Modern.az

Zəngəzur dəhlizi nə vaxt açılacaq? - ŞƏRH

Zəngəzur dəhlizi nə vaxt açılacaq? - ŞƏRH

6 Avqust 2021, 09:09

Cənubi Qafqazda və bütövlükdə regionda yaranmış yeni geosiyasi reallıqlar zaman keçdikcə öz yerini tapmaqdadır. İndi növbə Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Artıq Ermənistanda yeni hakimiyyət rəsmi olaraq təsdiqlənib. Bu, o deməkdir ki, Zəngəzurla bağlı məsələnin reallaşması sürətlənməli və yaxın vaxtlarda dəhlizin bərpası təmin olunmalıdır.

 

Bəs Zəngəzur dəhlizi nə zaman açılacaq?

 

Bundan əvvəl Ermənistan KİV-lərində yayılan xəbərlərdə deyilirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ilin dekabrın ortalarına qədər regional nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı razılaşmanı imzalayacaq. Eyni zamanda qeyd olunurdu ki, razılaşma Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətini təmin edəcək.

 

İddialara əsasən, nəqliyyat dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirəcək.

 

"Zəngəzur dəhlizi alver obyektinə çevrilməli deyil"

 

 

Politoloq Tofiq Abbasov Zəngəzur dəhlizi ilə bağlı prosesləri Modern.az-a şərh edib. 

 

O hesab edir ki, əslində Ermənistanda hakimiyyət dəyişmədi, Paşinyanın komandası yenə iqtidarda qalır. Ölkədəki seçkilər yeniliklə yadda qalmadı. Bu da onu göstərir ki, cəmiyyətdə Paşinyana dəstək var:

 

“Ermənistan xalqı başa düşür ki, Azərbaycanla üz-üzə gəlmək problemli məsələdir. Onlar uduzublar, dəhlizin açılması rəsmi Yeravan tərəfindən siyasi oyundur. Dəhliz gec-tez açılmalıdır. Əvvəl ona görə ki, bəyanatın altında Paşinyanın imzası var. Digər tərəfdən, onların özünə də xeyirdir ki, bu dəhlizdən istifadə etsinlər. Amma onlar bunun qarşılığında Azərbaycandan nələrsə istəyəcəklər. Zəngəzur dəhlizi alver obyektinə çevrilməli deyil. İmza atılıbsa, yerinə yetirmək lazımdır.

 

Əslində Ermənistanın ən böyük müttəfiqi Rusiya da buna imza atıb. Yerəvana həm biz tərəfdən, həm də Rusiya tərəfindən təzyiqlər edilməlidir. Bu dəhlizin açılması üçün bütün vasitələrdən-  siyasi, diplomatik, lazım olarsa, hərbi gücümüzdən istifadə etməliyik".

 

Rusiya və İranın da öz maraqları var...

 

Politoloq, həmçinin digər siyasi oyunçuların maraqlarına da toxunub:

 

“Rusiya bu regiondadır, aparıcı bir oyunçudur. Həmçinin Ermənistanın yaxın müttəfiqidir. Zəngəzur dəhlizi Rusiyanın marağına cavab verir. Çünki Rusiyanın bir çox ölkələrə yolu açılır, İrana, Türkiyəyə rahat gedə bilirlər. Başqa ölkələrin də yük daşınmaları rahat həyata keçirilə bilər. Digər tərəfdən Türkiyənin də maraqlarına cavab verir. Əslində söz sahibi aparıcı oyunçulardır və onların maraqlarına cavab verən amildir. Təbii ki, Rusiya və İranın öz oyunları var. Onları da görürük ki, müəyyən dərəcədə Ermənistana dəstək vermək niyyətindədirlər ki, Azərbaycan hansısa məsələlərdə güzəştə getsin. Çox mürəkkəb düyündə Azərbaycan öz mövqeyindən dönməyəcək. Çünki artıq imzalar var, Ermənistan bəyannaməyə əməl etməlidir”.

 

 Aysel Məhərrəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir