Modern.az

“Toy edən şəxslər şadlıq sarayları ilə müqavilə bağlamalıdırlar”

“Toy edən şəxslər şadlıq sarayları ilə müqavilə bağlamalıdırlar”

Aktual

18 Oktyabr 2012, 16:41

“Şadlıq saraylarına qoyulan tələblərlə bağlı standart hazırlanıb və yaxın zamanlarda bu standart qəbul ediləcək”. Bunu Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bu gün keçirdiyi mətbuat konfransında söyləyib. 

O bildirib ki, şadlıq saraylarında da ciddi nöqsanlar üzə çıxır: “Məsələn, 250 nəfər üçün nəzərdə tutulan şadlıq saraylarında 300 nəfər yerləşdirilir, bir stol arxasında 6 nəfər oturmalıdırsa 12 nəfərə qədər adam oturur. Təbii ki, burda da istehlakçı hüququ pozulur”.

Modern.az-ın xəbərinə görə, xidmət rəisi toy edən şəxsləri şadlıq sarayları ilə müqavilə bağlamağa çağırıb: “Şadlıq saraylarının çoxunda menyu, təsdiqlənmiş normativlər yoxdur. Bu məsələdə diqqətli olmaq lazımdır. Bəzən televiziya reklamlarında 50 adda salat təqdim edildiyi bildirilir. Belə ola bilməz. Aşpazlar istədikləri qədər bu salatlara xammal əlavə edirlər, reseptura, normalar yoxdur. Salatları istədikləri cür hazırlayırlar”.

Qida məhsulları şöbəsinin müdiri Məsim Babayev isə deyib ki, şadlıq saraylarında tullantıların saxlanılması üçün soyuducular olmalıdır. Ancaq əksər şadlıq sarayında tullantılar elə mətbəxdə saxlanılır: “Ona görə də müxtəlif şadlıq saraylarında qida məhsullarında göbələklər, bakteriyalar aşkarlanıb. Hətta şadlıq saraylarında xidmətçilər çəngəl-bıçağı arxa ciblərində saxlayırlar. Belə olmaz. Ona görə də maarifləndirmə işləri aparmağa çalışırıq”.

Standartlaşdırma, Meteorologiya və Patent Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı nəzərə çatdırıb ki, artıq şadlıq saraylarına qoyulan tələblərlə bağlı standart hazırlanıb və yaxın zamanlarda bu standart qəbul ediləcək.

 

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi