Modern.az

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından  ABŞ-a ETİRAZ

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından  ABŞ-a ETİRAZ

Aktual

30 İyul 2021, 19:55

İyulun 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi ABŞ-ın Azərbaycan Silahlı Qüvvələrinə maliyyə və təlim yardımının qadağan olunmasını nəzərdə tutan Nümayəndələr Palatasının xarici ölkələrə yardımlarla bağlı qanuna qəbul etdiyi düzəlişə dair beynəlxalq təşkilatlara müraciət qəbul edib.

 

Modern.az xəbər verir ki, müraciətdə deyilir:

 

“Böyük təəssüf hissi ilə bildiririk ki, ABŞ Konqresinin Nümayəndələr Palatası xarici yardımları nəzərdə tutan qanuna konqresmen Frenk Pallone və bu qurumun erməni kokusundakı (qrupu) digər üzvlərinin təklif etdiyi düzəlişi dəstəkləmişdir. Düzəlişdə qərəzli şəkildə və saxta arqumentlər əsas gətirilərək  ABŞ-ın Azərbaycan Silahlı Qüvvələrinə maliyyə və təlim yardımının qadağan olunması nəzərdə tutulmuşdur.

 

Nümayəndələr Palatası Ermənistan dövlətinin işğalçı siyasətini pərdələyən yalan dəlillər gətirərək Azərbaycan tərəfini təcavüzkar kimi göstərməyə çalışmiışdır. Bu dəlillər reallığı əks etdirmir, həqiqətdən uzaqdır. 

 

Ermənistan Azərbaycanın ərazisinin 20 faizini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb, bir milyondan artıq azərbaycanlı ata-baba yurdlarından qovulub. İşğal olunmuş ərazilərdə bütün kənd və şəhərlər viran edilib, soyqırımı siyasəti həyata keçirilib, mədəni və dini abidələr dağıdılıbdır.

 

Ermənistanın təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul olunmuşdur. Qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilib və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunmuşdur. Beynəlxalq hüququn tələb və prinsiplərinə məhəl qoymayan Ermənistan işğalçı siyasətini daha da genişləndirmək məqsədilə 2020-ci ilin sentyabrın 27-də yenidən Azərbaycan üzərinə hücuma keçdi. Azərbaycan Ordusu bu təxribatın qarşısını almaqla yanaşı, əks-hücum əməliyyatlarına başladı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış ərazilərini Ermənistanın işğalından azad etdi. 

 

Ermənipərəst senatorların gətirdikləri dəlillər həqiqətə uyğun deyildir. ABŞ kimi dünyada nüfuzlu bir dövlətin Nümayəndələr Palatasında belə bir təklifin qəbul olunması ədalətsizlikdir və təəssüf doğurur. Qərarı şiddətlə qınayırıq. Ona yenidən, obyektivliklə baxılmasını  tələb edirik. 

 

Bu gün erməni işğalı nəticəsində dağıdılmış şəhər və kəndlərimizin bərpası gündəlikdə olduğu bir vaxtda Avropa İttifaqı ikili standartlar nümayiş etdirərək Ermənistana 2,6 milyard, Azərbaycana isə 150 milyon avro yardım ayırmışdır. Bu da növbəti ədalətsizliyin nümunəsidir. 

 

Biz Azərbaycan həmkarlar ittifaqları olaraq bütün  beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına, Ümumhəmkarlar İttifaqları Konfederasiyasına, Pan Avropa Regional Şurasına,  Qlobal Sahə Həmkarlar İttifaqlarına və digər əməkçi təşkilatlarına müraciət edərək onları bu cür məsələlərə ədalətlə yanaşmağa və obyektiv  münasibət bildirməyə çağırırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir