Modern.az

Qənirə Paşayeva Mehmet Əli Şahinlə görüşdü

Qənirə Paşayeva Mehmet Əli Şahinlə görüşdü

Aktual

20 Oktyabr 2012, 13:21
"Qənirə xanım, biz sizi yalnız Azərbaycan Parlamentinin millət vəkili olaraq görmürük, Türkiyə Parlamentinin fəxri bir millət vəkili olaraq da görürük. Karabükün iki millət vəkili var, biri mən, digəri isə Osman Kahveci, biz sizi bundan sonra üçüncü millət vəkilimiz elan edirik. Azərbaycan ilə Türkiyə hər zaman bərabərdir. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər etmiş, Türkiyə Baş Naziri Rəcəb Tayyib Ərdoğan isə Azərbaycana səfər etmişdir. Hər iki ölkə arasında əlaqələr getdikcə genişlənir və bundan sonra da genişlənməkdə davam edəcəkdir" - bu sözləri Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili, AK Partinin sədr müavini Mehmet Əli Şahin Türkiyənin Karabük bölgəsində keçirilən tədbir zamanı çıxışında söyləmişdir.
 
“Qardaş Azərbaycanın son illərdəki sürətli inkişafından Türkiyənin son dərəcə məmnun olduğunu bildirən Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili, AK Partinin sədr müavini Mehmet Ali Şahin çıxışında Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın 20 ildən artıqdır ki Azərbaycan torpaqlarını işğal altında saxlaması, 1 milyon Azərbaycan türkünün evinə dönməsinə imkan verməməsi məsələsinə xüsusi yer ayırmış və Türkiyənin bundan sonra da qardaş Azərbaycanın haqlı mövqeyini bütün platformalarda dəstəkləyəcəklərini xüsusi vurğulamışdır.
 
 “Ermənistan  işğal  etdiyi Azərbaycanın torpaqlarını işğaldan azad etməyənədək Ermənistan ilə sərhədlər açılmayacaq. Azərbaycan torpaqları işğaldan azad edilmədən Ermənistanla heç bir diplomatik əlaqələr qurulmayacaq və biz bu qərarımızı heç zaman dəyişməyəcəyik”, - söyləyib.
 
Bu gün Türkiyədə, Karabükdə  belə bir gözəl toplantıda iştirak etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva çıxışı zamanı Türk dünyasının qədim yurd yerlərindən olan Karabüklə Azərbaycanın qədim və gözəl bolgələrindən birinin qardaşlaşmış  şəhərlər  olmasının vacibliyi və önəmini də xüsusi vurğulayıb. 
 
Qarabağ  probleminin təkcə Azərbaycanın deyil, bütün Türk Dünyasının problemi olduğunu  qeyd edən millət vəkili bu istiqamətdə birgə səylərin davam etdirilməsinin vacibliyini də vurğulayıb və Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili, AK Partinin sədr müavini Mehmet Ali Şahinə verdiyi bəyanatına görə təşəkkür edib. Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktlarından danışan millət vəkili Qənirə Paşayeva çıxışının sonunda “inşallah növbəti tədbirlərimizi birlikdə işğaldan azad edəcəyimiz  Qarabağımızda keçirərik”, - deyib.
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir