Modern.az

Ukraynanın Poltava şəhərində Azərbaycandan danışılıb - FOTOLAR

Ukraynanın Poltava şəhərində Azərbaycandan danışılıb - FOTOLAR

Aktual

22 Oktyabr 2012, 19:17


Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin (PİTU) Azərbaycan Mədəniyyət-Tədris Mərkəzində (AMTM) Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə PİTU-nun rektoru Aleksey Nestulya, Bakı Slavyan Universitetinin prorektoru Oqtay Səmədov, Poltavadakı Azərbaycan diasporunun nümayəndələri, universitetin müəllim və tələbələri iştirak ediblər. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səslənib.

Sonra rektor Aleksey Nestulya çıxış edərək bildirib ki, Poltava universitetində Azərbaycan Mədəniyyət-Tədris Mərkəzi BSU və PİTU arasında imzalanmış saziş əsasında bir il əvvəl yaradılıb. Rektor hər dəfə Bakıya gəlişi zamanı şahidi olduğu müasir Azərbaycanın yüksək inkişaf sürətindən faktlarla söz açıb. Prorektor Oqtay Səmədov BSU-nun rektoru, PİTU-nun fəxri professoru Kamal Abdullayevin xoş arzularını tədbir iştirakçılarına çatdıraraq, hamını bayram münasibətilə təbrik edib, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin tarixi, ölkənin suveren olduğu 21 il ərzində onun hərtərəfli inkişafı barədə geniş məlumat verib. AMTM-nin direktoru Yaşar Alxasov Azərbaycanın tarixi, mədəniyyəti və təhsil sistemindən, habelə mərkəzin xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə, qədim və zəngin Azərbaycan mədəniyyətinin, dilinin təbliğinə, PİTU-da təhsil alan azərbaycanlı tələbələrin dil adaptasiyasına yönəlmiş fəaliyyətindən söz açıb.

Tədbirdə ukraynalı tələbələrin ifasında Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin şeirləri Azərbaycan dilində səslənib, PİTU-nun azərbaycanlı tələbələri isə Ukrayna və rus dillərində şeirlər oxuyublar. Tələbələr “Ey həyat, sən nə qəribəsən!”, “Sarı gəlin” mahnılarını yüksək zövqlə ifa ediblər. Tədbirin sonunda Azərbaycan haqqında film nümayiş etdirilib. Tədbir iştirakçıları mərkəzdə Azərbaycana həsr olunmuş kitab sərgisi ilə tanış olublar.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir