Modern.az

Orta məktəblər xarici dil öyrədə bilmir - Müəllim və dərslik problemi...

Orta məktəblər xarici dil öyrədə bilmir - Müəllim və dərslik problemi...

16 İyul 2021, 11:56

Azərbaycan təhsilində ən böyük problemlərdən biri şagirdlərin və tələbələrin xarici dil biliyinin zəif olmasıdır. Hazırda orta ümumtəhsil məktəblərində xarici dil kimi ingilis, rus, alman, ərəb, fransız, fars dilləri tədris olunur.

Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin keçilməsi I sinifdən başlanır. Tədrisi I sinifdən başlanan xarici dil uşağın məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir.

Xarici dilin (dillərin) tədrisi üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və maddi-tədris bazanın olması zəruri şərt hesab edilir. Nəzərdə tutulan bir neçə xarici dil tədris olunan məktəbdə övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir. Valideynlərin (digər qanuni nümayəndələrin) seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər. Bu halda bir necə hal nəzərə alınmalıdır. Bu hallar həmin sinfin nəzərdə tutulmuş qayda üzrə 2 qrupa bölünməsi, bu qrupların bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi, məktəbdə həmin xarici dillərin hər biri üzrə ən azı iki nəfər müəllimin olması və s-dir.

Sadalanan xarici dillər 11 il müddətində şagirdlərimizə tədris olunur, amma onlar orta məktəbi həmin dilləri yaxşı mənimsəməmiş şəkildə bitirirlər.

Bunu nəzərə alan bir çox valideyn övladının xarici dilə yaxşı yiyələnməsi üçün onu ya repetitor yanına göndərir, ya da əlavə kursılara yazdırır.

Bəs orta məktəbdən məzun olan yeniyetmələrin xarici dil bilikləri niyə zəif olur?

Problemin əsas səbəbləri nədir, bunun aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?


Təhsil eksperti Kamran Əsədov Modern.az saytına deyib ki, hazırda ölkənin 4447 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır ki, onların xarici dil seçimi zamanı qanunvericiliyik və valideynlərin istəyi əsas götürülür:

“Azərbaycanda xarici dil kimi ilk növbədə ingilis və rus dilləri öyrənilir. Ölkədə 440 min şagird xarici dil kimi rus dilindən istifadə etsə də, 1 milyon 200 minə yaxın şagird ingilis dilinə üstünlük verir. Bundan başqa, bəzi orta ümumtəhsil məktəblərində fransız, alman və ərəb dilləri də tədris olunur.


Orta ümumtəhsil məktəblərində xarici dilin zəif tədrisinin, şagirdlərin dil biliyi və bacarıqlarının aşağı olmasının əsas səbəbi dərsliklərimizin yalnız informasiya xarakteri daşıması, məlumat üslubunda hazırlanmasıdır.

Hazırlıq kurslarında isə vəziyyət tamamilə fərqlidir. Repetitor yanında hazırlıqda və kurslarda şagirdlər tamamilə fərqli kitablardan istifadə edirlər. Məsələn “Murphy”, “Oxford”, “Cambridge” kimi beynəlxalq dillərdə tədris olunan kitablar istifadə olunur. Bizim orta ümumtəhsil məktəblərimizdə tədris olunan kitablar akademik bilik verir. Oxuma, yazma, müəyyən söz bacarığını formalaşdırır. Lakin danışma, informasiyanın öyrədiciliyi aşağı səviyyədədir.


Bu səbəbdən ilk problem dərsliklərlə bağlıdır. İkinci ən böyük problem isə müəllimlərdədir. Xarici dil tədris edən müəllimlərin 32%-i orta ixtisas təhsillidir, yəni bu sahə üzrə ali təhsil almayıb. Yəni ki, şagirdlərin xarici dili zəif bilməsinin əsas səbəblərindən biri müəllimlərin bilik və bacarıqlarının keyfiyyətli olmamasıdır. Onların bilik və bacarıqlarını artırsaq, şagirdlər üçün də faydalı olacaq. 


Bu gün orta əksər ümumtəhsil məktəblərində xarici dil fənninin tədrisi ilə bağlı metodik vəsaitlər, linqvistik aparatura və texnika demək olar ki, yox səviyyəsindədir. Çünki bir çox hallarda xarici dillərin tədrisi zamanı müəyyən dinləyici qurğulardan istifadə olunmalıdır. Lakin bizim orta məktəblərimiz bu avadanlıqlarla təchiz olunmayıb. Bundan başqa, hazırlıq kurslarında və repetitor yanında şagirdlər və abituriyentlər əldə etdikləri bilikləri “Conversation club”larda müzakirə edirlər. Lakin orta məktəblər bu imkanlardan da məhduddurlar. Bu səbəbdən orta ümumtəhsil müəssisələrini bitirən yeniyetmələr dili birmənalı şəkildə zəif mənimsəyirlər”.


Ekspertin sözlərinə görə, xarici dilləri tədris edən müəllimlər mütəmadi olaraq təlimlərə cəlb edilməlidirlər:

“Müəllimlərin müasir resurslardan, avadanlıqlardan istifadə etmə vərdişləri yaranmalıdır. Orta sinif müəllimləri orada dərsliklərlə yanaşı, keyfiyyətli tədrisi həyata keçirmək üçün beynəlxalq kitablardan da istifadə etməlidirlər.
Çünki şagirdlər orta məktəb bilikləri ilə bütün məlumatları əldə edə bilmirlər.

Yaxşı olar ki, beynəlxalq qiymətləndirməyə cəlb edilən imtahan proqramı da orta məktəblərimizin proqramına daxil edilsin. Şagirdlərə təkcə söz deyil, həmin sözlərdən cümlə qurmaq və danışmaq öyrədilsin”.


Laçın rayonu üzrə orta məktəblərdən birinin direktoru, xarici dil müəllimi  Şəbnəm Cəbrayıl isə tamamilə fəqli fikirdədir. Müəllim bildirib ki, orta məktəbi bitirən uşaqlar arasında xarici dilləri yaxşı mənimsəyənlər də var:


“Orta məktəbi bitirən uşaqların  bəziləri xarici dili yaxşı mənimsəyirlər, lakin danışıqları zəif olur. Çünki xarici dili dil daşıyıcısının özündən eşitmək daha yaxşı effekt verir.

Uşaqlar artıq əvvəlki illərdəki kimi deyil. Dərsliklər tamamilə dəyişdirildiyi üçün hər bir mövzunu mənimsəyə bilirlər. Dil öyrənmək həm də bir növ istedaddır. Əsasən uşaqların özündən və müəllimin öyrətmə qabiliyyətindən asılıdır. Həm təhsil alan, həm də təhsil verənin keyfiyyəti burada rol oynayır.

Hazırda dərsliklər daha yaxşı səviyyəyə gətirilib.

Ən böyük problem Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan prosesini dərsliklərlə uyğunlaşdırmamasıdır. Bu səbəbdən şagirdlər imtahan zamanı çətinlik çəkirlər, məktəbdə tədris olunan mövzular imtahana salınmır”.



Mehri Qurban

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?