Modern.az

Bu şayiələr xaricdən idarə olunan qüvvələrin uydurmasıdır

Bu şayiələr xaricdən idarə olunan qüvvələrin uydurmasıdır

2 Avqust 2021, 16:05

Son günlər bəzi KİV və saytlarda yaxın vaxtlarda Konstitusiyaya dəyişikliklər ediləcəyi və Milli Məclisin buraxıllacağı, yeni seçkilərin keçiriləcəyi barədə əsassız məlumatlar yayılmaqdadır. Həqiqətə uyğun olmayan bu məlumatlar Azərbaycanda fəaliyyət göstərən radikal siyasi qurumların və onları xaricdən idarə edən qüvvələrin uydurmasıdır.

 

Prezident cənab İlham Əliyevin apardığı müdrik və qətiyyətli daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada aparıcı bir dövlətə çevrilmişdir. Dünyada Azərbaycanın nüfuzu durmadan artmaqdadır. Ölkəmiz tək regionda deyil, bütün dünyada söz sahibinə çevrilmişdir. Bəli, Azərbaycan iqtisadiyyatı sürətli və dinamik şəkildə inkişaf edir. Pandemiya səbəbindən bir sıra böyük dövlətlərin iqtisadiyyatı tənəzzülə uğradığı bir vaxtda Azərbaycanın iqtisadiyyatının bütün sahələrində irəliləmələr müşahidə olunur. Bu cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi islahatların nəticəsidir.
Azərbaycan istər siyasi, istərsə də iqtisadi cəhətdən regionda lider dövlət olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində də böyük rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq əlaqələri qurulmaqdadır. Avropa İttifaqı Azərbaycanla tək enerji sahəsində deyil, bir sıra böyük layihələrdə də əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmişdir.

 

Ordu quruculuğunda da Azərbaycan böyük uğurlar qazanmışdır. All Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu dünyanın ən güclü ordularından birinə çevrilmişdir. Ordumuz 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi və torpaqlarımızı işğaldan tam azad etdı. Vətən Müharibəsi zamanı xalqımız öz prezidenti ətrafında sıx birləşdi və dəmir yumruğa çevrildi. Xalqımız hər zaman olduğu kimi bu dəfə də öz prezidentinə güvəndi və inandı ki, Ali Baş Komandan bu müharibədən Azərbaycanı qalib çıxardacaq. Bəli, biz Vətən Müharibəsində Zəfər qazandıq. Bu yolda şəhidlərimiz də oldu, qazilərimiz də. Dövlət də hər zaman şəhid ailələrini və qazilərimizi uca tutdu. Prezident cənab İlham Əliyev dəfələrlə vurğulamışdı ki, şəxsən özü hər zaman bu insanların yanında olacaqdır. Şəhid ailələrinin və qazilərimizin həll olunmamış bir dənə də olsa problemi diqqətdən kənarda qalmamışdır. Dövlət tərəfindən bu qəbildən olan insanların bütün sosial və maddi tələbatları tam ödənilir. Onlar fərdi evlər, mənzillər və avtomobillərlə təmin olunurlar.

 

Vətən Müharibəsində qələbə qazanmaqla Azərbaycan regionda yeni reallıqlar yaratmış oldu. İmzalanmış üçtərəfli bəyannamənin müddəaları Ermənistan tərəfindən yerinə yetiriləcəyi təqdirdə region dövlətləri siyasi və iqtisadi irəliləyişə nail ola biləcək.

 

Ölkəmizin bu və bundan da böyük uğurların qazanmasının səbəbi cənab İlham Əliyevin apardığı iqtisadi siyasi islahatların nəticəsidir. Ötən il icra strukturlarında böyük islahatlar həyata keçirildi. Bacarıqlı, dövlətinə, xalqına sədaqətli insanlara etimad göstərildi, yüksək vəzifələrə təyinatlar oldu. Dövlət strukturları, nazirliklər və dövlət şirkətləri qarşılıqlı və əlaqəli çox səmərəli fəaliyyət göstərdilər. Doğrudan da bu gün Azərbaycanda ideal ola biləcək bir dövlət idarəçiliyi mövcuddur.

 

Cənab Prezidentin apardığı islahatların ardı olaraq, 2020 ci ildə Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirildi. Vl çağırış Milli Məclisə xalq tərəfindən mandat qazanmış dəyərli və savadlı insanlar seçildi. Bu gün Milli Məclis cənab Prezidentin daxili və xarici siyasətinə uyğun olaraq öz fəaliyyətini peşəkarlıqla yerinə yetirir. Parlament tərəfindən qəbul edilmiş bütün qanunlar dövlətimizin güclənməsinə, xalqımızın rifahının yüksəldilməsində mühüm rol oynayır. İstər pandemiya zamanı, istərsə də Vətən Müharibəsi dövründə Milli Məclis öz fəaliyyətini daha da gücləndirdi və təkmilləşdirdi. Pandemiya dövründə bütün deputatlar öz seçiciləri ilə mütəmadi onlayn görüşlər keçirdi və onları narahat edən problemlərin həll olunmasına köməklik edildi. Az təminatlı və ehtiyacı olan ailələrə maddi, həm də mənəvi dəstək olundu. Seçicilərin qaldırdıqları istər fərdi, istərsə də kollektiv müraciətlər dərhal icra orqanları qarşısında qaldırıldı və qısa zamanda həllinə nail olundu.

 

Müharibə dövründə Milli Məclis xarici dövlətlərin parlamentləri və beynəlxalq qurumlarla faydalı əməkdaşlıq etdi. Digər dövlətlərin parlamentariləri ilə onlayn görüşlər keçirildi. Xarici dövlətlərin parlamentlərinə erməni təcavüzü ilə bağlı müraciətlər ünvanlandı. Eyni zamanda xarici dövlətlərin parlamentlərinə dostluq qrupları vasitəsilə Qarabağ həqiqətləri çatdırılmış oldu. Ümumiyyətlə, Vl çağırış Milli Məclisin bu günkü fəaliyyəti çox səmərəli və yüksək qiymətləndirilir.

 

Azərbaycanın sürətli inkişafı istər daxildə, istərsə də xaricdə bizi istəməyən qüvvələri narahat edir və onlar hər vəchlə bu inkişafa və tərəqqiyə mane olmağa çalışırlar. Bu qaraguruhçular və xaricdəki öz ağaları tərəfindən idarə olunan ünsürlər vacib bir məsələni unutmasınlar ki, Azərbaycan dövlətinin başında İlham Əliyev kimi güclü və qətiyyətli dövlət başçısı dayanır. Dövlətini və xalqını sevən hər bir kəs hər zaman İlham Əliyevin ətrafında sıx birləşəcək. Çünki Azərbaycan xalqı öz prezidentini sevir və ona inanır.

 

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi