Modern.az

“Gülər Əhmədova qalmaqalı qadının siyasi fəaliyyəti barədə fərqli fikirlər yaratdı” - MÜSAHİBƏ

“Gülər Əhmədova qalmaqalı qadının siyasi fəaliyyəti barədə fərqli fikirlər yaratdı” - MÜSAHİBƏ

Müsahibə

23 Oktyabr 2012, 13:59

Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri: Mənə ən böyük dəstəyi həyat yoldaşım verir”


Modern.az
saytı “Siyasətçi qadın” layihəsi çərçivəsində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Qadınlar təşkilatlarının rəhbərləri ilə silsilə müsahibələrə başlayıb. İlk müsahibimiz  Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlüdür.

- Vəfa xanım öncə bilmək istərdik ki, siz Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri olaraq Azərbaycan xanımlarının hazırki ictimai-siyasi durumunu necə qiymətləndirirsiniz? Qadınların siyasi aktivliyi sizi qane edirmi?

-Təəssüflər olsun ki, Azərbaycanda qadınların ictimai-siyasi proseslərdə iştirakı çox zəifdir. Azərbaycanda hətta aşağı səviyyəli işlərdə belə, qadınlar çox azlıq təşkil edir. Bu o demək deyil ki, Azərbaycan xanımları buna qadir deyillər. Sadəcə olaraq xanımlara öz potensiallarını ifadə etmələri üçün normal şərait yaradılmır. Bu baxımdan Müsavat Partiyası olaraq qadınların cəmiyyətdə təmsil olunması və üzə çıxması üçün ilk dəfə bizdə kvota tətbiq edildi. Partiyamızda 25 faizlik kvota qadınlara məxsusdur.

- Qadınlar nə üçün partiyalarda təmsil olunmaqdan boyun qaçırırlar? Onları siyasi fəaliyyətdən uzaqlaşdıran səbəb nədir?

- Müsavat Partiyasında kifayət qədər əzimkar qadınlarımız var. Bizlərə qarşı təqiblərə, acımasız təyiqlərə baxmayaraq, yolumuzdan çəkinməmişik. Partiyamızın qadın üzvləri dəfələrlə bu hakimiyətə qarşı öz mübarizliklərini sübut ediblər. Azərbaycanda qadınların siyasətlə məşğul olması o qədər də asan məsələ deyil. Siyasətə gələn qadın nəyi isə qurban verməlidir. Xeyli sayda qadınlarımız var ki, sosial aktivlikdən qorxub-çəkinirlər. Qadının siyasətlə məşğul olması zaman-zaman onun üçün böyük problemlər yaradır. Siyasətə gələn qadın həbsi də, polisin zorakılığını da qəbul etməlidir. Təəssüflər olsun ki, belə qadınlarımız da çox azdır. Siyasətlə məşğul olmaq əlbəttə, heç də asan məsələ deyil. Gərək qarşına çıxan ən çətin durumda belə, mövqeyindən dönməyəsən. Bizim, Müsavat Partiyasını təmsil edən xanımların mövqeyi budur.

- Sizcə, cəmiyyətdə böyük bir kütləni ətrafına toplamaq üçün qadınların gücü yetərlidirmi? Ümumiyyətlə, lider qadın olmaq sizin üçün çətindirmi?

- Əgər biz Azərbaycanda hökm sürən vəziyyətdə siyasətlə məşğuluqsa, bizə qarşı aparılan çirkin kampaniyalara sinə gəlməyi baracırırıqsa, deməli biz qadınlar heç də kişilərdən zəif deyilik. Əksinə,  bizim sözümüz bəzən daha kəsərli olur. Bu baxımdan müxalifətdə olmağımıza baxmayaraq, Azərbaycan reallığında istəyimizə nail olmaq üçün əlimizdən gələni də etməyə çalışmışıq və bundan sonra da çalışacağıq. Biz mübarizəmizlə meydandayıq. Biz özümüzü tanıtmaq üçün kimlərəsə mesaj vermirik. Sözsüz ki, mübarizə aparmasan, səni heç kim tanımayacaq. Bu baxımdan uzun illərdir biz qadın olmağımıza baxmayaraq, layiqincə mübarizə aparırıq. Liderlik cinsiyyətindən aslı olmayaraq, insanın daxilindən gəlməlidir. Hesab edirəm ki, belə ağır və çətin şəraitdə mübarizə meydanındayıqsa, yolumuz yenə davam edəcək

- Rəhbəri olduğunuz Qadınlar Təşkilatını necə idarə edirsiniz? Çünki bəzən xanımlarla çalışmaq daha çətin olur, nəinki bəylərlə...

- Bildiyimiz kimi, Müsavat Partiyasında Qadınlar Təşkilatı 2001-ci ildən fəaliyyətə başayıb. 2007-ci ildən isə mən Qadınlar Təşkilatının sədriyəm. Fəaliyyətimizlə bağlı qeyd edim ki, bizdə qadınların idarə heyəti var, Müsavat Partiyasının qadın üzvləri ayda iki dəfə yığışırıq. Doğrudur, qadınlarla işləmək hər zaman çətin olsa da, idarəetmə baxımından müsavatçı xanımlarla işləmək mənim üçün çətin deyil. Çünki bizim hamımızın yolu, mövqeyi eynidir. Məsdəqimiz Azərbaycanda demokratik cəmiyyət qurmağa nail olmaqdırsa, təbii ki, bir-birimizi başa düşməkdə problem yaranmayacaq. Baxmayaraq ki, təşkilatımızda müxtəlif sahələri əhatə edən, müxtəlif təbəqələrdən olan xanımlar var.

- Azərbaycanda qadınların siyasi fəaliyyəti birmənalı qarşılanmır. Hətta, siyasətçi qadınlara yuxarıdan aşağı baxanlar da az deyil. Partiyanın müzakirələrində sizin fikirləriniz nəzərə alınırmı, yoxsa qadınsınız deyə, ciddi qəbul etmək istəmirlər?

- Müsavat Partiyasında  həmişə xanımlara qarşı xüsusi diqqət var. Qeyd edim ki, Divanda da, Müsavat Məclisində də kifayət qədər xanım təmsil olunur. Ümumiyyətlə, partiyanın demək olar ki, bütün strukturlarında xanımlara diqqət göstərilir və onlar öz sözlərini deməyi bacarırlar. Həmçinin  regionlarda qadınların siyasi aktivliyini artırmaq üçün geniş müzakirələrə də başlamışıq. Çünki qadın olan yerdə inkişaf var, qadın olan yerdə mədəni cəsarət var. Bir məsələni qeyd edim ki, biz mitinqlərə çıxan zaman kənardakı insanlara emosiya veririk və onlar bildirirlər ki, biz sizin kimi qadınlarla fəxr edirik. Kişilər görürlər ki, biz qadın olaraq mitinqlərdə mübarizə aparırıq, təzyiqlərə qarşı əzmlə dayanmağı bacarırıq. Onlar hardasa bizdən örnək götürürürlər ki, bunlar qadın ola-ola mərdliklə mübarzirə meydanındadırlar və bu meydandan qaçmırlar. Bu baxımdan mən deməzdim ki, qadınlar zəifdirlər.
Bizi nə qədər əzsələr də, təzyiq göstərsələr də, cərimələsələr də, mübarizəmizdən heç kim döndərə bilməyəcək. Əminəm ki, 2013-cü il Azərbaycanda demokratik dəyişikliklər ili olacaq. Seçkilərdə biz xalq olaraq, o cümələdən Müsavat Partiyası olaraq öz sözümüzü deyəcəyik. Partiya fəalı Nigar Yaqublunun timsalında biz qadınların gözünü qorxudmağa çalışsalar da, heç bir nəticə verməyəcək. Cəmiyyətdə kimin kim olduğu, kimin nə işlə məşğul olduğu hamıya məlumdur. Gülər Əhmədova ilə bağlı qalmaqaldan sonra qadınların siyasi fəaliyyətinə qarşı müxtəlif fikirlər formalaşır. Hesab edirəm ki, bu Gülər Əhmədovanın deyil, dövlətin cinayətidir.

- Ola bilərmi kişi siyasətçilərdən fərqli olaraq, xanımların iqtidar-müxalit dialoqu keçirilsin. Belə bir dialoqun keçirilməsini istərdinizmi?

- Bu yaxınlarda Nigar Yaqublu ilə bağlı düşündüm ki, belə bir dialoq, görüş keçirək. Çox istərdim ki, əks tərəfi təmsil edən xanımlar buna münasibət bildirsinlər. Gəlin etiraf edək ki, bu gün Yeni Azərbaycan Partiyasında müstəqil düşünən elə bir xanım görmürəm ki, mən belə təklif edim, o da müsbət reaksiya versin. Heç də uzağa getməyək, qayıdaq Gülər Əhmədova olayına. 125 deputatdan biri də parlamentin iclasında bu məsələyə toxunmadı. Dünyada elə bir ölkə tapa bilmərsiz ki, orda belə bir şey olsun. Bu baxımdan təbii ki, xanımların dialoqu olarsa, biz buna müsbət yanaşırıq.

-Kişilər bəzən qəbul etmirlər ki, xanımları mitinqlərdə, icazəsiz aksiyalarda iştirak etsin, polislə üz-üzə gəlsin.

- Sözsüz ki, icazəsiz mitinqlərə çıxanda hər bizimiz üçün narahat olanlar var. İstər ailəmizdə olsun, istərsə də yaxınlarımız arasında, bu, təbii ki, narahatlıq yaradır. Amma biz ilk dəfə deyil ki, bu meydandayıq. Biz artıq bu yolu seçmişik və ətrafımızdakı insanlar buna alışıblar. Qadın kimi bunlar bizə çətin olsa da, hesab edirəm ki, mübarizə aparmağa dəyər. Məncə, belə bir çətinliyimiz yoxdur.

- Ailəniz  sizin fəaliyyətinizinə qarşı deyilki?

- Mənim həyat yoldaşım da siyasətlə məşğuldur. Qeyd edə bilərəm ki, mənə bu yolda ən böyük dəstək olan insanlardan biri də elə həyat yoldaşımdır. O heç vaxt mənə tutduğum çətin yoldan dönməyi məcbur etməyib, əksinə məni siyasi fəaliyyətimdə, mübarizəmdə daha da ruhlandırıb.

-İsa Qəmbərlə işləmək sizin üçün çətin deyilmi?

- İsa bəy siyasətdə çox təcrübəli və şərəfli bir insandır. Mən şərəf duyuram ki, onun kimi başqanla çalışıram. Təbii ki, o, çox dəqiq, ciddi və məsuliyyətli siyasətçidir. Lakin buna baxmayaq mən hələ onun təcrübəsindən bəhrələnərək fəaliyyət göstərirəm. Çox gözəl münasibətlərimiz var. Hesab edirəm ki, fəaliyyətimizdən də razıyıq.

- Partiya fəaliyyətinizlə yanaşı, hardasa işləyirsiniz?

- Qeyd edim ki, ixtisasca mühəndisəm. Təəssüflər olsun ki, digər silahdaşlarımız kimi, mənim üçün də dövlət qurumlarında iş tapmaq olduqca çətindir. Hazırda işləmirəm. Bu da “müxalifətdəsənsə işləməməlisən” prinsipindən irəli gəlir. Mən sırf siyasətlə məşğulam. Əsas işim budur. Başqa iş yerim yoxdur.

- Qeyd etdiniz ki ailəlisiniz. Ailə qayğıları siyasətlə məşğul olmağa maneçilik törətmir ki?

- Ailə və siyasət, ikisini bir arda görmək sözsüz ki, çətindir. Amma buna baxmayaraq, hər ikisini eyni vaxtda tənzimləməyi bacarıram. Ailəm də məni anlayışla qarşılayır. Odur ki, ailəmdə fəaliyyətimlə bağlı problem və narazılıq yaranmayıb.

- Tənqid etdiyiniz bu hakimiyyətdən sizə yüksək maaşlı iş təklifi gələrsə, qəbul edərsinizmi?

- Əvvələr iş üçün dövlət qurumlarına, müxtəlif instansiyalara dəfələrlə müraciət etmişəm. Amma məni siyasi mövqeyimə görə, heç vaxt qəbul eləməyiblər. İndi ən yüksək vəzifə təklif etsələr də razılaşmaram.

 Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir