Modern.az

Azərbaycanda 2 şəhər və 1 rayon büdcə ayırmalarından imtina edib

Azərbaycanda 2 şəhər və 1 rayon büdcə ayırmalarından imtina edib

Ölkə

23 Oktyabr 2012, 15:14

Abşeron rayonu, Şirvan və Sumqayıt şəhərlərinin rəhbərlərini bu addımı atmağa nə məcbur edib?

2012-ci ildə büdcə zərfi təsdiq olunandan sonra rayonlara müəyyən miqdarda dotasiya ayrılan zaman Abşeron bundan imtina edib. 2013-cü ildə də Abşeron rayonuna yerli gəlir və xərclərin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılmayacaq. Bunun da səbəbini belə izah edirlər ki, Abşeron tələbatını daxili imkanlar hesabına ödəməyə qadirdir. Amma belə götürsək, böyüklüyünə və maddi cəhətdən Abşerondan geri qalmayan əksər şəhər və rayonlar yerli gəlir və xərclərin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitdən imtina etmirlər. Maraqlıdır ki, “daxil imkanlar” deyərkən hansı imkanlar nəzərdə tutulur? Modern.az mütəxəssis fikirlərini öyrənib.   

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, gələn il Abşerondan başqa, Sumqayıt və Şirvan şəhərlərinə də dotasiya ayrılmayacaq. Artıq büdcə ilə bağlı sənədlərdə Abşeron, Sumqayıt və Şirvanın qarşısı boş saxlanılıb. Deputatın sözlərinə görə, dotasiyadan imtina edən rayon və şəhərlər öz büdcələri hesabına maliyyələşirlər.
“Ötən ilki dotasiyadan yalnız Abşeron rayonu imtina etmişdisə, növbəti il Abşeron rayonu ilə yanaşı, Şirvan və Sumqayıt şəhəri də büdcədən ayrılan dotasiyadan imtina edib. Ümumiyyətlə, bu ən önəmli məsələdir. Hər il külli rayonlara külli miqdarda vəsait ayrılır. Biz bununla bağlı məsələ qaldırırq ki, yavaş-yavaş rayonlar dotasiyadan əl çəksinlər. Yəni bu proses gedir. Odur ki, bu məsələ həmişə Milli Məclisin gündəliyindəm saxlanılır və müzakirə olunur”.

İqtisadçı Nazim Məmmədov isə deyir ki, "daxili imkanlar” dedikdə büdcədənkənar yaradılmış fondların köməyi ilə, bu və ya digər qanunsuz yığımlar hesabına görülən işlər nəzərdə tutulur. Onun sözlərinə görə, belə yığım və xərcləmələr şəffaf olmur və adətən rüşvətxorluq və korrupsiyanı stimullaşdırır.

“Məsələn, ən çox dotasiya alan Naxçıvandır və ora ayrılan dotasiyaların adambaşına düşən payı başqa bölgələrə nisbətən 5-10 dəfə çox olur. Ümumiyyətlə, regionların dotasiya alması bizim büdcə-maliyyə sistemimizin unitar olmasından irəli gəlir”.

Deputatın sözlərinə görə, adətən federal idarə-üsulu olan ölkələrdə - Rusiya, Almaniya - federal büdcə ilə yerli büdcə arasında üfüqi münasibətlər daha qabarıq olur. Bizdə isə fərqli maliyyə sistemi olduğundan yerli vergiləri (əmlak və torpaq) yerli özünü idarəetmə qurumları toplayır. Qalan vergilər isə mərkəzləşdirilmiş olduğundan, müəssisələrin harada qeydiyyata düşməsindən asılı olmayaraq onlar xəzinədarlıq vasitəsi ilə mərkəzi büdcəyə ödənilir.
Hər il büdcədən ayrılan vəsaitdən imtina edən Abşeron rayon İcra Hakimiyyətindən də məsələyə münasibət öyrənməyə çalışdıq. Amma icra başçısının müavini məsələyə münasibət bildirməkdən imtina etdi.

Qeyd edək ki, 2012-ci ilin dövlət büdcəsində Bakı şəhəri istisna olmaqla, digər şəhər və rayonların 791 450 548 yerli gəlir və xərclərini tənzimlək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait ayrılmışdı. Növbəti ilin  büdcəsindən şəhər və rayonların yerli gəlir və xərclərini tənzimlək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 812 447 814 manat nəzərdə tutulub.  

Gültəkin Ələsgər 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü