Modern.az

"Qarabağ münaqişəsi tarixə qovuşub" - Sahibə Qafarova

Aktual

6 Avqust 2021, 13:34

"İki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin bərqərar olmasında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər zamanı imzalanmış sənədlər qarşılıqlı əlaqələrimizin hüquqi bazasını təşkil edir. Sevindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi təmin olunub"

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşü zamanı deyib.

 

Spiker bildirib ki, qarşılıqlı əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynayır.

 

"Deputatlarımız tərəfindən müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən işçi qrupları parlamentlərimiz arasında körpü rolunu oynayırlar".

 

Milli Məclisin sədri qeyd edib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub.

 

"İndi Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb. Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir edib. Münaqişə başa çatsa da, bir sıra problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı və Vətən müharibəsində azad etdiyimiz torpaqlarımızda minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, bununla da hərbi cinayət törətməkdə davam edir. Beləliklə, onlar məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıtmasına mane olmaq istəyir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atırlar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu