Modern.az

Rəsul Quliyev oliqarxları "vurdu" - Açıqlama

Rəsul Quliyev oliqarxları "vurdu" - Açıqlama

Ölkə

20 Oktyabr 2012, 10:33

“Bəzi pullu şəxslərin siyasi ambisiyaları ağıllarının imkanlarına uyğun gəlmir”

“Sabah qeyri-azərbaycanlı da prezident postunu pulla almaq niyyətində ola bilər”

Rusiyada yaşayan bir qrup tanınmış iş adamının yaratdığı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) cəmiyyətdə böyük əks-səda doğurub. Buna səbəb isə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sözügedən qurumu yaradılmasına qarşı bəyanat verməsi olub.

Azərbaycan Milli Məclisinin sabiq sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev Rusiyada azərbaycanlı oliqarxların yaratdığı qurumla bağlı Modern.az saytına açıqlama verib. O bildirib ki, bu addımın arxasında külli miqdarda kapital toplamış adamların siyasi ambisiyalarını gerçəkləşdirmək cəhdi dayanır. Lakin,  bu iddialarla həmin şəxslərin siyasi savadları uyğun gəlmir:

“Azərbaycanda seçkilərin saxtalaşdırılması və bütün problemlərin rüşvətlə həll olunduğuna görə bəzi pulu olan şəxslərin siyasi ambisiyaları ağıllarının imkanlarına uyğun gəlmir. Onları da qınamaq olmaz . Əgər bir ölkədə idarəetmə bu səviyyədədirsə, demək, o ölkədə istənilən sıfır intillektli adam da bu işi görə bilər”.

R.Quliyev hesab edir ki, təzyiq olunduqda o adamlardan bəziləri qurumu tərk edəcək:
“Həmin qurumda bir neçə ağıllı adamlar var və onlar heç bir siyasi oyunda oynamaq fikrində deyillər və istənilən vaxt o təşkilatdan çıxa bilərlər. Bəzi pullu ancaq ağıldan imkansızlar xaraktercə çox qorxaqdırlar, üstlərinə qışqıran kimi fəaliyyətlərini dayandıracaqlar. Bir sözlə Azərbaycanda vəziyyət o şəkildədir ki, sabahısı gün qeyri-azərbaycanlı millətindən olanlar da prezident postunu pulla almaq niyyətində ola bilərlər”.

***

Xatırladaq ki, sentyabrın 28-də ittifaqın Koordinasiya Şurasının ilk toplantısı keçirilib və ÜATİ adından Rusiyada fəaliyyət göstərən azərbaycanlıların bütün diaspor təşkilatlarına müraciət göndərilib, onlar yeni qurumda birləşməyə çağırılıb.
Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının üzvləri çox tanınmış simalardır. Bura Azərbaycan baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov və başqaları daxildir.

M.Yaqublu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür