Modern.az

Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik”

Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik”

Aktual

4 Avqust 2021, 16:48

Gürcüstan Vahid Milli Hərəkat partiyasının sıralarından ayrılan sabiq azərbaycanlı deputat Azər Süleymanov siyasətdən uzaqlaşmaq qərarına gəlib.

 

Bu barədə Modern.az-a Azər Süleymanov özü məlumat verib.

 

O, Gürcüstan parlamentinə keçiriləcək növbəti seçkilərdə iştirak etməyəcəyini bildirib:

 

“Partiyadan istefa verməyimin səbəblərini sosial şəbəkə hesabımda açıqladım. Detalları qeyd etməyə ehtiyac yoxdur. Siyasətdən uzaqlaşıram. Bu seçkilərdə iştirak etməyəcəyəm. Amma 20 il çalışdığım partiyadan ayrılmağım birdəfəlikdir. Bəzi liderlərlə dil tapa bilmədik. Ən əsası da odur ki, müxalifətdə təmsil olunsaq belə, azərbaycanlıların kompakt yaşadığı regionlarla bağlı düzgün qərarların verilmədiyinin şahidi olurdum. Hamısı bir-birinin üzərinə yığılmışdı. Ona görə də partiyada qalmağımın yeri olmadığına qərar verdim. Partiyanın daxilində problemlər var idi. Oradakı dostlarıma hörmət naminə detalları açıqlamaq istəmirəm. Bir az dincəlməyə ehtiyacım var. 2-3 aydan sonra hansı sahədə davam edəcəyimə qərar verəcəyəm”.

 

Qeyd edək ki, Azər Süleymanov Gürcüstan parlamentinin sabiq deputatıdır. O, uzun illər keçmiş prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat partiyası sıralarında təmsil olunub. Ötən gün partiyadan öz istəyilə ayrıldığını bəyan edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır