Modern.az

“İvanişvili İsa Qəmbərə icazə verməyəcək” - AÇIQLAMA

“İvanişvili İsa Qəmbərə icazə verməyəcək” - AÇIQLAMA

Aktual

22 Oktyabr 2012, 15:55

Müsavat Partiyasının həllini tapmayan qurultay qalmaqalı yenidən böyüyüb. Belə ki, başqan İsa Qəmbərin Partiya Məclisində qurultayla bağlı çıxışı məsələni yenidən gündəmə gətirib. Xüsusən  də, Gürcüstanda Müsavatın əsas müttəfiqləri hesab edilən Respublikaçılar Partiyasının hakimiyyətə gəlməsi və başqan İsa Qəmbərlə səmimi münasibətləri olan partiya sədri Davil Usupaşvilinin spiker seçilməsindən sonra qurultayın qonşu ölkədə keçirilməsi üzərində növbəti danışıqların başladığı bildirilir.  

Müsavat Partiyasının mötəbər tədbirinin Gürcüstanda keçirilməsinə qarşı çıxan “Gürcü arzusu” koalissiyasından deputat seçilən Əli Məmmədov yenidən bu məsələyə münasibət bildirib. Gənc millət vəkili Modern.az-a açıqlamasında bildirib ki, baş nazir Bidzina İvanişvili də qurultayın Gürcüstanda keçirilməsinin əleyhinədir.

“Müsavat Partiyası Respublikaçılar Partiyası ilə müttəfiq ola bilər. Amma, bu o demək deyil ki, Gürcüstan hakimiyyəti onlara qurultay keçirmək üçün icazə verəcək. Respublikaçılar Partiyası bizim blok adından qərar verə bilməz. Hesab edirəm ki, Bidzina İvanişvili Müsavat Partiyasına icazə verməyəcək. Təbii ki, Gürcüstana gələ bilərlər, amma belə bir rəsmi tədbir  keçirməyə mən şəxsən inanmıram icazə versinlər. Buna etiraz edənlərdən biri də mənəm. Biz Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq qurmağa hazırıq”, - deyə Ə.Məmmədov məsələyə münasibət bildirib.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər Partiyanın Məclisində çıxış edərək qurultayın cari ilin sonuna kimi keçiriləcəyini bildirib. Partiya funksionerləri də Azərbaycan hakimiyyətinin onlara normal yer ayırmayacağı təqdirdə qurultayın Gürcüstanda keçiriləcəyini və bu istiqamətdə danışıqlara başlayacaqlarını bildiriblər.

 

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi