Modern.az

Bahar Muradova: "Milli Məclisin qapısından girəndə o adamların üstünə heç kəs getmirdi"

Bahar Muradova: "Milli Məclisin qapısından girəndə o adamların üstünə heç kəs getmirdi"

Parlament

22 Oktyabr 2012, 17:11

Vitse-spiker:  “Proporsional seçki sisteminə də qayıdıla bilər...”

“Proporsional seçki sisteminin bərpası, deputat yerlərinin artırılması ilə bağlı  ideyalar heç zaman Azərbaycan cəmiyyətindən kənarda olmayıb”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib.
Vitse-spikerin dediyinə görə, bu yöndə  fikirlər ümumiyyətlə,  mütəmadi olaraq səslənir,  seçkilər ərəfəsində  bu fikirlər xüsusilə,  gündəmi məşğul edir.  

“Hətta  2002-ci ilin avqustunda  referendumla o qərarı dəyişəndə ki, Azərbaycanda  bütövlüklə  mojaritar sistem olsun, yəni, proporsional sistem ləğv olunsun, onda da bunun qalması ilə bağlı fikir söyləyənlər var idi. Ondan sonra da, 2009-cu ilin mart referendumunda da  Konstitusiyaya dəyişikliklər zamanı onu yenidən təklif edənlər var idi. Mən özüm də şəxsən  bu fikirlərə çox normal və təbii baxıram. Azərbaycanda demokratik cəmiyyət mövcuddur. Hər kəs siyasi islahatlara, siyasi sistemin təkmilləşməsinə dair öz fikirlərini açıq şəkildə ortaya qoya bilər, bunların hər birinin müzakirəyə haqqı var. Mən bunu belə qəbul edirəm. O müzakirələr ictimai müzakirələr şəklində də ola bilər, parlamentdə də ola bilər, yuxarı hakimiyyət orqanlarında da bununla bağlı, yəni, ictimaiyyətdə səsləndiyi üçün, fikir mübadiləsi aparıla bilər, amma sonda qərar nədirsə və qanunumuz nəyi deyirsə, biz onu icra edirik”-deyə, o, bildirib.

B.Muradovanın fikrincə, proporsional sistem olması o demək deyil ki, mojaritar pisdir və yaxud da, mojaritar olması o demək deyil ki, proporsional pisdir:  

“Bizdə o da olub, bu da olub, amma bu gün Azərbaycan reallığında mojaritar sistemin həm elə partiyaların özünün inkişafı , həm də onların seçiciyə daha yaxın olması üçün çox təkmil bir sistem olduğu sübut olunub. Artıq əvvəlki kimi deyil. Yadınızdadırsa, bizdə 25 nəfər proporsional üsulla seçilmiş adamlar var idi, ancaq  onların heç birinin konkret seçicisi yox idi. Və mənim yaxşı yadımdadır ki, Milli Məclisin qapısından girəndə o adamların üstünə heç kəs getmirdi. Hamı konkret dairənin deputatlarına yaxınlaşırdı. İndi problemlər həll olunduğu üçün  o adamlar aidiyyəti üzrə orqanlara müraciət etmək lazım olduğunu müəyyənləşdiriblər , yəni, öz hüquqlarını və vəzifələrini daha yaxşı dərk etdikləri üçün artıq aidiyyəti orqanlara gedirlər. Amma əvvəllər kimin nə sözü olurdusa, Milli Məclisin qarşısına gəlirdi və proporsional sistem üzrə olan deputatlara yox, dairələrin deputatlarına yaxınlaşırdılar”.

Vitse-spiker həmçinin qeyd edib ki,  bunun özü  də  Azərbaycan reallığının bir göstəricisidir:  “Siz baxın nə qədər fərq var? Bu gün Milli Məclisə gələn şikayətlərin, ərizələrin sayı dəfələrlə azalıb. Çünki yerlərdə, daha konkret dairələrdə iş aparan deputatlar artıq hər bir seçicini, demək olar ki, tanıyır, problemini bilir, həll, kömək olunmasına mümkün olanı edir, olmayanda da izah edir ki, məsələ nə yerdədir.  İndi zaman gələcəksə, nə vaxtsa  mütləq əksəriyyət hesab edəcəksə ki, proporsional sistem də lazımdır, ona da baxıla bilər. Yəni, bu, hüquqa zidd, hansısa qaydalara zidd məsələ deyil, amma bu gün Azərbaycanda mojaritar sistem mövcuddur. Deməli, bu sistemi pisləməkdənsə, onun, necə deyərlər, kimlərinsə seçilməsinə mane olduğunu ictimai rəyə sırımağa çalışmaqdansa, onun üstünlüklərində yararlanıb irəliyə getmək, irəliyə baxmaq lazımdır.  Yox, əgər özünü prosesdən kənarda saxlayıb, gözləməkdənsə, haçansa proporsional sistem olacaq, mənim də siyahı ilə adım ora düşəcək  və Azərbaycan ərazisində bəlkə hər partiyadan bir nəfəri seçmək mümkün olacaq, ya olmayacaq,  buna da ümid edib siyasət aparmaq, siyasətdə qalmağa çalışmaq özü onları uğursuzluğa gətirib çıxarır. Mən belə düşünürəm”.

MM sədrinin müavini eyni zamanda  deyib ki, 125 deputat yeri optimal saydır. “Mənim əgər qənaətimi bilmək istəyirsinizsə, bundan artıq deputat Azərbaycana lazım deyil” - deyə, B.Muradova sonda sözlərinə əlavə edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?