Modern.az

Abel Məhərrəmov: “Prezident özü istəməsə də biz təkid edəcəyik ki, o, öz namizədliyini versin” - MÜSAHİBƏ

Abel Məhərrəmov: “Prezident özü istəməsə də biz təkid edəcəyik ki, o, öz namizədliyini versin” - MÜSAHİBƏ

Müsahibə

16 Oktyabr 2012, 10:23


Modern.
az saytı Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovla müsahibənin 2-ci hissəsini təqdim edir. Qeyd edək ki, A.Məhərrəmov "Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoyun da çoxdan bəri müsahibə üçün müraciət etdiyini nəzərə alıb, hər iki media orqanının - Modern.az-ın və "Yeni Müsvat"ın əməkdaşı ilə eyni zamanda görüşüb, suallaımızı cavablandırıb.

(Əvvəli ötən gün Modern.az-da dərc olunub)

- Abel müəllim, 93 yaşlı universitet tarixinin müəyyən hissəsi sizin rektorluğunuzla bağlıdır. Ölkədə Təhsil Nazirliyinə gedən yolun bir qayda olaraq BDU rektorluğundan keçdiyini nəzərə alsaq, hesab etmirsiniz ki, artıq rektorluqla vidalaşmaq zamanıdır?

- Hər vəzifənin həm məsuliyyəti var, həm də şərəfi var. Vəzifədə olan insan həm hüququnu, həm də vəzifəsini bilməlidir. Bəzən o postu tutanlar hüquq və vəzifəsinin bərabərliyini gözləyə bilmir. Çətin vəzifələr çoxdur, onlardan biri də rektorluq vəzifəsidir. Rektorluq sahəsi elədir ki, sən elmin müəyyən sahələrini öyrənməlisən. Əgər bilmirsənsə, çalışıb öyrənməlisən. Çünki çox ciddi qərarlar qəbul edəndə bu sahəni hökmən yaxşı bilməlisən. Deyək ki, mən kimyaçıyam, hüquqşünaslarla danışarkən əgər hüququn bütün tərəflərini bilməsəm, heç vaxt onların qarşısında yaxşı çıxış edə bilmərəm. Yaxud da riyaziyyatla bağlı məsələlər həll olunanda heç olmasa işin içinə girməliyəm, bunun üçün riyazi təsəvvürüm olmalıdır.  BDU Azərbaycanın klassik universiteti olduğuna görə burada problemlər çoxşaxəlidr. Təbiət elmləri var, fundamental elmlər var. Çalışıram ki, vəzifəmin məsuliyyətini daha dərindən başa düşüm. Planlaşdırdığım məsələləri yerinə yetirim, ancaq hara gedim, hansı vəzifəyə gedim - bu barədə heç vaxt düşünməmişəm. Çünki universitetdə  planlaşdırdığım işlər olduqca çoxdur.

- Deyək ki, günün birində zəng gəlir ki, siz filan vəzifəyə təyin olunursunuz. Belə olan halda varisiniz varmı?

- Əvvəlcədən demişəm ki, bir ziyalı olaraq ölkə rəhbərliyi hara lazım bilsə və o cümlədən də hətta ön cəbhəyə belə desə, gedə bilərəm. Buna sağlamlığım da əl verir. Həm də mayoram. Vətənə harada lazımdırsa, gedib kömək etmək lazımdır. Yaxşı yer arzulamaq lazım deyil, pis yerə əl qatıb kömək etmək lazımdır.  Bu gün Azərbaycan indiki kimi heç vaxt şanslı olmayıb. Bu günlərdə ölkəmizdə Humanitar Forum keçirdi, Nobel mükafatçıları Bakıya gəldi, universitetimizdə çıxış etdilər, laboratoriyalara baxdılar. Onlara təəccüblü gəldi ki, müharibə şəraitində olan dövlətdə belə inkişaf var. Yəni bu işləri genişləndirmək, həyata keçirmək lazımdır. Universitetdə elə mühit yaratmışıq ki, rektor vəzifəsini icra edən adamlar da formalaşıb. Çünki mənim ətrafımda prorektorlar, dekanlar var. Vəzifə ömürlük deyil. Vəzifə də insan kimi tarixi kateqoriyadır, bir gün gəldiyi kimi bir gün də gedəcək. Bu, təbiidir. Gərək insan onu yetişdirsin. Həmişə dekanlara da, kafedra müdirlərinə demişəm ki, prorektor, dekan postuna hökmən yaxşı kadrları qabağa çəkin. Bu isə o deməkdir ki, elmi məktəblər yaratmaq, dünyagörüşlü insanlar formalaşdırmaq çox vacibdir. Əgər universitetin səviyyəsinin necə olmağını bilmək istəyirsənsə, bir sual verib onunla da bilərsən ki, burada vəziyyət necədir. O sual da ondan ibarətdir ki, sizdə hansı elmi məktəblər güclüdür. Bu gün bizə qonaqlar gələndə utanmırıq, bir neçə sahəni göstərir və sübut da edirik. Son zamanlar nanotexnologiya sahəsində çox qabağa getmişik. Halbuki dünya bu sahədə ləngər vurur. Kristalloqrafiya sahəsində də çox qabağa getmişik. Xudu Məmmədov dünyasını dəyişəndən sonra bu elmi məktəb Azərbaycanda öldü. Cihazlar dağıldı, hamısı yox oldu, bir adam tapa bilmədik bu kristalloqrafiyanı formalaşdırsın ki, bu, nə deyən sözdür. Bu elm sahəsi kimya, biologiya, fizika, geologiya arasında körpü yaradır. Kristalloqrafiya təbiət və innovasion elmi fəaliyyət üçün bir körpü idi. Bu körpü Azərbaycanda yox idi. Gedirdik aylarla Rusiyada qalıb xahiş edirdik ki, bu balaca körpünü düzəldək, biz də baxaq. Amma indi 22 gənc elmi işçimiz bu sahədə hazırlanır, hətta ruslar da gəlib bizimlə maraqlanır. Mən haradasa 40-dan çox elmlər namizədləri, elmlər doktorları yetişdirmişəm. Son vaxtlar cavan-cavan elmlər doktorları elmə gəlib. Nanotexnologiya laboratoriyasında Flora Hacıyeva adlı elmi işçi var. Öz elmi işlərinə görə MDB ölkələri arasında, gənc alimlər arasında nanotexnologiya üzrə birinci yerə çıxıb. Sən bildiyini başqasına öyrətməlisən ki, qabağa gedə biləsən. Dediyim kimi, haradasa 40-dan çox elmlər namizədi yetişdirmişəm. Hesabat verəndə akademiyada hesabat verirəm. Məsələn, birinin 2-3 məqaləsi çıxır, Abel Məhərrəmovun isə 138-152 məqaləsi çıxır. Deyirəm məndən soruşun, mən o qədər  boş adamam ki, 152 məqalə yazım, onun da 130-140-ı Amerikada, Yaponiyada çıxsın. Bilirsiniz, elmi işçilərə rəhbərlik etmək lazımdır ki, yetişsinlər. Oturub bir məqaləni yazmaq üçün 4-5 gün lazımdır, amma onu etməkdənsə istiqamət vermək lazımdır. Ümumi rəhbərlik etmək lazımdır ki, yetişsinlər. Onu da deyən kimi yazırlar. Deyirəm ki, məqaləni göndərin filan yerə, göndərən kimi də qəbul edirlər. Mən ancaq göstəriş verə bilərəm. Strategiya mən tərəfdəndir. Amma mən oturub onları yazsam, onda universitetin də işi tökülüb qalar. Bəs qalan işlərə kim rəhbərlik edər? Yəni elmi məktəb lazımdır.

- BDU-da hicab qadağası varmı?


- Bizdə belə qadağa yoxdur. Hicabla gələnlər də var. Görürəm ki, onların sırasında çox istedadlı uşaqlar da var. Bizdə elə qadağa yoxdur, sərbəstlikdir. Bunların sayı çox deyil, hər min nəfərə 1-2 nəfər düşür.

- Müsavatçı tələbəniz Tural Abbaslının məsələsini həll etmək mümkün deyildimi ki, məsələ məhkəmə müstəvisinə qədər gedib çıxdı?

- O, imtahanlara gəlmədi. Əlbəttə, onun bərpa məsələsinə baxıla bilər. Amma nədənsə o, bizə yox, məhkəməyə müraciət etdi. Və məsələni belə qoyur ki, bunu niyə çıxarıblar. Onun özünü bir neçə dəfə də qəbul etmişəm. Ancaq əgər müraciət edib bərpa məsələsinə baxılmasını istəyərsə, o halda məsələyə baxıla bilər. Ancaq o, nədənsə məsələni başqa cür qoyur.

- Orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti sizi qane edirmi?

- Təhsilin bütün mərhələləri diqqətdə olmalıdır, çünki bir mərhələsi o birisi ilə bağlıdır. Bizi çox narahat edir ki, orta məktəbdə birinci sinfə gedən şagirdlər bağçada müəyyən hazırlıq kursları keçməlidir. Ona  görə də hər yerdə bağça olmalıdır. 5-6 yaşlı uşaqlar  artıq bağçada məktəbə hazır olmalıdır. Orta məktəb proqramı belədir ki, ilk sinfə gedən şagirdlərdə təhsilin müəyyən elementləri formalaşmalıdır. İkinci məsələ orta məktəblərdə tədris proqramlarının günün tələblərinə uyğun formalaşmasıdır. Tədrisin  metodoloji baxımdan keyfiyyəti tədris prosesində interaktiv lövhələrdən, filmlərdən geniş istifadə edilməsi ilə bağlıdır. Artıq informasiya-kommunikasiya texnologiyaları o qədər inkişaf edib ki, gənclər kitab oxuyarkən onun yadında məlumat az qalır, nəinki canlı görəndə. Müəllimin də dərs auditoriyası elə olmalıdır ki, şagirdlər, tələbələr onu ömür boyu yadında saxlasın. Müəllim auditoriyada bir növ aktyor kimi çıxış edir, o, səhnədədir. O, səhnə elementlərini elə icra etməlidir ki, ömrü boyu şagirdin yadında qalsın, auditoriyanı ələ ala bilsin. Əfsuslar olsun ki, orta məktəblərdə şagirdlər aşağı siniflərdə məktəblə çox sıx bağlı olur, yuxarı siniflərə gəldikdə isə valideynlər övladlarını ali məktəbə qəbul olunması üçün test üsulu ilə hazırlaşdırırlar. Mən həmişə düşünmüşəm ki, istər BDU-da, istərsə də orta məktəblərdə şagirdi yoxlamağın ən yaxşı yolu müəllim-tələbə dialoqudur. Bu, o demək deyil ki, müəllim ancaq tələbənin biliyini ortaya qoyur. Dialoq prosesi bir çox mərhələli, mexanizmi olan prosesdir. Bu proses elədir ki, ola bilər imtahan zamanı tələbə həmin sualı bilməsin, amma bu zaman tələbə həmin prosesi daha dərindən öyrənməyə başlayır. Bu zaman müəllim həm onun biliyini yoxlayır, həm də ona yönəldici istiqamət verir ki, sən biliyini daha da dərinləşdirməlisən. Bu imtahan prosesinin başqa vəzifələri də var. Tələbə fikirləşir ki, müəllim bu sualı niyə verdi, mən bunu niyə daha dərindən oxumadım, bunu dərindən oxusaydım, müəllimə cavab verə bilərdim. Növbəti dəfə o, bu mexanizmi özü üçün mənimsəyir və gələcək imtahanlar üçün bu prosesləri daha dərindən öyrənməyə başlayır. Yəni dialoqla olan imtahanı mən daha üstün sayıram. Əlbəttə, sonrakı yerlərdə yazılı imtahan və test imtahanı durur. Azərbaycanda yaranmış vəziyyət belədir ki, hələlik qəbul zamanı test imtahanlarına üstünlük verilir. Yenə də deyirəm ki, ən səmərəli yol dialoqla olan imtahandır. Sovetlər məkanında bundan daha çox istifadə olunurdu və indi də bir çox ölkələrdə bu üsuldan istifadə olunur. Bunun da təşkil olunması çox çətin işdir. Bizim universitetin tələbələri yazılı imtahanlardan daha çox istifadə edir. Bunun da bir üstünlüyü var ki, ola bilər tələbə şifahi nitqində müəyyən tələbləri gözləməsin. Yazılı imtahan isə tələb edir ki, tələbə, şagird cümləni mütləq düşünərək qursun. Çünki şifahi nitq belədir ki, cümlənin əvvəli ilə axırı ola bilər düz gəlməsin. Ancaq yazılı imtahan zamanı tələbənin elmi düşüncəsi olsun ki, o, cümləni qura, fikrini çatdıra bilsin. Avropa ölkələrində yazılı imtahanlara daha çox fikir verirlər. Yəni gələcəkdə tələbələrin elmi məqalələr yazmasına, elmi təfəkkürünün formalaşmasına yazılı imtahanların köməyi çox olur. Orta məktəb şagirdinin təhsil metodologiyası elə qurulub ki, yuxarı siniflərə qədər bir növ hamısı dialoq meyllidir. Ancaq tələbələr universitetlərə qəbul olan zaman hökmən bu prosesdən kənarlaşdırılır və qaçırlar ki, test üsulu ilə bilik əldə etsinlər, imtahan zamanı yüksək bal ala bilsinlər. Bu, uzun müddət Azərbaycan təhsilində olan problemlərdən biridir.

- 2013-cü il prezident seçkilərində YAP-ın namizədinin kim olacağı da günün əsas suallarındandır. Sizdə bununla bağlı məlumatlar nədən ibarətdir?


- Bayaq dedim, indi də deyirəm ki, Azərbaycan indiki kimi heç vaxt şanslı olmayıb. Xalq-prezident münasibətləri heç vaxt belə səmimi olmayıb. Beynəlxalq Humanitar Forumda eks-prezidentlərdən biri çıxışında dedi biz Azərbaycanı belə görür və belə qərara gəlirik ki, Azərbaycanı dünyanın humanitar mərkəzi elan edək. Bu, o deməkdir ki, Azərbaycanda cəmiyyət demokratik prinsiplərlə yaşayır. Çatışmazlıqlar var, bütün ölkələrdə olduğu kimi. Bu uğurların hamısı Heydər Əliyev siyasətinin, ölkə prezidentinin uğurlarıdır. Buna görə də hətta prezident özü istəməsə də biz təkid edəcəyik ki, o, öz namizədliyini versin və hamımız yekdilliklə onun namizədliyini irəli sürəcəyik.

- Hesab etmirsiniz ki, bu gün Azərbaycanda diplom almağa meyl daha çoxdur, nəinki yaxşı vətəndaş, mütəxəssis olmağa?

- Ölkədə hər il təqribən 120-130 min abituriyent ali məktəblərə sənəd verir. Onun da 30 mini qəbul olur, təqribən 100 mini qalır.  Bəs bu 100 min nə ilə məşğuldur? 30 min qəbul olduqda 10 ilə bu, 30 000 edir.   Ancaq  100 min  hər il qəbul olmayanda 1 milyon edir.  Ona görə  də hökumətimiz peşə  məktəbləri,  peşə hazırlığı məsələləri ilə bağlı qərarlar verdi. Yəni  hər il 100 min gəncin taleyi haqqında fikirləşmək lazımdır.   Bu  1 milyonun da  intellektual  səviyyəsi inkişaf etməlidir.  İntellektual  səviyyə deyərkən,   heç olmasa, onun  dünyagörüşü olmalıdır.  Bu dəqiqə  ölkə  rəhbərliyini düşündürən hər il yüz minin qıraqda qalmasıdır.   Dünyada iki cür yanaşma var. Hamı çalışır ki, ali təhsillər çox olsun.  Biz ali  təhsillə yanaşı  peşəyönümlü məktəblərin məsələsinə  də baxmalıyıq.  Məcbur deyil ki,  ali təhsilli olsun. Getsin yanğınsöndürən işləsin,   kənd  təsərrüfatında çalışsın.  Hər il yüz minin  taleyi ölkəni daha çox narahat etməlidir və edir də.  Peşə məktəblərinin sayı artırılır. İkinci  bir məsələ odur ki,    hər bir valideynin arzusudur övladının   ali məktəbə   qəbul olunması,  ailənin imicinin qalxmasıdır.  Bu günlərdə də  Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin   sədri ilə danışdım,  rəsmi məktub da hazırlamışam. Burada problem ondan ibarətdir ki,  bizim qızlar  ali məktəbin  birinci kursuna  daxil olan kimi ailə həyatı  qurmaq istiqamətində addım atır.   Bu, ağır  bir dəhşətdir.  Mən ora iki müraciət etmişəm. Birinci müraciət odur ki, ali məktəbə  yüksək balla qəbul olanların 80%-i  qızlardır. Biz adətən görmüşük ki, mexanika, riyaziyyat, fizika fakültələrində 23 oğlan,  iki qız olurdu, amma  indi  hamısı  ya 25 qızdır,  ya da 24 qız,  bir oğlandır.   Bu humanitar fakültələrdə də belədir.  İldə bizi  800 nəfər  fərqlənmə  diplomu ilə bitirir.  800 nəfərin  88  qızdır.  İndi soruşun ki,   biz  universitetdə kimləri  saxlayacağıq.  Kimlər bu işin öhdəsindən gələcək? Bu, məsələnin bir tərəfi. İkinci bir tərəfi ondan ibarətdir ki,  qızlar çox erkən ailə həyatı qurmağa  cəlb olunurlar, bəzən özləri,  bəzən  isə valideynlərinin təsiri ilə.  Mən niyə bu fikrə gəldim?  Bu yaxınlarda filologiya fakÜltəsindən olan  3-cü kurs tələbəsi  gəldi  və dekan dedi ki,  bu tələbənin universitetdən   qovulma təhlükəsi  var. Sənədlərə   də baxanda  gördüm ki, bu  tələbə doğurdan da,  qovulmalıdır. Mən onu danışdırdım, aydın oldu ki,   bu tələbənin  artıq iki uşağı  var    və qayınana, qayınata  ilə birlikdə olur,  həm onlara, həm də uşağa baxır. Biz də digər   tərəfdən bundan tələb edirik ki,  universitetin  tələblərinə əməl edib,  yaxşı oxusun.  Hətta universitetdə ailə qurmayan    tələbə bu yükün altından çətin çıxır.   İndi  bu, kitabı necə oxusun?  Sözüm ondadır ki,  belə olan halda, gənclər  cılızlaşmağa  doğru gedir.  Stressdə olan gəlindən olan uşaqlar da  təbi ki,  tam mənada sağlam ola bilməz.  Ona  görə də mən  komitəyə  müraciət edirəm ki,  tələbələr erkən yaşlarında ailə həyatı qurmasın. Mən diplom verərkən görürəm ki,  qızların hərəsi bir uşaqla diplom almağa gəlir.  Adam həm sevinir,   həm də baxırsan ki, bu işdə  məntiq yoxdur.  Bu problemlərin  sonrakı mərhələsi nədir?  Hər il universitetdən yaşlı  adamlar gedir və biz  onların əvəzinə  qızları  götürürük.  Yenə də bir ildən sonra  uşaq  problemi universitetdə başlayır. Bu zaman universitetdə deformasiyalar  gedir.   İnsanlar bunu görmür,  deyir ki,  uşaq  oldu  və sevinir.  Uşaq necə oldu, hansı  vəziyyətdə oldu, bunun axırı necə olacaq, ana uşağa baxa bilirmi, bu məsələlər qalır bir kənarda. Ana bilmir  uşağa baxsın, ya dərsə qaçsın.   Bu, çox ağır bir söhbətdir.  Oğlanı da  qurtaran kimi əsgər aparırlar.  Mən  onun tərəfindəyəm ki, heç olmasa,  magistr pilləsinə qədər oğlanları əsgər aparmasınlar. Bakalavrı bitirəndən sonra oğlanlar getdi  əsgərliyə, qaldı   qızlar...  Qızların onsuz da sayı çox idi.  Biz  ancaq universitet elmini,  Azərbaycan təhsilini  qızlarla qaldırmaq istəyirik.  İndi qayıdıb  oxumaq istəyənlər də var. Təsəvvür edin ki,  biri əsgər gedib, qayıdıb ki, oxusun.  Bunun da ailə problemi var. İşləmək istəyir ki, ailəsini dolandırsın.   Gələnlərin  də 90 faizi  əyani oxumaq istəmir.  Ona görə də  Ali təhsil qanunu qəbul edərkən  bu məsələlərə  hökmən ciddi fikir verməliyik.

- Türkiyədə dövlət ali təhsil müəssisələrində təhsilhaqqı ləğv edilib. Azərbaycanda da bu, mümkündürmü?

-  Niyə mümkün ola bilmir ki. Mən onun  yenə tərəfindəyəm ki, bir var şəxsi adam pulu ödəyir, bir də var dövlət. Ola bilər ki, bəzi yanaşmalar bəzi adamlarda səhvdir. Hazırda tələbələr bizdə iki cür təhsil alır, dövlət hesabına, yəni adambaşına maliyyələşmə ilə və ödənişli əsaslarla.  Təqribən bunların nisbəti əlli-əlliyədir. Bir az dövlət hesabına oxuyanların sayı çoxdur. Dövlət hesabına təhsil almaq o deməkdir ki, yenə də dövlət hamısını maliyyələşdirəcək.  Elə olmayacaq ki, mən  pul vermirəm,  universitet bunu oxutdurur. Biz onu nə ilə oxutdura bilərik? İndi sual oluna bilər ki,  dövlətmi çox pul verir, yoxsa ödənişli tələbə?  Təsəvvür edin ki, bir dövlət hesabına oxuyan tələbə var, bir də ödənişli oxuyan. Hər ikisi eyni auditoriyada oxuyur, hər ikisinə eyni müəllim dərs deyir, hər ikisinə müəllimin münasibəti də eynidir. Onda bunların xərcləri  niyə ayrı olmalıdır? Xərclər eyni olmalıdır. Eyni laboratoriyadan istifadə olunur. Vaxtilə  mən bu şərtləri  qoydum ki, ola bilməz ki, ödənişli çox olsun, dövlət hesabına oxuyan az və ya əksinə. Onda insanın hüququ pozulur auditoriyada. Deyəcək ki, eyni müəllimə dövlət nə qədər verir mən də o qədər verməliyəm. Hətta o adam bizi məhkəməyə də verər ki, mən çox  pul verirəm, müəllim elə işini atıb mənimlə məşğul olmalıdır. Biz bu bərabərliyi yaratdıq.  Bu, çox böyük diskussiyaya səbəb oldu.
Təqribən 99 faiz  ödənişli tələbə dövlət nə qədər pul verirsə, eyni pul verir. Əgər  dövlət onun ödənişini öz boynuna götürsə,  yəni hamısı  dövlət hesabına olsun, elə olmaz.    Başqa hansı pulla biz onu oxuda bilərik? Oxuda bilmərik axı, onun hüququ pozula bilər.  Hökumət ödəsin, burda da heç bir problem yoxdur.  Cəmiyyətdə bir sağlam düşüncə formalaşar.  Mən düşünürəm ki, Türkiyə modelində, yəni dövlət oxuyanların pulunu ödəyirsə, o halda qəbulun sayı artmalıdır. Ölkədə nə qədər ziyalının, müəllimin sayı çox olarsa, ölkədə gözlənilməyən hadisələr baş verməz. Azərbaycan cəmiyyətində harda ki, müəllim  ailəsidir, ziyalı ailəsidir, orada dava-dala da az olur. Harda görürsən ki,  az oxuyub, belə yerlərdə polisə də müraciət  çox ola bilər. Ona görə də bu gün Azərbaycanda ziyalıların sayını  artırmaq lazımdır. Hətta mən düşünürəm ki, qəbul planın sayını artırmaq lazımdır.  Dünya ilə təhsillilərin sayına görə müqayisə etsək, görərik ki, biz çox arxadayıq.

- Belə fikirlər var ki, Elm haqqında qanun indiki şəkildə qəbul olunarsa, o zaman Elmlər Akademiyasına heç bir ehtiyac qalmayacaq. Bu, doğrudurmu?

- Mən onu deyə bilmərəm. Əksinə, Elmlər Akademiyasının dövlətin inkişaf fondu tərəfindən   maliyyələşməsi son vaxtlar güclənir. Çünki Akademiya arada bir çox böyük deformasiyaya uğradı. Universitetlər nisbətən qorundu, Akademiya isə qoruna bilmədi. Akademiyadan beyin axını gücləndi, ali məktəblərə keçənlərin sayı artdı. Bununla da Akademiya nisbətən zəiflədi.  İndi  dövlət çalışır ki, maliyyələşdirsin, maddi-texniki bazanı gücləndirsin.  Elə institutlar var ki,  yenə də öz gücünü saxlaya bilib, amma əksəriyyəti müəyyən problemlərlə üzləşib.

***

Abel müəllimdən Xalq Cümhuriyyəti yadigarı olan qocaman ali təhsil ocağının qarşısındakı daşın nə vaxt “göyərəcəyini”, Məhəmməd Əmin Rəsulzadəyə nə zaman abidə qoyulacağını da soruşduq. Cavabında bunun üçün yüksək səviyyədə qərarın verilməsinə ehtiyac olduğunu dedi...
Səmimi atmosferdə keçən söhbətdən sonra rektor bizə BDU-dakı yeniliklərlə şəxsən tanış olmaq şansını da verdi. Onun təklifi ilə nanotexnologiya laboratoriyasında olduq, orada qiyməti milyonlarla manatla hesablanan ən müasir avadanlıqlarla, yeniliklərlə, laboratoriyanın uğurları ilə gənc alim Flora Hacıyeva vasitəsilə tanış olmaq imkanı qazandıq. Həmçinin eyni vaxtda 100-dək auditoriyanı izləməyə, imtahan prosesində neqativ halların qarşısını almaq üçün böyük imkanlara malik olan Tədris Elektron Mərkəzində olduq və izləmə prosesinə şahidlik etdik...



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?