Modern.az

Azərbaycanda “surroqat ana” məsələsinin tərəfdarları danışdılar

Azərbaycanda “surroqat ana” məsələsinin tərəfdarları danışdılar

Aktual

19 Oktyabr 2012, 14:17

“Milli Məclisinin deputatları və ictimaiyyət arasında ciddi narazılıq doğuran, hətta böyük qalmaqal yaradan Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsi yenidən işlənib. Layihəyə bir sıra dəyişiklik edilib. İlk növbədə deputatlar tərəfindən etirazla qarşılanan surroqat ana və sperma bankı ilə bağlı məsələ layihədən çıxarılıb”.
Bunu Modern.az-a bildirən deputat Musa Quliyev əlavə edib ki, surroqat ana məsələsinin layihədən çıxarılması cəmiyyətimizin buna hazır olmaması ilə izah olunur: “İkinci tərəfdən, hüquqi cəhətdən surroqat ana məsələsi öz həllini tapmayıb. Təkcə Azərbaycanda yox, ümumiyyətlə, bütün dünyada bu, böyük bir problemdir”.

Azərbaycan Həkimlər Assosiasiyasının prezidenti Qalib Əliyev surroqat analığın layihədən çıxarılmasının əleyhinədir: “Nə üçün birdən-birə bu qanunun qəbul edilməsi vacib oldu? 
Burada təkcə sonsuzluq problemlərindən söhbət getmir. Biz layihə təşəbbüskarlarına təşəkkür etməliyik. Bununla belə, sonsuzluğun profilaktik təyinatı və vətəndaşların reproduktiv hüquqlarının təminatı qanunda aydın şəkildə öz əksini tapmalıdır. Ona görə də biz təklif edirik ki, sənədin adı “Sonsuzluğun profilaktikası, vətəndaşların reproduktiv hüquqları və onların həyata keçirilməsinin təminatları haqqında” qanun adlandırılsın. Beləliklə, bu zaman qanunun mahiyyəti, məzmunu, əhəmiyyəti və qanuna qarşı münasibət də dəyişəcək. Bunun üçün eyni zamanda, mütləq eyni adlı dövlət proqramı işlənib hazırlanmalı və qəbul olunmalıdır. Vətəndaşların reproduktiv hüquqları və dövlət təminatı dedikdə, yardımın həcmi (məbləği) konkret göstərilməlidir. Məhz təminatlar və profilaktik tədbirlərin həyata keçirilməsi qanunun qəbulunun vacibliyini artırır”, – deyə Q. Əliyev bildirib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, qanundan “surroqat ana” anlayışının çıxarılması düzgün deyil: “Onsuz da indi ana olmaq məsələsi çox çətinləşib. Süni mayalanma ilə də uşaq dünyaya gətirmək müşkül olub”.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?