Modern.az

“Büdcədən müdafiə üçün ayrılan vəsaitin xərclənməsi şəffaf olmalıdır” - Hərbi ekspert

“Büdcədən müdafiə üçün ayrılan vəsaitin xərclənməsi şəffaf olmalıdır” - Hərbi ekspert

Aktual

18 Oktyabr 2012, 12:41

2013-cü ilin dövlət büdcəsində Azərbaycanın müdafiə xərclərinin 1 milyard 528 milyon 582 min 600 manat həcmində olması nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin dövlət büdcəsindən müdafiə xərcləri üçün 1 milyard 407 milyon 312 min 400 manat ayrılmışdı. Beləliklə, 2013-cü ildə müdafiə xərcləri bu illə müqayisədə 8,6% artmış olacaq. Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsini nəzərdə tutan bu artımı şərh edən hərbi ekspertlər bildirirlər ki, dövlət büdcəsindəki ayırmaların böyük hissəsi, adətən, silah-sursat və hərbi texnikanın alınmasına yönəldilir.

“NATO-ya üzv olan ölkələrin standartlarına görə, müdafiə xərclərinin təxminən 50%-i hərbi qulluqçuların məvacibinə, geyiminə və qidalanmasına yönəldilsə, artıq bu sosial yönlü olur”. Bunu Modern.az-a açıqlmasında hərbi ekspert Cəsur Sümərinli deyib. Dövlət büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin bölüşdürülməsi prinsipini şərh edərkən hərbi ekspert bildirib ki, ümumiyyətlə, praktikada sosial yönlü və daha çox döyüş texnikasının və silah-sursatın alınmasına yönəlmiş büdcələr var.

“Vəsaitin digər qismi isə müxtəlif infrastruktur məsələlərinə yönəldilməlidir. Bu, ümumi standartdır. Bu baxımdan Azərbaycanın müdafiə büdcəsini nəzərdən keçirsək, görərik ki, bu büdcədə hərbi qulluqçuların məvacib, ərzaq və geyim təminatlarına ayrılan vəsaitlər təxminən 25% təşkil edir. Büdcənin imkanı var ki, ən azı bütün hərbi qulluqçuların hər üç istiqamətdə təminatı, xüsusilə də məvacibləri ən azı 2.5 dəfə artırılsın. Əgər bu gün leytenant rütbəsində hərbi xidmətə başlayan zabit 400-500 manat civarında maaş alırsa, bu rəqəmi 800-1000 manat arası qaldırmaq mümkündür. Yəni, Azərbaycanın müdafiə xərcləri daha çox sosial yönümlü olmalıdır”.

C. Sümərinli hərbi qulluqçuların mövcud say məsələsinə ikili yanaşma olduğunu deyib. Hərbi ekspert bildirib ki, əgər 2013-cü ildə hərbi xərclərə bu qədər vəsait ayrılırsa, ümumilikdə Azərbaycanda hərbi strukturların yenidən qurulması prosesi getməlidir. Yəni bu qədər şəxsi heyəti saxlamağa ehtiyac yoxdur. Sırf Müdafiə Nazirliyi çərçivəsində, mövcud təhlükələri qarşılamaq üçün 70-80 min nəfərlik qüvvənin saxlanması bəs edir. Halbuki real olaraq Azərbaycanda təxminən 150 mindən yuxarı hərbi qüvvə mövcuddur. Bu qədər böyük bir heyəti saxlamağa lüzum yoxdur. Üstəlik, bütün hərbi birləşmələr Müdafiə Nazirliyinin tərkibində cəmləşməlidir. “Son 10 ildə Azərbaycanın müdafiə xərcləri təxminən 10 dəfədən çox artıb. Amma bu müddətdə məvaciblərin artımı çox cüzidir – təxminən 3-4 dəfə. Həm də bu artımda infilyasiya nəzərə alınmayıb”.

Hərbi ekspert hesab edir ki, Azərbaycanda müdafiə xərclərinin müasir standartlara uyğun bölüşdürülməsi, onun istiqamətləri, şəffaflığı və planlaşdırma məsələləri üzrə hələlik böyük nailiyyətlər əldə olunmayıb. “Azərbaycan bir sıra təşkilatlarla əməkdaşlığa öhdəliklər götürüb. Xüsusilə NATO ilə əməkdaşlıq çərçivəsində müdafiə büdcəsinin şəffaflığı, parlament qarşısında hesabatlılığı, müdafiə büdcəsinin şəffaf planlaşdırılması və s. ilə bağlı, NATO-nun üzvü və xüsusilə də yeni üzvü olan Şərqi Avropa ölkələrinin təcrübəsindən öyrənilməsi öhdəçiliyi var. Yəni onların nümayəndələri ölkəmizə tez-tez gəlirlər. Burada müəyyən tədbirlər keçirilir və qarşılıqlı təcrübə mübadiləsi aparılır. Təəssüf ki, Azərbaycanın müdafiə xərclərinin şəffaflığı hələ də yoxdur. Ümumilikdə bu büdcənin hansı istiqamətə və necə bölüşdürülməsindən söhbət gedir. Düzdür, orada hərbi sirlər ola bilər. Amma araşdırsaq, görərik ki, Azərbaycanın müdafiə xərclərində hərbi sirlər təxminən 10, ya 20%-i əhatə edir. Cəmiyyət hələ də hərbi büdcənin əsas detallarını bilmir”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?