Modern.az

Tanınmışlar medianın işinə belə qiymət verdilər...

Tanınmışlar medianın işinə belə qiymət verdilər...

Media

22 İyul 2021, 21:28

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 146 il ötür. Milli mətbuatımız geridə qalan illər ərzində enişli-yoxuşlu yollar keçərək, bu günümüzə qədər gəlib çıxmağı bacarıb.

 

Həsən bəy Zərdabidən miras qalan mediamız öz missiyasını necə yerinə yetirir? Qələm sahibləri "Əkinçi"nin yolunu davam etdirə bilirlərmi?

 

Modern.az bu suallara cavab tapmaq üçün ölkənin müxtəlif sferalarında təmsil olunan tanınmış şəxslərə müraciət edib.

 

“Jurnalistin ən böyük dəyəri qələminin paklığıdır”

 

Xalq artisti Nurəddin Mehdixanlı 22 İyul münasibətilə bütün jurnalistləri, bu sahədə ömrünü, həyatını, hətta sağlamlığını qurban verərək, Azərbaycanın Milli Mətbuatını yaşadanları təbrik etdiyini söyləyib:

 

“Onlara cansağlığı arzu edirəm. Həmişə qələmləri haqqa, ədalətə, düzlüyə çalışsın. Həmişə qələmin paklığını, sözün müqəddəsliyini qoruyub saxlasınlar. Çünki bir jurnalistin, qələm sahibinin ən böyük dəyəri onun qələminin paklığından, sözünün qüdrətindən ibarətdir. Azərbaycanda bu gün bu peşənin müqəddəsliyi ilə yaşayan kifayət qədər qələm sahibi var. Onların hər birinə uğurlar arzu edirəm.

 

Azərbaycanın Milli Mətbuatı asan yaranmayıb, çox basqılardan keçib. Azərbaycanın böyük ziyalıları bu yolda canlarını belə fəda etməyə hazır dayandılar ki, Milli Mətbuatımız formalaşdı. Həsən bəy Zərdabi ilə başlayan bu şərəfli yol indi uğurla davam edir. Azərbaycan mətbuatı dünya miqyasında önəmli yer tutur. Biz müqəddəs qələm sahiblərini həmişə hər yerdə - haqqın, ədalətin, millətin, dövlətin, bayrağın, əsgərin yanında gördük. Ona görə hesab edirəm ki, Azərbaycan Milli mətbuatı bundan sonra daha da güclənəcək”.

 

“Media qələbəmizdə mühüm rol oynadı”

 

Politoloq Qabil Hüseynli Həsən bəy Zərdabinin 1875-ci ildə “Əkinçi” qəzetini təsis edən zaman bir çox çətinliklərlə, problemlərlə qarşılaşdığını xatırladıb. Politoloq vurğulayıb ki, Zərdabi maliyyə problemlərindən tutmuş, senzura çətinliklərinə qədər hər şeyə sinə gərərək, Milli Mətbuatımızın bünövrəsini qoyub:

 

“Bundan sonra “Əkinçi”nin ənənələrini davam etdirən bir sıra qəzetlər ərsəyə gəlib, Azərbaycan Milli Mətbuatının inkişafına öz töhfələrini veriblər. Bu gün jurnalistlər müasir maddi-texniki bazaya malik olan qəzet və saytlarda çalışırlar. Onların böyük əksəriyyəti yüksək intellektual səviyyəyə malikdirlər, gözəl qələmləri var. Xalqımızın qarşısında duran məsələləri böyük məsuliyyətlə dərk edir, problemlərin həlli yollarını göstərməyə çalışırlar. “Dördüncü hakimiyyət” adlanan milli jurnalistikamız bu gün müstəqil Azərbaycanın inkişafına böyük töhfə verir. Azərbaycanda mətbuatın geniş inkişaf etmiş şəbəkəsi mövcuddur. Onlayn media mətbuat sahəsində aparıcı yer tutur. Elektronikanın həyatımıza yerləşməsi sayəsində medianın da elektron versiyalarının aktivləşməsi sürətlənir. Media nümayəndələri ciddi şəkildə maariflənir, Azərbaycanın müstəqil dövlət quruculuğuna layiq vətəndaşlar kimi formalaşırlar. Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında, müstəqilliyimizin möhkəmlənməsində, müharibədə qələbənin qazanılmasında media öncül rol oynayıb. Azərbaycan cəmiyyətinə gözəl yazıları, intellektual araşdırmaları ilə, problemlərimizi, uğurlarımızı hərtərəfli işıqlandırmaqla cəmiyyətin intellektual inkişafına böyük töhfə verirlər. “Dördüncü hakimiyyət” missiyasını da uğurla həyata keçirirlər”.

 

“Bu gün jurnalistika dövlətçiliyimizin dayağıdır” 

 

Xalq şairi Nəriman Həsənzadə isə mətbuat sahəsində çalışdığı illəri xatırlayaraq, jurnalistikanın onun üçün doğma sahə olduğunu qeyd edib:

 

“Bütün jurnalistləri təbrik edirəm. Mən “Ədəbiyyat” qəzetində 15 ilə yaxın baş redaktor olmuşam, “Azərbaycan” jurnalında 10 ilə yaxın işləmişəm, “Gənclər” qəzetinin də əməkdaşı idim. Mən də jurnalistlərin içərisindən çıxmışam. Jurnalistikanı və jurnalistləri yüksək qiymətləndirirəm. Kaş onları cəmiyyət qiymətləndirsin. Jurnalistlər cəmiyyətin fikir daşıyıcısıdır, daim axtarışdadırlar. İtirirlər də, qazanırlar da. Düzlük axtarırlar, təmizlik axtarırlar, həqiqət axtarırlar. Çətin peşədir. Mən düşünürəm ki, jurnalistika dövlətimizin, müstəqilliyimizin arxa-dayağı və gələcəyidir.

 

İstəyərdim ki, mətbuatda həmişə düzgün yazılar dərc olunsun. Biz 44 günlük müharibədə qələbə qazanmışıq. Bu böyük uğurdur. Ölkə başçısı hamını qabaqladı. Mətbuata da yüksək qiymətini bildirdi. Özü müsahibələr verdi, şəxsən çıxış etdi. Böhtan atanlara da, dəstək olanlara da cavab verdi. Jurnalistika dövlətçiliyimizin dayağı, köməyidir, prezidentimizin arxasıdır, onun gördüyü işlərin ən böyük təbliğatçısıdır. Jurnalistikanın üstünlüyü çoxdur.

 

Jurnalist olmaq fədakar olmaqdır. Yaşlı, cavan olmağından asılı olmayaraq, bütün jurnalistlərə xüsusi hörmətim var. Mən onlara bu çətin yolda uğurlar diləyirəm və qələm sahiblərindən çox şey gözləyirəm”. 

 

“Ona-buna yarınan, “raketçilik”lə məşğul olanlar da var”

 

Sosioloq Əhməd Qəşəmoğlu da Azərbaycan mətbuatının hazırkı durumunu müsbət qiymətləndirib:

 

“Azərbaycan jurnalistlərinin ölkəmizin tərəqqisi yolunda xidmətləri var. İndi elə bir dövrdür ki, yer üzündəki bütün proseslər mürəkkəbləşib. Azərbaycanın özündə də tarixi, mürəkkəb dövrdür. Bəziləri deyir ki, bütün xəbərləri axtarıb, tapıb, yaymaqla onların fəaliyyəti bitir. Bu isə bəzən problemlər yaradır. Amma bu məlumat ölkənin inkişafına nə qədər müsbət təsir edəcək, belə prinsiplə yanaşmaq daha arzuolunandır.

 

Müxtəlif baxışlar var. Bəzən təbliğ edirlər ki, jurnalist bütün istiqamətlərdə xəbəri operativ şəkildə almalı və anında yaymalıdır. Amma həssas vəziyyətdə yaşayan ölkə düşməni də nəzərə almalıdır. Yayılan xəbər düşmənin işinə daha çox yaraya bilər, nəinki bizim. Hər sahədə çatışmazlıqlar ola bilər. Jurnalistikada isə ona-buna yarınan, “raketçilik”lə məşğul olan jurnalistlər də var. Amma şükür ki, əsas aparıcı media daha obyektiv və ədalətlidir. 44 günlük Vətən Müharibəsində jurnalistlərimiz ordumuzla çiyin-çiyinə informasiya müharibəsində mübarizə apardı. Bu yüksək qiymətləndirilməlidir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır