Modern.az

Moskvadakı azərbaycanlı oliqarxların təşkilatı fəaliyyətini dayandırdı

Moskvadakı azərbaycanlı oliqarxların təşkilatı fəaliyyətini dayandırdı

Ölkə

20 Oktyabr 2012, 10:43

Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasov prezident İlham Əliyevlə görüşə gəlir


Yeni yaranmış Rusiya Azərbaycan təşkilatları İttifaqının fəaliyyəti qurumun sədri Abbas Abbasovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşünədək dayandırılıb. Həmin görüşün nəticələrinə uyğun olaraq təşkilatın gələcək taleyi barədə qərar qəbul olunacaq.

Bunu SalamNews-un Moskva müxbirinə Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının (AzerRos-un) prezidenti Söyün Sadıqov bildirib. Onun sözlərinə görə, bu qərar yeni strukturun məqsəd və vəzifələri haqqında həqiqətə uyğun olmayan təsəvvürlərə imkan yaradan, mətbuatda bəzi mənbələrə istinadən üzə çıxmış kəskin əsassız və mənfi məlumatların yer alması ilə əlaqədar təşkilatın təsisçiləri tərəfindən qəbul olunub.
“Bu səbəbdən təşkilatın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Əldə olan məlumata əsasən, artıq gələn həftə Azərbaycan prezidenti İlham Əliyev RATİ-nin sədri Abbas Abbasovu qəbul edəcək və bu görüşün nəticələrinə əsasən təşkilatın perspektivləri barədə müəyyən bir fikir söyləmək mümkün olacaq”, - deyə o qeyd edib. Sadıqov onu da əlavə edib ki, Abbas Abbasov təşkilat təsisçilərinin 28 sentyabr tarixindəki iclasında yekdilliklə qurumun sədri vəzifəsinə seçilib.

“Abbas Abbasov – nəinki Azərbaycanda, hətta Rusiya və bütün MDB məkanında çox gözəl tanınır və böyük hörmətə malikdir. O uzun müddət Heydər Əliyevlə birgə çalışıb, dəyərli dövlətçilik təcrübəsinə malikdir, Azərbaycan baş nazirinin birinci müavini postundan gedəndən sonra isə özünü ictimai fəaliyyətdə də ən yüksək səviyyədə göstərib. Çox qiymətli məqam həm də ondan ibarətdir ki, onun və Azərbaycan prezidenti İlham Əliyevin arasında davamlı etibarlı münasibətlər və qarşılıqlı hörmət mövcuddur. Bu və digər amilləri nəzərə alan RATİ-nin təsisçiləri yekdilliklə məhz Abbas Abbasovun namizədliyini tövsiyyə edib onu qurumun sədri vəzifəsinə seçdilər”, - deyə S.Sadıqov qeyd edib və əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin müvafiq məsələlərə dair mövqeyi hamımız üçün olduqca mühüm əhəmiyyət kəsb edir və Rusiyadakı Azərbaycan diasporunun zəruri məqsəd və vəzifələrinin həyata keçirilməsində əlaqələndirici funksiya daşıyan təşkilatımızın fəaliyyəti üçün dəyərli istiqamətverici amil olacaq.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir