Modern.az

Jirinovski - Uğursuz siyasətçi və yarımçıq şərqşünas

Jirinovski - Uğursuz siyasətçi və yarımçıq şərqşünas

1 Avqust 2021, 19:18

Ötən əsrin 90-cı illərində Yeltsin Rusiyasını tənqid edən Soljenitsın yazırdı ki, öz ətrafında düşmənlər yaratmaq ən ağlısız işdir, Rusiya isə bunu həvəslə edir. Etiraf etmək lazımdır ki, qısa müddət sonra Vladimir Putinin timsalında yeni nəsil siyasətçilər Rusiyada hakimiyyətə gəlməklə bu lazımsız ənənəyə son qoymağı bacardılar. Nəticəni isə çox gözləmək lazım olmadı.

  

Vaxtilə Rusiya ilə Azərbaycanı da, az qala, düşmən edənlər iki qonşu ölkənin necə səmimi dosta çevrilməsinin şahidi oldular. Hazırda isə Rusiya ilə Azərbaycan regionda ən mürəkkəb məsələləri qarşılıqlı hörmət və etimad əsasında həll etməyi bacaran strateji müttəfiqlərdir. Bu müttəfiqlik isə hər iki ölkənin milli və dövlətçilik maraqları üçün mühüm əhəmiyyət kəsb edir. 

 

Təəssüf ki, elə XX əsrin 90-cı illərində yol verilən səhvlər ucbatından korlanan münasibətlərə yenə eyni səbəbdən ciddi zərbə vurmağa çalışan siyasətçilər tapılır. Məsələn, daim öz diktator və şovinist xarakteri ilə seçilən Vladimir Volfoviç yenidən 30 ilə yaxın separatçı və işğalçı siyasət yeridən Ermənistanı dəstəkləmək fikrinə düşür və bu zaman başından böyük  səhvlərə yol verir. Heç ağlına da gəlmir ki, onun səsləndirdiyi fikirlər bumeranq olaraq özünə və vətəndaşı olduğu ölkəyə qayıdarsa, nələr baş verə bilər. Belə olan halda, düşmənçilik toxumu səpdiyinə görə, ilk növbədə, federal qanunlar qarşısında cavab verməli olar. Onsuz da, qlobal imperializmin Rusiya ətrafında yaratdığı geosiyasi iqlim ürəkaçan deyil. Rusiya öz etibarlı tərəfdaşı olan Azərbaycanla münasibətlər kontekstində cənub sərhədlərindəki sabitlikdən tamamilə arxayındır və heç bir təhdid gözləmir. Təəssüf ki, eyni fikri Rusiyanın digər sərhədləri haqqında demək mümkün deyil. Belə olan halda, görəsən, Jirinovski Azərbaycanın ünvanına səsləndirdiyi fikirlərlə kimin maraqlarına xidmət edir? Özünü “təəssübkeş”i və “vətənpərvər”i hesab etdiyi Rusiyanın, yoxsa hər fürsətdə Rusiyaya arxadan zərbə vurmağa çalışan ermənilər və onların havadarlarının? Jirinovski özünü “məntiqli siyasətçi” hesab edirsə, ilk növbədə,  Rusiyanın Cənubi Qafqazdakı nüfuzuna və mövqeyinə zərbə vurmağa çalışan Ermənistanı və onun lideri Paşinyanı hədələməlidir. Amma o, Rusiya ilə səmərəli, qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinə malik Azərbaycan əleyhinə sərsəm fikirlər səsləndirir. Bu zaman unudur ki, Azərbaycan öz gücü ilə regionda yeni hərbi-siyasi reallıq yaradıb, formalaşan yeni təhlükəsizlik şəraiti və əməkdaşlıq imkanları digər region dövlətləri kimi Rusiyanın da milli maraqlarına tam adekvatdır. 

 

Görünən budur ki, yarımçıq şərqşünas olan Jirinovski həm də yarımçıq siyasətçidir. Uzun müddətdir, siyasi arenada qalmağa çalışsa da, onun absurd siyasi baxışları, natamam siyasi dünyagörüşü və ziyanlı fəaliyyəti heç vaxt Rusiyaya başucalığı gətirməyib. Nə ölkə daxilində, nə də xaricdə. Rusiyadaxili siyasətdə Jirinovski daim sadizmi, diktaturanı, ictimai-siyasi kin və nifrəti, ksenofobiyanı təbliğ edib. Belə demək mümkünsə, o, bu neqativ xüsusiyyətləri ilə rus siyasi mədəniyyətinin qarınaltı yükünə çevrilib. Eyni zamanda, bu yarımçıq siyasətçi siyasi üslubu və leksikonu ilə rus siyasətini ucuzlaşdırmağa xidmət göstərib. Beləliklə, daxili siyasətdə özünə, xarici siyasətdə isə Rusiyaya çoxsaylı düşmənlər qazandırmağa yönəlik fəaliyyət göstərib. İndi isə Azərbaycanı hədəfə almaqla iki ölkənin münasibətlərinə zərbə vurmaq istəyir. 

 

Digər paradoksal hal odur ki, sosial məzmun və siyasi mahiyyət etibarilə diktator, sadist olan bu şəxs öz adını başqalarına qoymağa çalışır. Ona görə ki, Jirinovski daim natamamlıq kompleksindən əziyyət çəkib. Heç nədən arxayın - əmin deyil. Nə şəcərəsindən, nə ixtisas hazırlığından, nə də peşəkar siyasətçi olmasından. Yarımçıq olmaq isə dərkedilən ən acı həqiqətlərdən biridir. Jirinovski elə Rusiyanın maraqlarını da yarımçıq dərk edir, sona qədər anlaya bilmir. Ona elə gəlir ki, “heç kəs rus əsgərinə yan baxa biməz” demək vətənpərvərlik və Rusiyanın maraqlarına xidmət etməkdir. Ancaq unudur ki, rus əsgəri üçün əsl təhdid və “yanbaxma” Cənubi Qafqaza ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin beynəlxalq hərbi kontingentini dəvət edən Ermənistan və onun lideri Paşinyanın hərəkətidir. Rus əsgəri üçün “yanbaxama” onun sülhməramlı missiya ilə Cənubi Qafqaza gəlməsinə hüquqi əsas yaradan 10 noyabr 2020-ci il  tarixli üçtərəfli Bəyanatın tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməməsi, bu razılaşmanı sabotaj etməklə həm də rus əsgərinin missiyasını etibarsızlaşdırmaqdır.

 

Azərbaycanın daxili işləri ilə bağlı məsələlərə gəldikdə isə,  bir şərqşünas, türkoloq olaraq Jirinovski azərbaycanlı milli psixologiyasını bilən mütəxəssis kimi proqnoz verməliydi. Görünür, bu şəxs rus mütəfəkkiri Knyaz Trubetskoyun Turan və Slavyan etnopsixologiyası ilə bağlı yazdıqlarından xəbərsizdir. Əks təqdirdə, Türk və Slavyan superetnoslarının komplimentar olmasını, ekstremal vəziyyətdə sinxron hərəkətetmə qabiliyyətini bilməliydi. Həm də ondan agah olardı ki, bütün hallarda xalqları öz lideri ətrafında böyük faciələr və böyük qalibiyyətlər birləşdirir. 90-cı illərin əvvəllərində xalqımızı 20 Yanvar hadisələri, Xocalı soyqırımı, torpaqlarımızın təcavüzkar Ermənistan tərəfindən işğal olunması kimi faciələr böyük öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşdirdi. Bu birlik Azərbaycan xalqının tarixi nailiyyətlər əldə etməsini şərtləndirdi və dünya azərbaycanlılarının sarsılmaz həmrəylik – milli mübarizə əzmi ortaya qoymasını şərtləndirdi.   İndi isə əldə etdiyimiz tarixi Qarabağ Zəfəri Azərbaycan xalqını öz Müzəffər sərkərdəsi və qalib Lideri  İlham Əliyev ətrafında elə səfərbər edib ki, bu birliyi və həmrəyliyi heç bir qüvvə poza bilməz. Jirinovski kimilər, yaxşı olar ki, emosional-psixoloji siyasi terror cəhdlərini kənara qoyub Azərbaycan üçün dost və müttəfiq olan Rusiyanın yanı başında çevriliş cəhdlərinin bu ölkə üçün potensial risklərinə, zərərlərinə diqqət yetirsinlər. Bəlkə, onda Rusiyanın Azərbaycan, Azərbaycanın da Rusiya üçün nə dərəcədə əhəmiyyətli ölkə olduğunu anlayarlar.

 

Hikmət Babaoğlu,

Millət vəkili 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir