Modern.az

Bizimkilər: “Hulusi Kılıç mənim üçüncü universitetimdir” - Gənc baş redaktorla MÜSAHİBƏ

Bizimkilər: “Hulusi Kılıç mənim üçüncü universitetimdir” - Gənc baş redaktorla MÜSAHİBƏ

16 İyul 2021, 09:35

Günel Yaz: “Həyatda mənim qədər səhv edən başqa bir insanın olduğuna inanmıram”

"Mən hazırda iki universitet oxuyuram və düşünürəm ki, Hulusi Kılıç mənim üçüncü universitetimdir"


"“Yaz” imzasını götürməyimin səbəbkarı "525-ci qəzet"in baş redaktoru Rəşad Məciddir"


Modern.az saytı “Bizimkilər” rubrikasına davam edir. Bu dəfə oxucularımıza təqdim edəcəyimiz həmkarımız gənc jurnalist Günel Yazdır. Onunla söhbəti təqdim edirik:


- Günel xanım, sizi daha yaxından tanımaq istərdik.

- Mən Günel Fazil qızı Ələsgərova, 1996-cı ildə Gədəbəy rayonunda anadan olmuşam. Orta məktəbi üç şəhərdə - Mingəçevir, Gəncə və Sumqayıtda oxumuşam. 2011-ci ildə Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin muhasibat uçotu ixtisasına qəbul olunub, 2015-ci ildə həmin ixtisas üzrə məzun olmuşam.
Elə həmin ildən “Paralel” qəzetində və Moderator.az saytında çalışmışam. 2019-cu ildən isə Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın köməkçisiyəm. 2019-cu ildən “525-ci qəzet”də köşələr yazmağa başlamışam.

2020-ci ildə yenidən təhsil almaq qərarına gələrək, Azərbaycan Universitetinin marketing ixtisasına və eyni anda Türkiyənin dövlət universiteti olan Atatürk Universitetinin Halkla ilişkilər və tanıtım bölümünə qəbul olunmuşam. İdeya müəllifi olduğum “Bir millətin səfiri” və “44 gün vətən müharibəsində Hulusi Kılıç informasiya cəbhəsində” kitabları çap olunub.


- İxtisasınız başqa olsa da, jurnalistikada çalışırsınız. Bu sahəni seçməyinizə təkan verən nə oldu?

- Düzünü desəm, belə bir hədəfim olmayıb ki, nə vaxtsa jurnalist işləyim. Mən uşaqlıqdan tarix müəllimi olmağı arzulamışam. Orta məktəbdə Tarix fənnini çox yaxşı oxuyurdum. Hətta şəhər üzrə məktəblərarası keçirilən bilik yarışmasında birinci yerə çıxmışdım. Amma həyat elə gətirdi ki, ailədə olan maddi sıxıntılar artdı. Bacımla mənim eyni vaxtda təhsil üçün hazırlığa getmək imkanımız yox idi. Və mən qərara aldım ki, kollecdə təhsil alım, bacım isə hazırlığını davam etdirib, arzusunda olduğu Jurnalistika fakültəsinə qəbul olunsun. Düşündüm ki, bu qərarım ilə atamın yükünü azaltmış olaram. Atam bizi öz əllərinin zəhməti ilə böyüdüb. Mən və bacım hər şeyi ona borcluyuq. Bacım oxudu və qəbul olundu, amma ailə həyatı qurduğuna görə hələ ki iş fəaliyyətinə başlamayıb. Bu gün mən bacımın arzularının arxası ilə gedirəm desəm, yalan olmaz. Gələcəkdə bacımla birlikdə çalışmağı düşünürəm.


-
Bəs xarakter cəhətdən jurnalistikada ilk addımlarını atan Günel Yaz və bugünkü Günel Yaz arasında hansı dəyişikliklər var?

- Düşünürəm ki, xarakterimdə ciddi dəyişkənlik etməmişəm. Əlbəttə ki, hər hansı həyat fəlsəfəsinin yaranması üçün insan bəlli bir müddət yaşamalı, təcrübə qazanmalıdır. Amma bu o demək deyil ki, səhvlər olmur. Əslində dönüb keçmişimizə baxsaq, həyatda təcrübə dediyimiz şey, səhvlərlə qazanılır. Hətta sizə bir etiraf da edim ki, mənim qədər səhv edən, həyatı “kaş ki”lərlə dolu başqa bir insanın olduğuna inanmıram. Amma çox şükür, nə qədər səhvlərim oldusa, o qədər də təcrübəm qazandım. O səhvlərə görə peşmanammı? Xeyr. Çünkü gənclikdə insan atacağı addım haqqında o qədər də dərin düşünə bilmir. Gəncliyin enerjisi buna mane olur. İnsan sanki hərəkət edir, sonra onun analizi ilə məşğul olur. Zaman daha ehtiyatlı davranmağı öyrədir. Səbr və ehtiyatlılıq – düşünürəm ki, bu iki anlayış insanı çətinliklərdən, uğursuzluqlardan qoruyur. Həyat elə gətirdi ki, mən özümü təsdiq etməyə məcbur oldum. Mən dərk edirdim ki, qarşıma konkret məqsədlər qoyub onlara doğru getməliyəm. İndi həm oxuyuram, həm də işləyirəm. Bəzən o qədər yorğun halda evə gedirəm ki,.. dəfələrlə taksidə yatıb qalmışam.

Ailəm bu vəziyyətdən çox narahat qalır, başıma bir iş gələr deyə, narahatlıq keçirirlər. İnanın səmimiyyətimə, mən o yorğunluqdan zövq alıram. Dincəlirəm. Bəzən dostlarım deyir ki, həyatının ən gözəl çağını işinə görə hədər edirsən, bir az istirahətinə zaman ayır, yaşıdların xaricdə istirahət edir. Bu sözlərə həmişə gülürəm. Çünki onlar bilmirlər ki, mən hansı məqsədləri qarşıma qoymuşam, inanıram ki, mən arzularımı gerçəkləşdirəndə onlar mənə haqq qazandıracaqlar. 


Başa düşürəm ki, mənim  yüksəlmək üçün bir yolum var – oxumaq. İş həyatımda isə ciddi və məsuliyyətli olmalıyam.  Xarakterimdə bir şey var ki, söz götürməyi bacarmıram. Buna görə dəfələrlə rəhbərliklərlə problemlər yaşamışam, ancaq xarakterimi dəyişməmişəm. Mən insanlarla demokratik davranılmasını, istəyirəm. İnsanların içərisindəki potensialı üzə çıxarmaq, xeyir işlərə istiqamətləndirmək üçün diktə etmək yox, şərait yaratmaq lazımdır. Həyat mənə bunları öyrətdi. Mən indi dərk edirəm ki, xoşbəxtlik insanın azadlığında, asılı olmamasındadır. İndi mən azadam və heç kimdən asılı deyiləm. Xoşbəxtlik elə budur. Bir də saf olmasam, daha xoşbəxt olaram. Çünki insanı yıxan səbəblərdən biri də saflıqdır. Aldanırsan, inanırsan, ürəyində izi qalan yaralar alırsan. Amma bunlara baxmayaraq, insanlara çox tez inanıram. Hamını öz qəlbim kimi bilirəm. İnanın bəzən pislik gördüyüm insana dəfələrlə şans verib inanmışam ki, bəlkə bu dəfə düzələr. Bu xarakter məndə heç vaxt dəyişməyəcək. Əslində heç dəyişməsini də istəmirəm. Çünki xarakterim necədirsə, simama çöküb. Kimisə tanımaq üçün  onun üz cizgilərinə baxmaq kifayətdir deyə, düşünürəm. İnsanlar onlara pozitiv enerji verdiyimi, xoş aura bəxş etdiyimi deyirlər. Buna görə də bəzən yaxın dostlarıma deyirəm ki, xarakterimin dəyişməsindən qorxuram ki, üz cizgilərim də dəyişər. Mən ətrafımdakılara gülümsəməyi, yardımlaşmağı, sevməyi, öyrətməyi, ən əsası bir-birinə hörmət etməyi aşılamağa çalışıram.  Yəni deməyim odur ki, Güney Yaz dünən də belə idi, bu gün də belədir, sabah da belə qalacaq.


- Son zamanlar media cameəsi sizi yeni işiniz və hazırlanan yeni saytınızla bağlı daha çox müakirə edir. Saytınız haqqında danışaq.

- Müzakirələr varsa, düşünürəm ki, bu yaxşıdır. Bilirsiniz ki, illərdir bu sahədəyəm. Amma 6 aydır ki, Moderator.az saytı ilə əməkdaşlığa son vermişik. İş elə gətirdi ki, yeni sayt açmaq qərarına gəldim. Bunu fikirlərinə hörmətlə yanaşdığım bir neçə şəxslə məsləhətləşdim. Mənə güvəndiklərini və bu işi bacaracağıma inandırdılar. Və TürkMedia.az saytının domenini fevral ayından aldıq, sayt yığıldı. Sadəcə, bu işin məsulliyətinin çox olduğunu düşünüb, digər işlərimi və imtahanlarımı yoluna qoyub, daha rahat işə başlamağa qərar verdim. Çox şükür, TürkMedia.az iyulun 1-dən fəaliyyətə başlayıb.


TürkMedia.az saytında oxucular Azərbaycanın, eyni zamanda digər türk dövlətlərinin ictimai, siyasi xəbərlərini oxuyacaqlar. Biz türkdilli xalqların və dövlətlər arasındakı əlaqələrə dair xəbərləri  çatdıracağıq. Həmçinin, müxtəlif ölkələrdə yaşayan ziyalılar, iş adamları, diaspor və lobbi təşkilatlarının işi ilə bağlı geniş müsahibələr dərc edəcəyik. Mən çox sevinirəm ki, TürkMedia.az xəbər portalının təsisçici və baş redaktoru olaraq  tarixi hadisələri və Türk dünyasındakı uğurları oxuculara təqdim edəcəm.


- Azərbaycanda çoxlu xəbər saytları var. Bu cür rəqabət mühitində baş redaktorluq sizcə çətin olacaqmı?

- Bəli, maşallah olsun saytlar çoxdur. Çoxu da dostlarımızdır. Təki işlərində daim uğurlar əldə etsinlər. Mən yalnız buna sevinərəm. Əslində rəqabət gözəl şeydir. Amma düzgün rəqabət. Bunu isə hər adam bacarmır. Çoxları rəqabət etmək əvəzinə qarayaxmalarla insanlara pislik edirlər. Amma bu insanlıq deyil. Siz bildiyiniz kimi, TürkMedia.az saytı Türk dünyasını əlaqələndirən bir saytdır.Azərbaycanda isə mən bilən hazırda bu sahədə təkcə MediaTürk internet televiziyası və onun saytıdır. Görün, nə gözəl təsadüfdür, MediaTürk və TürkMedia.az demək olar, eyni vaxtda yarandı. Bu arada yeni yaranan MediaTürk-ün bütün kollektivini, başda Elşad Eyvazlı olmaqla Aqil Camal, Namidə Bingöl, Aida Eyvazlı və digər həmkarlarımı təbrik edirəm. MediaTürk-də elə bir dəyərli insanlar işləyir ki, onların jurnalistikadakı iş təcrübəsi bəlkə də mənim yaşıma bərabərdir. Ona görə də mən burada rəqabət görmürəm. Onlar mənim ancaq müəllimim ola bilər. Mən bununla nə özümü, nə də işimi kiçildirəm. Sadəcə, reallığı həmişə etiraf etməyi bacarmışam. Zamanla mən də bu işin peşəkarı, müəllimi olacam.


- Günel xanım, ümumiyyətlə, bu gün Azərbaycan jurnalistikasının durumu sizin baxışınızda necədir?

- Həqiqətən də çox istedadlı gənc jurnalistlər var. Sadəcə, hər sahədə olduğu kimi, gərək burda da bəxtin gətirə. Sənin istedadını kimsə görə və səni qabağa çəkə. Gəlin etiraf edək ki, indi gəncləri çox sıxırlar. Hansısa gəncin peşəkarlığını sinirə bilməyənlər var. Məncə, bizə türkiyəli jurnalistlərin təlimi çox gərəklidir. İstər televizya sahəsində, istərsə də elektron media, qəzetçilik sahəsində Türkiyənin dəstəyinə çox ehtiyacımız var. Çox şükür, artıq bu problemin çözülməsi üçün Türkiyə ilə Azərbaycan arasında mühüm saziş imzalandı. Artıq qardaş ölkələrin ortaq media platforması olacaq. Mən öz həmkarlarımızın əziyyətini heç vaxt yerə vurmaram, amma operativlik baxımından İkinci Qarabağ savaşında Türk mediyasından çox geridə qalırdıq. Bu mövzu dəfələrlə müzakirə olunub. Əsas odur ki, nəticəsi olsun. Mən bəzi həmkarların fəaliyyətini izləyirəm. Artıq Türkiyədəki media qurumları ilə görüşlərin keçirildiyini görürəm. Yəqin ki, onlar da eyni mənim kimi düşünüb, buna ehtiyacımızın olduğunu anlayıblar. Bu görüşlərin keçirilməsinə çox sevinirəm. Çünki gələcəkdə biz də bunlardan yararlacağıq.


- Mediadan 6 aydır ki, uzaqsınız. Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın köməkçisisiniz. Bu işə dəvət olunmağınız necə baş verdi?


- Hulusi bəylə media sahəsindən tanışıq. Moderator.az saytında işlədiyim zaman dostumuz Elnur Eltürkün Hulusi Kılıçla müsahibəsini oxumuşdum. Mənim üçün Hulusi bəy əlçatmaz bir insan təsəvvürü yaradırdı. Elnur Eltürklə söhbətimizdə o Hulusi bəyin çox sadə və  səmimi insan olduğunu, Azərbaycanı isə hədsiz çox sevdiyini bildirdi. Hətta Elnur mənə istəsəm Hulusi Kılıçla danışıb, müsahibə götürə biləcəyimi də dedi. Bir neçə dəfə Hulusi bəydən açıqlama və müsahibə götürdüm, tədbirlərdə əyani tanıdım və tanıdıqca onun Azərbaycan sevgisinə daha da heyran qaldım. Türkiyəyə səfərlərimiz zamanı da bu insanın Azərbaycan və Türkiyə üçün nə qədər böyük işlər gördüyünün bir daha şahidi oldum.

2019-cu ildən sabiq səfirlə birlikdə çalışırıq. Vətən müharibəsindən sonra isə Hulusi bəy tərəfindən belə bir təklif gəldi. Azərbaycandakı işlərini qaydasına salmaq, media ilə əlaqələri möhkəmləndirmək üçün rəsmi şəkildə köməkçi istədiyini bildirdi və bu işi mənə təklif etdi. Beləliklə, bizim əməkaşlığımız daha da möhkəmləndi. Hazırda Hulusi Kılıçın Azərbaycanda danışmanlığını həyata keçirirəm və onun buradakı işlərinin koordinatoruyam.     
Mən hazırda iki universitet oxuyuram və düşünürəm ki, Hulusi Kılıç mənim üçüncü universitetimdir. 


- Öncəliklə, sizə həm bir xanım, həm də həmkar kimi böyük hörmətimiz var. Jurnalistika çətin sahədir, bir qadın üçünsə, xüsusilə daha da çətindir. Sizin yeni işlərinizlə bağlı bəzi dedi-qodular oldu. Bu sizi narahat edir? Cəmiyyətin bu yanaşması ilə necə mübarizə aparırsınız?



- Belə söz-söhbətlərə fikir verməməyə, vaxt ayırmamağa çalışıram. Öndə olan insanın həmişə arxasınca danışırlar. Əhəmiyyət vermirəm.


- Günel xanım, son zamanlar mətbuatda esselərinizi nadirən görürük.  Elə birbaşa soruşacam: niyə yazmırsınız?

- Mən esse yazmağa “525-ci qəzet”də başladım. Bu qəzet mənim üçün çox doğma və əzizdir. Hətta mənim “Yaz” imzasını götürməyimin də səbəbkarı məhz baş redaktorumuz Rəşad Məciddir. Rəşad bəylə tanışlığımız mənim Moderator.az saytında çalışdığım vaxta təsadüf edir. Rəşad Məcidlə tədbirlərin birində söhbətimiz zamanı o mənə “sənin yaxşı qələmin var, nə əcəb yazmırsan” deyə sual verdi. Bundan sonra esselər yazmaq haqqında düşünməyə başladım və yazılarımı da elə Rəşad bəyin təklifi ilə “525-ci qəzet”ə göndərdim. Esselərə bir az ara verən kimi baş redaktorumuzun dediklərini xatırlayırdım. O mənə tez-tez “yaz, Günel, yaz, yaz” deyə stimul verirdi. Elə təxəllüsüm də buradan yarandı.

İndi işlərimin yoğunluğu səbəbindən esselərə bir qədər ara vermişəm. Amma mütləq yenidən bədii yazılara qayıdacağam. Yazmaq istədiyim o qədər çox şey var ki… 


- Kitab çap etdirməyi düşünmüsünüz?

- Hulusi bəyin Azərbaycandakı fəaliyyəti, onun bu ölkə üçün gördüyü işlər və ayrıca 44 günlük Vətən Müharibəsində mediadakı aktiv çıxışları ilə əlaqədar bir neçə kitab hazırlanıb və çap edilib. “44 günlük Vətən müharibəsində Hulusi Kılıç informasiya cəbhəsində” kitabımızı 1000 ədəd çap etdirdik.

Həyatda elə günlər var ki, onlar heç vaxt unudulmaz…

Sayın Böyükelçim Hulusi Kılıç bəylə birlikdə bir yola çıxdıq. Bu yol Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsinin ilk günündən başladı. İkinci Qarabağ Müharibəsi zamanı Böyükelçim media cəbhəsində həqiqətən də çox uğurlu mübarizə apardı. Onlarla televiziya və sayta müsahibə verərək, Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Mən isə bu proseslərin hər birini arxivimdə saxladım. Çünki tarixə tarix yazmaq istəmişdim. Və beləliklə “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” kitabını tərtib etdim. Bu yaxınlarda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay xanım Əfəndiyevanın təşkilatçılığı ilə kitabın möhtəşəm təqdimatı keçirildi. Tədbirə Baş nazirin müavini Əli Əhmədov, Baş nazirin sabiq müavini Elçin Əfəndiyev, millət vəkilləri Nizami Cəfərov, Jalə Əliyevə, Rəşad Mahmudov, yazıçı Anar , Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan və digər türk dövlətlərinin rəsmiləri, ictimai xadimlər iştirak etdi. Keçirdiyim qürur hisslərini söz ilə ifadə edə bilmərəm. Başda Günay xanım Əfəndiyevaya, fondun dəyərli və peşəkar çalışanlarına, Böyükelçimə və tədbirə qatılan bütün qonaqlara təşəkür edirəm.


Bu kitabın satışından əldə edilən böyük bir məbləğ isə “YAŞAT” Fonduna ianə edildi.


Gələcəkdə yeni kitablarımız da çap edilə bilər. Bununla bağlı ideyalarım var.


- Bu sahədən kənarda, başqa hansı layihələriniz var?

- Hazırda “Şəhid övladlarının zəfər sədası” adlı layihə üzərində işləyirik. Layihənin rəhbəri Həcər Ələkbərova, baş koordinatoru isə mənəm. Həcər xanım Qaçaq Nəbinin kötücəsidir. Bizim məqsədimiz şəhid övladlarının ifasının Şuşadan, Cıdır düzündən bütün Azərbaycana və dünyaya yayılmasıdır. Möhtəşəm bir layihə olacağını düşünürəm.

- Son olaraq belə bir sualım var: jurnalistika olmasa, hansı sahəni seçərdiniz?

- Mən özümü biznes sahəsində görürəm. Ən böyük arzularımdan və məqsədlərimdən biridir ki, bir gün mütləq biznes-ledi olacağam. Hansı sahədə biznes qurmaq istədiyimi də deyə bilərəm – restoranlar şəbəkəsi yaratmaq arzum var. Bir gün bunu bacaracağıma inanıram.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı