Modern.az

Parlamentin iclasında Gülər Əhmədovadan danışıldı - YENİLƏNİB

Parlamentin iclasında Gülər Əhmədovadan danışıldı - YENİLƏNİB

Parlament

16 Oktyabr 2012, 12:26

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.

Modern.az saytı xəbər verir ki, iclasda adı 1 milyonluq rüşvət qalmaqalında keçən sabiq deputat Gülər Əhmədovanın məsələsindən danışılıb.

Millət vəkili Fazil Mustafa çıxış edərək bu məsələdən bəhs edib.

F.Mustafa deyib ki, son günlər cəmiyyətdə belə fikirlər səsləndirilir ki, guya, deputatlara parlamentin iclaslarında Gülər Əhmədovanın videoqalmaqalından danışmamaq barədə tapşırıq verilib. Deputat bu kimi fikirləri əsassız adlandırıb. O, bu məsələdən cəsarətlə danışa biləcəyini vurğulayıb.

F.Mustafa bu məsələyə dair çıxışını davam etdirib. O, bildirib ki, son zamanlar bəzi mətbuat orqanlarında da hansısa  qüvvələr tərəfindən parlamentin bu məsələni müzakirə etmədiyi və deputatların da bu müzakirələrdən yayındığı haqda məlumatlar yayılıb. F.Mustafa qeyd edib ki, bir çoxları sözügedən qalmaqaldan xal qazanmaq istəyirlər. Bu yolverilməzdir.

“Biz heç kimdən qorxmuruq, heç kim də bizim ağzımızı bağlaya bilməz. Həmin videoqalmaqalla bağlı öz münasibətimizi mətbuatda bildirmişik. Hazırda istintaq getdiyi üçün biz bu məsələni Milli Məclisdə qaldırmağı düzgün hesab etmirik”.

F.Mustafa bildirib ki, bir deputatın məsuliyyəti bütün millət vəkillərinin üzərinə qoyula bilməz.

“Bu yalnışdır. Məsələn “Azadlıq” qəzetinin keçmiş direktoru Azər Əhmədovun nalayiq hərəkətindən sonra qəzet öz fəaliyyətini dayandırdı? Bir nəfərə görə, hamını qaralamaq düzgün deyil”.

Qeyd edək ki, 34 saylı Xətai 2-ci seçki dairəsindən deputat seçilmiş G.Əhmədova məlum videoqalmaqalı ilə bağlı mandatdan imtina etməsi üçün Milli Məclisə müraciət etmişdi. MSK onun müraciətinə baxaraq deputatı mandatdan məhrum edib.
Respublika Prokurorluğu deputat Gülər Əhmədova ilə bağlı yayılmış videoqalmaqal barədə rəsmi açıqlamasında bildirib ki, audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü