Modern.az

Azərbaycanda test üsulunun baniləri: “Testin ləğvini cəmiyyətə qəbul etdirə bilməzlər"

Azərbaycanda test üsulunun baniləri: “Testin ləğvini cəmiyyətə qəbul etdirə bilməzlər"

Ölkə

17 Oktyabr 2012, 10:22


Milli Məclisin payız sessiyasının müzakirəsinə “Ali təhsil haqqında” Qanun layihəsi də çıxarılmalıdır. Sənədin bir sıra müddəaları indidən ciddi ajiotaj doğurub. Belə ki, yeniliklər arasında qəbul imtahanlarındakı test üsulunun ləğvi, yaxud yarıtest üsulunun tətbiqi təklif olunur.

Modern.az-ın məlumatına görə, yeni qanunda ali təhsil müəssisələrinə daxil olmaq üçün hazırda istifadə olunan və cəmiyyət tərəfindən birmənalı şəkildə müdafiə edilən test imtahanlarının məzmunu dəyişdiriləcək. Layihəyə əsasən, universitetə daxil olmaq istəyənlər müəllimlərlə dialoq şəklində (müsabiqə) sualları cavablandırmalı olacaqlar. Eyni zamanda yazılı formada da imtahan götürülməsi nəzərdə tutulur. Bütün bunlar isə əslində testdən imtina mənasını daşıyır.

“Ali təhsil haqqında” Qanun layihəsi ətrafında fikirlər indidən haçalanıb. Elə fikir ayrılığı səbəbindən qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması sual altındadır. Sənədin bu şəkildə cəmiyyət tərəfindən etirazla qarşılanacağı layihə təşəbbüsçülərini ehtiyatlandırır.

TQDK-nın ilk sədri Vurğun Əyyub yeni qanunu şərh edərkən Modern.az-a bildirib ki, bu məsələ layihə şəklindədir, onun haqqında qəti fikir söyləmək çətindir. Test üsulu ilə imtahanın qurucularından olan V. Əyyub inanmır ki, belə bir layihə qəbul edilsin:

“Layihədə hər cür ideya səslənə bilər. Amma bunun qəbul olunmasına inanmıram. Çünki testin ləğvini əsaslandırmaq və cəmiyyətə qəbul etdirmək mümkün deyil. Onun əvəzinə təklif etdikləri ideyalar, bu gün heç cür özünü doğrultmayacaq. Və söhbət burada yalnız tələbə qəbulunda rüşvətin tüğyan edəcəyindən getmir. Test sisteminin bir çox üstünlüklərini əvəz edə bilməmək var: seçimdə demokratizm, obyektivlik, ən savadlı abituriyentin təhsildən kənarda qalmaması, vaxt itkisinin qarşısının alınması, vətəndaşın daha az əziyyət çəkməsi və s. Sadaladığım bu məsələlərin izahı uzun zaman tələb edir və indiyə qədər qəbul imtahanlarından yazanlar bu prinsipləri nəzərdən qaçırıblar. Halbuki, bunlar test sisteminin hələ ki, əvəz edilə bilməyən prinsipləridir”.

Test üsulunun Azərbaycana gətirilməsində böyük payı olan insanlardan biri də fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqovdur.

“Test üsulu Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında inqilabi dəyişiklik yaratdı”-deyə o, bildirib. Q. İsaqov deyir ki, test üsulunun nə qədər çatışmaz cəhətləri olsa da, sadalanan səbəblərə görə bu üsul əvəzedilməzdir: test üsulu ilə imtahanlara müəllimlərin müdaxiləsi qeyri-mümkündür; nəzəri cəhətdən bu gün test üsulu ilə imtahanların nəticələrinə yalnız TQDK müdaxilə edə bilər; nəzarət güclü olduğu təqdirdə TQDK da imtahanların nəticələrinə təsir edə bilməz; nəzarət zəif olarsa, abituriyentlərin bir qisminin imtahanlarının nəticələrinə müdaxilə etmək mümkündür; güclü nəzarət sistemində test üsulu ilə imtahanlar 100%-ə yaxın ədalətli aparılacaq; zəif nəzarət sistemində imtahanlar 80-85% ədalətli aparılacaq; istənilən neqativ halların mövcudluğu şəraitində və düzgün ixtisas seçimlərində test üsulu ilə qəbul imtahanlarında yüksək bilikli şagirdlərin ali məktəblərə qəbul olmaq şansları 80%-dən yuxarı olacaq. 
Q. İsaqov test üsulu ilə imtahanların ləğv edilməsinin və imtahanların həm müəllimlə dialoq şəklində, həm də yazılı formada aparılmasının, sovet sistemində olduğundan daha artıq geriyə atılmış bir addım olacağını deyib. Onun fikrincə, test üsulunun ləğv edilməsi birmənalı şəkildə neqativ halları yaradacaq: 
“Birincisi, abituriyentlərlə dialoq aparan müəllimlərin hamısı imtahanların nəticələrinə təsir etmək imkanı qazanacaqlar. İkincisi, ali təhsil müəssisələrinin rəhbər vəzifəli şəxslərinin hamısı imtahanların nəticələrinə təsir etmək imkanlarına malik olacaqlar. Üçüncüsü, yüksək biliyi olan, lakin pulu və ya adamı olmayan abituriyentlərin yalnız 3-5%-i ali məktəblərə qəbul oluna biləcəklər.  Dördüncüsü, hüquq, tibb, beynəlxalq münasibətlər, dövlət idarəetmə ixtisaslarına ən yüksək biliyi olan, lakin “rəsmi arxası” olmayan abituriyentlərin biri də qəbul olunmayacaq”. 

Q. İsaqov sadaladığı səbəblər üzündən test üsulunun ləğvinin, cəmiyyətimizi geriyə sürükləməkdən başqa bir şey olmadığını deyib. “Test üsulu qalmalı, daha da mükəmməlləşdirilməli və test imtahanlarına nəzarət mexanizmləri daha da təkmilləşdirilməlidir. Bundan başqa, test imtahanlarının nəticələri indiki müasir texnikanın imkanları daxilində ən qısa zamanda, yəni bir neçə saat ərzində elan olunmalıdır”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü