Modern.az

Nəqliyyat soyqırımına son qoymaq mümkündürmü?

Nəqliyyat soyqırımına son qoymaq mümkündürmü?

Aktual

23 Oktyabr 2012, 15:50

Hər gün yol nəqliyyat qəzaları haqqında eşidirik.  Bu hadisələrin  səbəbləri  çoxdur  və bu barədə kifayət qədər danışılıb. Mən birbaşa mətləbə keçərək  sərnişin nəqliyyatındakı  qəzalara və bu sahədə dərinləşən problemlərə  diqqət yetirmək istərdim. Bu gün heç kim  yaxasını kənara çəkib  fikirləşməsin  ki,  bu qəzalardan tam sığortalanaıb. Heç kim cəmiyyətdən, ümumilikdə, nəqliyyatdan  təcrid olunub yaşaya bilməz. Ona görə də  hər bir şəxsin bu məsələlərə  ən azından biganə qalmaması  lazımdır.

Vaxtilə bəzi ekspertlər bildirirdilər ki, sərnişin nəqliyyatı özəlləşdirilib sahibkarların ixtiyarına keçdikdən,  paytaxta gərilmiş  kiçik tutumlu avtobusları iritutumlu nəqliyyat vasitələri  ilə əvəz etdikdən sonra  problemlər həll olacaq. İritutumlu avtobuslar sərnişin nəqliyyatına  gətirildi, bu sahə ilə məşğul olan özəl sahibkarlıq subyektlərinin sayı çoxaldı  və s. işlər görülsə də  bu məsələlərin həllinə kömək etmədi.

Statistik rəqəmlərə  nəzər salanda görürük  sərnişin avtobuslarında  qəzalar  son dövrlər artmaqda davam edir. Magistral yollar  təmir olunur, genişlənir, müxtəlif yelərdə  körpülər tikilir və ümumilikdə nəqliyyat  infrastruktu ən yüksək səviyyədə yenilənir. Dövlət büdcəsindən  bu sahəyə  xeyli  vəsait ayrılır.  Bəs hansı səbəbdən  avtomobil nəqliyyatında, xüsusilə, sərnişindaşımada  qəzaların sayı artmaqda davam edir?

Bir neçə il öncə  sərnişin daşıma ilə məşğul olan  sahibkarlar sürücülərdən müvafiq geyim formalarının tətbiqini tələb etdilər və buna əməl edildi. Ancaq vacib bir məsələ unuduldu. Geyim formasını dəyişməklə nəqliyyatdakı  məsələlər həll olunmur. Problemi  həll etmək üçün  işin mahiyyəti, məzmunu dəyişməli idi.  Bu  baş vermədi. Yaxşı  bəs,  bu  işin məzmunu  nədən ibarət idi? 

Sahibkarlıqla məşğul olan şəxslər ilk öncə düşünməlidirlər ki,  sürücüyə  fantastik gündəlik plan tətbiq etməklə  və  iş gününün  axırında  ondan  həmin planı tələb etməklə  sürücünün  evini yıxırlar. Bəzən yollarda avtobus sürücüləri  sanki bir-birilə sərnişin yığmağa görə yarışa girir. Qayda-qanunlar unudulur, müəyyən edilən sürət həddi unudulur.  Sürət  artımı son nəticədə  qəzalara gətirib çıxarır. Bu gün orta statistik azərbaycanlı üçün o qədər önəmli deyil ki, marşrutun sahibkarı kimdir, sürücüyə lisenziya neçəyə başa gəlir, gündəlik planı nə qədərdir? Biçarə sərnişini düşündürən rahat və salamat mənzil başına çatmaqdır.

Bir məqama diqqət yetirmək istərdim. Nəqliyyat nazirliyi ilə Dövlət Yol Polisinin avtobus sürücüləri arasında yoxlamaları, reydləri kampaniya xarakterli deyil, müasir texniki qurğuların vasitəsilə mütəmadi həyata keçirilməlidir. Bu yaxınlarda Dövlət Yol Polisinin və Nəqliyyat Nazirliyinin keçirdiyi reydlər zamanı müəyyən olundu ki, avtobus sürməyə iddialı olan şəxslərin bir çoxlarının sürücülük vəsiqəsi və yaxud kateqoriyası yoxdur.

Görün insanların taleyi kimlərin əlindədir? Bu tək avtobusu idarə edən şəxsin günahı deyil, həm də onu xəttə buraxan, axşam hansı yolla olur-olsun plan gətir deyən sahibkarın günahıdır. Bu qanuna etinasızlıqla bərabər vətəndaşlıq və dövlətçilik təfəkkürünün aşağı olması ilə bağlıdır. Sərnişin nəqliyyatındakı  qəzaların  səbəblərindən biri budur.

Sahibkarlar bildirirlər  ki, lazımı kateqoriyası  və  müəyyən təcrübəsi olan  sürücülər azdır. Təbii ki, az olacaq.  Əgər  sürücüyə yüksək əmək haqqı,  qanunvericiliyin tələblərinə uyğun   istirahət  və məzuniyyət hüququ  verilərsə  o zaman  sürücü  özünü  daha təminatlı hiss edər.  Avtobusların arasında  davam edən müharibəni xatırladan yarışma səngiyər.

Digər tərəfdən   bu gün sürücülər üçün yüksək plan müəyyənləşdirən sahibkarların məsələsində optimal variantlar  tapmaq mümkündür. Ən azından bilet satışı sisteminə və yaxud nəqliyyatdan istifadə  üçün nəzərdə tutulan  kart sisteminə  keçməklə bir nəqliyyat vasitəsinin gəlirini müəyyən etmək olar. Sürücülər isə əmək haqqı  sisteminə  keçməlidir. Əgər  sürücüyə yüksək əmək haqqı,  qanunvericiliyin tələblərinə uyğun istirahət  və məzuniyyət hüququ  verilərsə  bir sıra problemlər həll olunar. Bu zaman etibarlı və peşəkar avtobus sürücülərinin sayı çoxalar. Deməli,  bu işlər zəncirvari olaraq həllini tapmalıdır.

Araşdırsaq  görərik ki, sərnişin nəqliyyatı kifayət qədər gəlir gətirən sahədir.

Deməli burada söhbət maliyyə şəffaflığının lazımi şəkildə təmin edilməsindən, qanunsuz müdaxilələrin qarşısının alınmasından, istər cavabdeh məmurun, sahibkarın, istərsə də sürücünün və sərnişinin məsuliyyətini dərk  etməsindən gedir. Hər kəs öz məsuliyyətini dərk edib qanunla yaşamaq, işləmək vərdişlərini həyat  tərzinə çevirsə, onda sərnişin nəqliyyatındakı soyqırımların qarşısını almaq  mumkün olar. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir