Modern.az

Tolerantlığın "Qərb nümunəsi"

Tolerantlığın "Qərb nümunəsi"

Aktual

17 Oktyabr 2012, 13:28

Qarşısıalınmaz qloballaşma proseslərinin təsiri ilə XXI yüzillikdə bütün dünyada milli identikliyin, mental-mənəvi xüsusiyyətlərin qorunub saxlanılması, kütləvi mədəniyyət stereotiplərindən qaçma meyilləri güclənmişdir. Başqa sözlə, tranzitar proseslərin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini zamanın aktual məsələlərindən birinə çevirmişdir. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində müasir dünyada mənəviyyat problemləri də kəskinləşmişdir.

Belə zərərli meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi fenomen dəyərlərdən olan tolerantlığa da kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlüklə əvəzlənməsinə rəvac verir. Milli özünəməxsusluğu qoruma instinkti və yaxud da bəhanəsi altında son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük, ksenofobiya halları artır. Belə bir şəraitdə bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir.

Ümumilikdə sivil bəşər cəmiyyəti formalaşandan bəri ayrı-ayrı insan cəmiyyətləri həmişə inteqrasiyaya can atmış, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə çalışmışlar. Tarix belə nümunələr yaradaraq bu və ya digər imperiyaya öz hərbi-siyasi və iqtisadi nüfuz dairəsini iki, bəzən də üc qitəyə genişləndirmək imkanı vermiş, üç dünyəvi təkallahlıq dinlərinin meydana gəlməsi qlobal inteqrasiyanın yeni nümunəsini yaratmışdır. İudaizm, xristianlıq, sonra isə İslam gercəkliyin sosiomədəni, siyasi və iqtisadi qavrayışına təsirin hüdudlarını genişləndirərək bu və ya digər dinin nümayəndələrinin məskunlaşdığı məkanlar formalaşdırmışlar. Fərqli məkanlarda formalaşan etnosların sivil dialoqu, qarşılıqlı anlaşması antik dövrlərdən başlayaraq mürəkkəb təkamül və inkişaf mərhələləri keçməklə tolerantlıq düşüncəsi sayəsində mümkün olmuşdur. Milli, irqi, dini, siyasi dözümlülük tədricən bəşəriyyətin zəngin mədəniyyətinin qəbul olunması, dərk edilməsi, insanın öz fərdiliyini, etnosun özünəməxsusluğunu təsdiqləmək forması kimi dəyərləndirilmişdir. Ən müxtəlif baxış bucaqlarını uzlaşdıraraq ortaq məxrəci təmin edən tolerantlıq düşüncəsi həm də söz, fikir, vicdan, etiqad və s. azadlıqların inkişafında, plüralizmə geniş meydan verilməsində həlledici rol oynamışdır.

Tolerantlıq ilk növbədə hər bir fərdin daxili aləmini ifadə edən, insani dəyərlərdən qaynaqlanan və ali mənəvi dəyər kimi özünü göstərən əxlaqi fenomendir; o, həm də fərdin özünüifadə və özünütəsdiq əzmini gerçəkləşdirən mühüm meyardır. Tolerant insan nəyinsə və ya kiminsə xatirinə öz fikir və ideyalarından geri çəkilmir, sadəcə, qarşısındakı şəxsi səbirlə dinləmək, ona dözümlü yanaşmaq mədəniyyəti nümayiş etdirir. Yəni tolerantlıq əsla sosial ədalətsizliyə, haqsızlığa dözümlü yanaşma, yaxud insanların inanclarından imtina etməsi kimi başa düşülməməlidir. Tolerantlıq eyni zamanda öz mədəniyyətindən imtina və ya imtina edilməyə təzyiq göstərilməsi cəhdi də demək deyildir. Müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərə münasibətdə insanın yüksək mədəni səviyyəsi kimi özünü göstərən tolerantlıq həm də onu eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən düşüncə tərzidir. Dözümlülük göstərmədən qarşındakını olduğu kimi qəbul etmək, dünyanın əşrəfi sayılan insana yüksək dəyər vermək mümkün deyildir. Məhz dözümlü yanaşma sayəsində cəmiyyətdə sivil birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır. Dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi başlıca nailiyyətdir. Sivilizasiyaların toqquşması nəzəriyyəsinin banisi S.Hantinqtonun yazdığı kimi, tolerantlıq dəyər normativi olaraq kompromisin legitimliyini və həmçinin sosial və siyasi qruplar arasında mövcud olan fərqlərə və ziddiyyətlərə dözümlülüyü özündə ehtiva edir.

Ayrı-ayrı xalqlar tolerantlığı özlərinin milli-mənəvi dəyərləri, siyasi baxışları çərçivəsində qiymətləndirirlər. Ümumilikdə tolerantlıq mahiyyətcə insanın ali şüur və düşüncə tərzi ilə bağlı fenomenal anlayış kimi səciyyələndirilir. Müasir dünyada tolerantlıq həm də sivilizasiyalararası dialoqun, sülh və barışın, qarşılıqlı anlaşmanın, iqtisadi tərəqqinin, sosial rifahın şərtlərindən biridir.

Dözümlülük - baş verən hadisələrə məmnun olmamaq və eyni zamanda bəyənilməyən hərəkətin qarşısını almaq üçün heç nə etməməkdir. O, eyni zamanda diskriminasiyaya məruz qoymadan hər bir insan üçün bərabər iqtisadi və sosial inkişaf şəraiti yaratmağı diktə edir. Yəni cəmiyyətdə fərqli düşünən insanlara münasibətdə ayrı-seçkilik məyusluğa, ifrat radikalizmə və düşmənçiliyə səbəb ola bilər. Ayrı-ayrı insanların, dini icma və millətlərin bəşər cəmiyyətinin mədəni plüralizmini etiraf etməsi həm də beynəlxalq razılaşmaların maraqları çərçivəsindədir.

Tolerantlıq hər hansı bir düşüncə tərzinin zorla digərinə təlqin olunması demək deyildir. Lakin tarixin müxtəlif mərhələlərində fikir və ideyaları, hətta siyasi baxışları uğrunda həyatından  keçmiş insanlarla bağlı çoxsaylı nümunələr göstərmək olar. Məsələn, sosial, milli, dini dözümsüzlük dövründə yaşamış Mövlana Cəlaləddin Rumi yorulmadan varlığın ən böyük həqiqəti kimi eşqi tərənnüm etmiş, insanları düşmənçiliyə və qarşıdurmaya deyil, barışa və anlaşmaya çağırmışdır. "Eyni dildə danışanlar deyil, eyni duyğunu daşıyanlar bir-birini daha artıq anlayar" söyləyən Cəlaləddin Rumi bəşər övladını daim mehrə, ünsiyyətə, anlaşmaya, sülhə, dostluğa dəvət etmişdir. Müqayisə üçün bildirək ki, təqribən Mövlananın müasiri olan böyük italyan şairi Dante Aligyeri isə "İlahi komediya"sında xaçpərəst olmayanların hamısını cəhənnəmdə, ən yaxşı halda Ərafda yerləşdirmişdi.

Bu gün dözümsüz münasibətilə seçilən bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycan qədim zamanlardan tolerant ölkə kimi tanınmışdır. Tarixçilər göstərir ki, Babil hökmdarı II Novoxodonosorun (e.ə. 586-cı il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olunmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri məhz Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar. Eramızın birinci yüzilliyinin ortalarında isə xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. İslamda tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. Müqəddəs Qurani-Kərimdə bununla bağlı buyurulur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun" surəsi, 6).

Azərbaycanda tarixən azsaylı xalqların yaşadığını, onların öz dilini, mədəniyyətini, dinini qoruyub saxladığını təsdiqləyən mötəbər mənbələrdən biri də şifahi xalq ədəbiyyatımızdır. Xüsusən də epik folklorun ən mükəmməl nümunələri olan dastanlarımızda azərbaycanlıların digər xalqlarla qarşılıqlı hörmət şəraitində yaşadığını göstərən çoxsaylı epizodlar mövcuddur. Təfsilata varmadan bunu "Əsli və Kərəm" dastanı, habelə Hüseyn Cavidin "Şeyx Sənan", Cəfər Cabbarlının "1905-ci ildə", Mirzə Cəlilin "Kamança",  Qurban Səidin "Əli və Nino" əsərləri fonunda aydın görmək mümkündür.

Azərbaycanda tolerantlıq düşüncəsinin inkişafına ölkəmizin mühüm coğrafi-siyasi məkanda yerləşməsi və zəngin karbohidrogen ehtiyatlarına malik olması da həlledici təsirini göstərmişdir. Xüsusən də XIX əsrdə Bakıda sənaye üsulu ilə ilk neft mədənlərinin qazılması Azərbaycana müxtəlif ölkələrdən neft maqnatlarının gəlməsinə stimul yaratmışdır. Nobel qardaşlarının həmin dövrdə Bakıda həyata keçirdiyi mühüm layihələr buna əyani misal göstərilə bilər. Eyni zamanda, XX əsrin əvvəllərində Almaniyadan, Polşadan, Türkiyədən, Rusiyadan, İrandan çoxlu sayda tacirlər, neftçilər, habelə fəhlələr gələrək Bakıda və Azərbaycanın digər bölgələrində çalışmışlar. Beləliklə, ötən əsrin əvvəllərində iqtisadi fəallığın artması, sənayenin inkişafı, orta burjuaziyanın formalaşması və digər obyektiv tarixi proseslərlə əlaqədar Azərbaycanda tolerantlıq mədəniyyəti inkişaf etmişdir. Bədnam qonşularımız ermənilərdən fərqli olaraq, azərbaycanlılar başqa xalqlara daim hörmət və qayğı ilə yanaşmış, onların sıxışdırılmasına, diskriminasiyasına yol verməmişlər. Amma ermənilərin Azərbaycan xalqının tolerantlığından sui-istifadə etməsi faktlarını tarix dönə-dönə təsdiqləmişdir.

 XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana istiqlaliyyətini elan etmək fürsəti yaratmışdır. İstiqlal Bəyannaməsində demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların mülki-siyasi hüquqlarının təmini, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şəraitin yaradılması, ən nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin əksini tapması suveren, demokratik, hüquqi dövlət yaradılması istəyinin, habelə tolerantlığın bariz təcəssümü olmuşdur.

Cümhuriyyətin Rusiyanın hərbi müdaxiləsi ilə süqutundan sonra Azərbaycan 70 il sovet imperiyasının tərkibində yaşamalı olmuşdur. Bu illərdə mərkəzin qondarma vahid sovet xalqı formalaşdırmaq məqsədinə xidmət edən beynəlmiləlçilik ideologiyası digər respublikalarda olduğu kimi, Azərbaycanda da etnik tolerantlığın güclənməsinə təkan vermişdir. Lakin ateizm siyasəti yürüdən imperiya ayrı-ayrı xalqların mental dəyərlərinin, mədəniyyətinin, dininin inkişafına yol verməmiş, milli identikliyə qarşı dözümsüzlük nümayiş etdirmişdir. Həmin illərdə respublikada məscidlər bağlanmış, din xadimləri sıxışdırılmış, islami dəyərlərin yayılmasına qarşı sərt tədbirlər həyata keçirilmişdir. Bununla belə, 70 illik totalitar sovet rejimi xalqın tolerantlıq düşüncəsinə hakim kəsilə, onu öz milli-mənəvi, dini dəyərlərindən, adət-ənənələrindən ayıra bilməmişdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, 70-80-ci illərdə məhz ulu öndər Heydər Əliyevin himayəsi altında onlarca məscid tarixi abidə adı altında qorunub saxlanılmış, əsaslı təmir edilmiş, xalqa qaytarılmışdır.

Bəzi hesabatlarda Azərbaycanda guya insan hüquqlarının pozulduğunu, vicdan azadlığına təhlükənin olduğunu iddia edən Qərb dövlətlərində isə dini dözümsüzlük qabarıq formada özünü göstərir. Norveçdə 77 insanın qətli ilə nəticələnən terror aktı, Danimarkada, ABŞ-da Qurani-Kərimin yandırılması, Hollandiyada Vilders adlı rejissorun islam dini əleyhinə "Fitnə" adlı film çəkməsi, İsveçrədə minarələrin referendumla ləğv olunması, eləcə də hicab qadağaları, müsəlman mühacirlərin diskriminasiyaya məruz qalması, qaraçıların Avropa ölkələrindən qovulması qloballaşma prosesinin lokomotivi kimi çıxış edən Avropa dövlətlərinin özündə milli-etnik və dini tolerantlıqla bağlı ciddi problemlərin mövcudluğunu təsdiqləyir. Özünü Avropanın "demokratiya beşiyi" sayan Almaniya və Fransa kimi dövlətlərdə islamofobiyanın genişlənməsi xüsusilə narahatlıq doğurur. Xüsusən də Ramazan və Qurban bayramları ərəfəsində vəziyyət daha kəskin şəkil alır, müsəlmanlara qarşı zorakılıq halları genişlənir. 2009-cu ildə alman qonşusunun irqçi hərəkətlərinə görə məhkəməyə şikayət edən misirli müsəlman xanım Mərvə Əşşərbi həyat yoldaşı və 3 yaşında qızının gözləri önündə irqçi qonşusundan 18 bıçaq zərbəsi alaraq qətlə yetirilmişdi. Bu zaman xanımına kömək etmək istəyən Əşşərbinin həyat yoldaşını isə polis guya səhvən avtomatla vurub qətlə yetirmişdi.

Təəssüflə vurğulamaq lazımdır ki, hələ də islam əxlaqı, islam həyat tərzi, habelə bütövlükdə islam dininə dözümlü münasibətin qloballaşan dünyada birgəyaşayışın əsas normalarından birinə çevrilməsinə mane olan qüvvələr var. Bir müddət əvvəl Belçikada məscidə hücum edilərək yandırılması, Almaniyada "İslama yox deyək" kimi qondarma plakatların küçələrdə, ictimai yerlərdə yerləşdirilməsi, bir qrup rasistin Almaniyanın Düren şəhərindəki məscidə hücumu, Fransada "Fransa fransızlar üçündür" kimi tələblərin səsləndirilməsi, elə bu ölkənin paytaxtında məscidin imamının ölkədən çıxarılmasına dair çıxışlar, bu günlərdə Myanmada buddistlər tərəfindən minlərlə müsəlmanın öldürülməsi, evlərinin yandırılması, ölkədən qovulması və s. deyilənləri bir daha təsdiqləyir.

Avropa Birliyinin insan hüquqları üzrə komissarı Nils Muiznieksin quruma üzv olan ölkələrdə müsəlmanların vəziyyəti ilə bağlı hazırladığı hesabatda göstərilir ki, Avropa cəmiyyətinə inteqrasiya etmək istəyən müsəlmanlar müxtəlif təzyiqlərə məruz qalırlar.

Avropa Birliyinin Əsas hüquqlar üzrə Agentliyinin sorğusuna görə, son bir ildə Avropada yaşayan hər üç müsəlmandan biri diskriminasiyaya məruz qalıb. Polis, gömrük və sərhəd xidməti orqanlarında diskriminasiyanın daha sərt şəkildə həyata keçirilməsi, təhlükəsizlik qüvvələri tərəfindən şübhəli şəxslər müəyyən edilərkən insanların geyiminə görə saxlanılıb yoxlanılmasına üstünlük verilməsi, bu vəziyyətdən ən çox gənclərin əziyyət çəkməsi və s. sorğuda müəyyən edilmiş və bu da hesabatda öz əksini tapmışdır.

Avropada fəaliyyət göstərən QHT-lərin məlumatları və şikayətlər əsasında tərtib edilən həmin hesabatda xüsusilə vurğulanmışdır ki, Avropada populist sağçı qüvvələr üçün İslam dini əsas müzakirə və təbliğat mövzusuna çevrilmişdir. Belə ki, Almaniya, Danimarka, Norveç və digər ölkələrdə siyasi qüvvələr hakimiyyətə gəlmək üçün müsəlmanlara "hücum" kampaniyasından istifadə ediblər. 11 sentyabr hadisələrindən sonra müsəlmanlar barədə ictimai rəydə terrorçu imici formalaşdırılıb. Almaniyada irqi zəmində törədilən qətllər və Norveçdə Anders Breyvikin törətdiyi qanlı olay sübut etdi ki, ifrat sağçılar heç bir ideologiyası olmayan  terrorçulardan daha təhlükəlidirlər.

Hesabatın müəllifi Nils Muiznieks hesab edir ki, Avropa dövlətlərinin siyasi partiyaları da müsəlmanların hüquqlarını məhdudlaşdıran qanunlara səs veriblər. Məsələn, Fransa, Belçika və İtaliyada ötən il hicaba məhdudiyyət qoyan qanunlar qəbul edilib. Belçikada hətta küçədə hicablı qadın gördükdə polisə məlumat verənlərə mükafat da təyin edilib. Müsəlmanların hüquqlarını məhdudlaşdıran oxşar qanunlar Avstriya, Danimarka, İsveçrə, İspaniya və digər Avropa ölkələrində də mövcuddur. Müsəlmanlar ibadət yerləri tikmək istəyərkən də çox ciddi bürokratik maneələrlə qarşılaşırlar.

ABŞ Dövlət Departamentinin illik hesabatlarında və bununla bağlı H.Klintonun çıxışlarında da açıq etiraf edilir ki, dünyanın bir sıra ölkələrində dini etiqad azadlığı ilə bağlı insan hüquqları nəinki inkişaf etməmiş, hətta geriləmələr baş vermişdir. Məruzədə Çin, Şimali Koreya kimi Asiya dövlətləri ilə yanaşı, Avropa qitəsində də antisemitizm və antimüsəlman əhval-ruhiyyəsinin dözülməz həddə çatması və bu insanların "özgələr" hesab edilməsi xüsusi vurğulanır. 

"Qoca qitə"də Allahın iradəsinin ifadəsi olan milli, irqi, dini müxtəlifliyə, habelə Məhəmməd peyğəmbərə "iyrənc münasibət"in Avropa Birliyinin insan hüquqları üzrə komissarı tərəfindən etiraf edilməsi bütövlükdə insanlığa, dünya ictimaiyyətinə başucalığı gətirmədiyi kimi, nəinki Avropa və Qərb insanına, həm də "şeytan xislətli" bütün insanlara Allahın iradəsi əleyhinə "mübarizə"dən əl çəkməyin zəruriliyini anlatmalıdır.

Bu gün Myanmada baş verənlər dini dözümsüzlüyün orta əsrlər sayağı tipik nümunəsidir. Müsəlmanların diri-diri yandırılması, qadınların zorlanması, kütləvi qırğınların təşkil edilməsi və bu vəhşiliklərə dövlətin müdaxilə etməməklə faktiki olaraq bunları dəstəkləməsi dini zəmində soyqırımıdır. Daha acınacaqlı hal ondan ibarətdir ki, bu hadisələri dünya ictimaiyyəti etinasızlıqla seyr edir.

(Ardı var)

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı