilə bağlı digər maraq doğuran məsələ cinsi toxumalar üzrə donorluqdur. Sənəddə qeyd olunub ki, "somatik və psixi cəhətdən sağlam yaşı 18-dən 35-dək olan kişilər və qadınlar müvafiq tibbi-genetik müayinədən keçdikdən sonra mayalanma xüsusiyyətinə malik cinsi toxumaların donoru ola bilərlər".
Cinsi toxumaların donorlarının və resipiyentlərinin anonimliyi təmin edilir. Cinsi toxumalar üzrə donorluq donorla cinsi toxumalardan istifadə edən müvafiq tibb müəssisəsi arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Donor, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda, cinsi toxumaları üçün bu toxumalardan istifadə edən müvafiq tibb müəssisəsindən pul mükafatı ala bilər.

Nikahda olan şəxs yalnız arvadının (ərinin) razılığı ilə donor ola bilər.

Bu sənədə görə, bir şəxs yalnız bir ailə üçün donor ola bilər. Bu məqsədlə cinsi toxumaların donoru olmuş şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota aparılır.

Donor köməkçi reproduktiv texnologiyaların tətbiqi nəticəsində onun toxumasından doğulan uşağa görə öhdəlik daşımır və bu uşağa heç bir hüququ yoxdur.

Qanun layihəsinin "Ekstrakorporal (süni) mayalanma  embrionun implantasiyası" bölməsində bildirilir ki, süni mayalanma və embrionun implantasiyasının tətbiqi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman ər, bir qayda olaraq, cinsi toxumaların donorudur. Donor digər şəxs olduqda müvafiq tibb müəssisəsi həmin şəxsin əvvəllər donor olması məsələsini araşdırmalıdır.  Kommersiya, hərbi və sənaye məqsədilə insan embrionunun istifadəsi qadağandır.

Sənədə görə, reproduktiv sağlamlığının itirilməsi təhlükəsi olan nikah yaşına çatan kişi və qadınlar cinsi toxumalarının saxlanılması hüququna malikdirlər. Cinsi toxumaların kommersiya məqsədi ilə saxlanması və istifadəsi qadağandır. Tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə edilə bilər.  İnsanın klonlaşdırılması məqsədilə cinsi toxumaların və dölün istifadəsi də qadağandır.

Qanun layihəsində qeyd edilib ki, nikah yaşına çatan şəxslər arzuolunmaz hamiləliyin qarşısını almaq məqsədilə cərrahi metoddan (tibbi sterilizasiya) könüllü istifadə edə bilərlər. Nikahda olan şəxs yalnız ərinin (arvadının) razılığı olduqda tibbi sterilizasiya oluna bilər.
Hamiləliyin süni pozulması müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə həyata keçirilir.

Yetkinlik yaşına çatmayanlarda hamiləliyin süni pozulması onların arzusu ilə valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həyata keçirilir.            

Qanunu pozan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər