Modern.az

Azərbaycanın Dövlət Komitəsi azərbaycanlı oliqarxların Rusiyada yaratdığı təşkilatı pislədi - BƏYANAT

Azərbaycanın Dövlət Komitəsi azərbaycanlı oliqarxların Rusiyada yaratdığı təşkilatı pislədi - BƏYANAT

Ölkə

17 Oktyabr 2012, 23:58

Rusiyada yaşayan azərbaycanlıların yeni qurumu - Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) təsis edilib. Sentyabrın 28-də ittifaqın Koordinasiya Şurasının ilk toplantısı keçirilib və  ÜATİ adından Rusiyada fəaliyyət göstərən azərbaycanlıların bütün diaspor təşkilatlarına müraciət göndərilib, onlar yeni qurumda birləşməyə çağırılıb.
Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının üzvləri çox tanınmış simalardır. Bura Azərbaycan baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, Asif Məhərrəmov, Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov daxildir.

Məşhur simaların da daxil olduğu yeni qurumun yaradılması həm Rusiyadakı azərbaycanlıların diaspor təşkilatları, həm də Azərbaycan Respublikasının rəsmi qurumları tərəfindən birmənalı qarşılanmayıb. Hətta Rusiyada fəaliyyət göstərən ÜmumRusiya Azərbaycanlıları Konqresi (ÜAK) məşhur oliqarxların təsis etdiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını pisləyib.

Elə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi də yeni diaspor təşkilatı əleyhinə bəyanatla çıxış edib.
”Bir müddət əvvəl təsis olunduğu barədə açıqlama yaymış Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının yaradılması Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyri-məqsədəuyğun bir hal kimi dəyərləndirilir”-deyə bəyanatda vurğulanıb. Dövlət Komitəsinin bəyanatında daha sonra bildirilib:

“Məlum olduğu kimi, 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bilavasitə iştirakı ilə Rusiya Federasiyasında ÜmumRusiya Azərbaycanlıları Konqresi (ÜAK) yaradılıb. Qısa müddət ərzində Rusiya Federasiyasının 67 subyektində 73 regional bölməsi yaradılan ÜAK Azərbaycanın dünyadakı ən güclü və nüfuzlu diaspor təşkilatlarından biridir”.

Dövlət Komitəsi bəyan edib ki, ÜAK Rusiyada soydaşlarımızın təşkilatlanması, cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm işlər görüb.

”Diasporla İş üzrə Dövlət Komitəsi ÜAK Rusiyada yaşayan azərbaycanlıların haqlı olaraq ən çox etimad göstərdiyi ictimai təşkilat olduğu halda bu ölkədə yeni bir qurumun yaradılmasını lüzumsuz addım sayır”-deyə bəyanatda vurğulanıb.

Dövlət Komitəsi Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını bu ölkədə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinə xidmət etməyən addım hesab edərək, böyük təəssüf hissi keçirir və buna mənfi münasibət bəsləyir.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü