Modern.az

Genofondu məhv edən dəhşətli “silah” – Cəzalar sərtləşdirilsin?

Genofondu məhv edən dəhşətli “silah” – Cəzalar sərtləşdirilsin?

28 İyul 2021, 09:05

Son vaxtlar Azərbaycanda “patı” və digər narkotik vasitələrdən istifadə halları kəskin artıb. Gün ərzində həm media vasitəsilə, həm də sosial şəbəkələrdə ictimaiyyət arasında şüşə (patı) adlandırılan narkotik maddənin qurbanları haqqında müxtəlif məlumatlara rast gəlirik. Eyni zamanda, Daxili işlər orqanları tərəfindən bütün ölkə üzrə narkotacirlərə qarşı genişmiqyaslı əməliyyatların aparılması barədə məlumatlar alırıq.

 

Təəssüflər olsun ki, görülən tədbirlərə baxmayaraq, gənc nəsli bilərəkdən ölümə sürükləyən cinayətkarların kökünün tezliklə kəsiləcəyi real görünmür.

 

Belə olan halda, daha hansı ciddi tədbirlərə əl atmaq olmar? Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olanlara qarşı cəzaların sərtləşdirilməsi, bununla əlaqədar qanunvericiliyə dəyişiklik edilməsi mümkündürmü?

 

“Narkotik gəncləri məhv etmək üçün xaricdən gətirilir”

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az-a bildirib ki, narkotik azərbaycanlı gəncləri məhv etməyə yönəlik çirkin kampaniyanın tərkib hissəsidir və bu bəlaya qarşı ciddi mübarizə aparılmasa, fəsadları ağır ola bilər.

 

 

“Narkotik böyük bir bəladır.  Narkotikin yayılması həm  genefondumuzda ciddi  problemlər yaradır. Cəmiyyət olaraq hər birimiz narkotikə qarşı mübarizənin içərisində olmalıyıq. Öncə narkotikdən istifadəni doğuran səbəbləri aradan qaldırmalıyıq. Çox yaxşı haldır ki, son günlər DİN narkotiklə bağlı ciddi adımlar atır, kifayət qədər cəmiyyət tərəfindən rəğbət qazanan işlər görür.

 

Eyni zamanda, narkotiklə mübarizə tədbirlərini müxtəlif  yaş qrupları üzrə gücləndirmək lazımdır. Xüsusi olaraq vurğulayım ki, narkotik düşünülmüş şəkildə xaricdən Azərbaycana gətirilir və azərbaycanlı gəncləri məhv etməyə yönəlik kampaniyanın tərkib hissəsidir. Bu işlə məşğul olanlara qarşı cəmiyyətin bütün təbəqələri və qanunvericilik çərçivəsində mübarizə aparılır.  Narkotacirlərə qarşı cəza şərtlərində hər hansı dəyişiklik gözlənilmir”.

 

“Qanunu dəyişməyə ehtiyac yoxdur, mübarizəni gücləndirmək lazımdır”

 

Parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev hesab edir ki, qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət olunmalıdır, heç bir dəyişikliyə ehtiyac yoxdur.

 

“Ağır və yüngül narkotiklərin  Azərbaycanda qanunsuz dövriyyəsi qadağandır. Sərhədən keçdikdən  sonra sonuncu istifadəçiyə qədər hər kəs cəzalandırılmalıdır, hətta  narkotik daşıyıcılarına da cəza tətbiq edilməlidir. Qanunvericiliyi dəyişməyə ehtiyac yoxdur, mübarizəni gücləndirmək lazımdır. Son vaxtlar Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən narkotiklə mübarizə tədbirləri gücləndirilib. Uşaq bağçasından tutmuş hər bir müəssisədə maarifləndirmə işləri aparılmalıdır. Hamı başa düşməlidir ki, narkotik genofondun məhv olunması üçün  istifadə olunan “ağır silahlardan” biridir. Narkotikdən istifadə halları və dövriyyəsi haqqında qanun yüksək səviyyədədir. Sadəcə qanunvericiliyə ciddi şəkildə əməl olunmalıdır”.

 

Qeyd edək ki, qanunvericiyilə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ittihamı üzrə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.

 

Bundan əlavə, yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satanlar dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməlllər təkrar törədildikdə isə beş ildən on iki ilədək həbs cəzası nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib. Həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

 

2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülüb, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb. Göstərilən rəqəmlər rəsmi qeydiyyata alınan narkotik qurbanlarının sayını əks etdirir, real vəziyyət isə daha təhlükəlidir.

 

Humay İsgəndərova   

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir