Modern.az

Aydın Mirzəzadə: “Siyasi partiyalar özlərinə sponsor tapmalıdırlar”

Aydın Mirzəzadə: “Siyasi partiyalar özlərinə sponsor tapmalıdırlar”

Parlament

17 Oktyabr 2012, 10:46

“Əsas diqqəti dövlətdən alınan yardıma deyil, yeni üzvlərin , üzvlük haqqının toplanmasına cəlb etməlidirlər” 

“Siyasi partiyalara dövlət tərəfindən ayrılan bu vəsait əsas deyil, əlavə gəlir mənbəyidir. Partiyalar özlərinin maliyyə məsələlərini ilk növbədə, üzvlük haqqından və onlara rəğbət bəsləyən şəxslərin ianələrindən formalaşmalıdırlar. Dövlət tərəfindən maliyyə yardımı sadəcə olaraq, əlavə vəsait kimi götürülür. Təəssüf edirəm ki, bəzi partiyalar buna yeganə maliyyə mənbəyi kimi baxır”.

Bu sözləri Modern.az saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə gələn illin dövlət büdcəsində partiyalara ayrılması nəzərdə tutulmuş pulla bağlı danışarkən deyib. Onun sözlərinə görə, məbləğin azlığı ilə bağlı müxalifət partiyalarının etirazlarını bölüşmür.

“Bu gün həmin qanuna görə, hətta bir deputat yeri olan partiya belə, bir il ərzində 100 min manatdan çox  maliyyə yardımı ala biləcək. Bu isə bir aya 10 min manata qədər vəsaitdir. Hesab edirəm ki,  bu,  kifayət qədər böyük puldur. Baxmayaraq ki, YAP-ın 70-dən çox deputatı var, bu gün hakim partiya bir deputat yeri olan partiyadan cəmi 10 dəfə çox maliyyə yardımı ala biləcək”.  

Deputatın sözlərinə görə, əgər hansısa partiyalar bu vəsaitin azlığından narazıdırlarsa, parlamentdə öz  sayını artırmağa çalışmalıdırlar və bu  zaman  onların maliyyə yardımı da çox olacaq.  
“İkinci tərəfdən isə əsas diqqəti dövlətdən alınan yardıma deyil, cəmiyyətdə işin aparılmasına, sponsorların  tapılmasına, yeni  üzvlərin, üzvlük haqqının əsaslı surətdə toplanmasına cəlb etməlidirlər.  Bir sözlə, dövlətdən verilən yardım həm siyasi partiya sisteminin möhkəmlənməsinə,  partiyaların maddi-durumunun yaxşılaşdırılmasına  xidmət edəcək, vəsaitin bölünmə nisbəti isə qanunda nəzərdə tutulduğuna görə bu, artıq müzakirə mövzusu deyil”.

AXCP, Müsavat, ADP  və digər partiyaların dövlət maliyyələşməsindən kənarda qalmaları ilə bağlı itihamları şərh edərkən A.Mirzəzadə deyib ki, o, şəxsən  hansısa bir ölkədə sadəcə qeydiyyatdan keçən partiyaların  dövlət yardımı  mexanizmini bilmir.

“Azərbaycanda maliyyə yardımının verilməsinin çox demokrtik mexanizmi mövcuddur, bu, həm parlamentdə təmsil olunan, həm də  parlamentdən  kənarda qalan, amma minimum 3-5 faiz səs  toplayan  partiyalar  üçün  maliyyə  vəsaitinin  verilməsi deyil. Bu gün Azərbaycanda  3 faiz səs toplayıb,  parlamentə düşməyən partiyalar yoxdur.  Ola bilsin  ki, 2015-2020-ci illərdə olacaq və onlar bu mexanizmə əsasən, pul ala biləcəklər. “Siyasi partiyalar  haqqında” qanunda  maliyyə yardımı ilə bağlı dəyişiklik konkret hansısa partiyalar üçün deyil, ümumilikdə,  partiya sistemi üçün nəzərdə tutulub. Və hansısa  partiyalar  maliyyə yardımının azlığından və alınmasından  narazıdırılarsa,  ilk növbədə özlərinin  fəaliyyətində dəyişiklik etməyə çalışmalıdırlar”.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar