Modern.az

Elm işığında

Elm işığında

Aktual

23 Oktyabr 2012, 15:57

Aqillər deyirlər ki, Ulu Yaradan Yer üzünün əşrəfi sayılan hər bir insan oğlunu müəyyən bir missiya ilə göndərir bu dünyaya. Özünün gözəl sifətlərindən də verdiyi,  kamil yaratdığı insana digər canlılardan fərqli düşüncə azadlığı da verir. Lakin yaratdığının heç də hamısı Tanrının ona verdiyi bu böyük nemətin dəyərini qədərincə anlamır. İnsan oğlunun bu dünyadakı əsl missiyasının nədən ibarət olduğunu anlayanalar və dəyərləndirənlər isə aqillər, məna əhli olan alimlər hesab olunur. Tanrı dərgahında məqamları yüksək olan alimlər elə bu dünyadakı nizamın qorunmasında da ən böyük cavabdehlik daşıyan insanlardır. Təsadüfi deyil ki, insanlığın fəxri həzrət peyğəmbərimiz Məhəmməd (s.ə.s) deyirdi ki, alimlərə hörmət edən, elə bil mənə hörmət edib. Başqa bir hədisində isə İslam peyğəmbəri “Alimin sözünə qulaq asıb yavaş-yavaş özgələrə elm öyrətmək dini fərizlərdən (vacibatdan) yaxşıdır” söyləyirdi.

Düşünürəm ki, mizan-tərəzisi pozulmuş bu günkü dünyamızda insanların daha çox alim sözünə, alim düşüncəsinə ehtiyacı var. Elə mənim söhbət açacağım insan da həyatını və düşüncəsini elmə həsr etmiş əsil alimdir.

Haşiyə. Jurnalistikada olduğum illər ərzində çox yazılar yazmışam. Hər təbəqədən olan insanlarla həmsöhbət, müsahib olmuşam. Bu yazıların uğurlu alınanları da olub, ürəyimcə olmayanları da. Ancaq nə yazmışamsa ürəyimin istəyi ilə yazmışam. Heç vaxt sifarişlə yazı yazmamışam. Ancaq nədənsə mənim üçün həmişə ən çətin yazılan yazılar daha yaxından tanıdığım və daha yaxşı yazmaq istədiyim adamlar haqqında olub. İndi yenə neçə vaxdır ki, belə bir durumdayam. Elmi rəhbərim, tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, “Elm” nəşriyyatının direktoru Şirindil Alışanlının qabaqdan gələn 60 illik yubileyinə bir tələbə sözü yazmaq istəyimin xofu basıb məni.

Onu deyim ki, mən Şirindil müəllimin haqqında əvvəlcədən çox eşitsəm də, onun elmi-publisistik yaradıcılığına müəyyən bələdçiliyim olsa da onunla ilk şəxsi tanışlığım hörmətli alimimiz, professor  Məhərrəm Qasımlının vasitəsi ilə olub. Elmi araşdırmaya meylim olduğunu söylədiyim Məhərrəm müəllim Tanrının xoş bir saatında məni Şirindil müəllimlə tanış edib arzumu ona bildirdi. Sanki Şirindil müəllim də belə bir görüşü çoxdan gözləyirmiş kimi məni dağa-daşa düşməməyə, elə doğulub boya-başa çatdığım Kəlbəcərdə zəngin bir ədəbi mühit olduğunu, onun elmi rəhbərliyi altında bu ədəbi mühiti araşdırsam daha uğurlu bir iş alınacağını diqqətimə yetirdi. Beləcə Şirindil müəllimlə ilk tanışlığım başladı və mənim sonrakı sənət taleyimdə onun rolu qırmızı bir xəttlə keçdi.

Elmi işimin mövzusu bir qədər ənənəvi standartlardan fərqli olduğundan onun Elmi Şurada müzakirəsi də birmənalı qarşılanmadı. Bəzi opponentlər bir rayonda ayrıca yetkin bir ədəbi mühitin ola biləcəyini şübhə ilə qarşıladılar. Lakin burada da Şirindil müəllimin mötəbər alim sözü şübhəli fikirlərə əl yeri qoymadı. Onun gətirdiyi ciddi arqumentlər, göstərdiyi elmi dəlillər bir anda ortadakı gərgin atmosferi tamam dəyişdi. Elmi Şuranın sədri, mərhum akademik Bəkir Nəbiyevin “Mənim doğulduğum Ağdaş rayonunda da ədəbi mühitin olmasından danışmaq yersiz olar, ancaq Kəlbəcərdə ədəbi mühitin olmadığını demək Allahsızlıq olardı” sözləri isə bütün mübahisələrə son qoydu. Beləcə o gündən Şirindil müəllimlə mənim aramda müəllim-tələbə münasibətləri başlandı.

Bu illər ərzində mən Şirindil müəllimi daha yaxşı tanıdım. İlk baxışdan sərt insan təsiri bağışlayan elmi rəhbərimin nə qədər qayğıkeş, həssas bir ürək sahibi olduğunun dəfələrlə şahidi oldum. Şirindil müəllim hər bir dissertantının, aspirantının elmi işinin plan-prospektinin detallarınacan işlənib hazırlanmasından tutmuş, onların nədən başlayıb nədə qurtarmağa, hansı ədəbiyyatdan istifadə edəcəklərinə, ən xırda detalların aydınlaşdırılmasına qədər öz məsləhətlərini onlardan əsirgəmir. Hətta yetirmələrinin əldə edə bilmədikləri elmi ədəbiyyatları da öz şəxsi kitabxanasından  gətirməyin zəhmətinə qatlaşır.

Açıq etiraf etmək lazımdır ki, son illər cəmiyyətdə bir çox məqamlarda insanlar arasındakı əvvəlki isti, səmimi münasibətlər xeyli erroziyaya uğrayıb, adamların bir-birinə yadlaşması dərinləşib, əvəzində isə insanların hər şeydə bir təmənna güdmək istəyi sanki dəyişməz həyat qanununa çevrilib. Elə bir çox insanlar da bu gün elmi rəhbər statusuna başqa bir prizmadan baxmağa başlayıblar. Bu baxımdan düşünürəm ki, elmi rəhbəri Şirindil müəllim kimi insanlar olanların bəxti hərtərəfli gətirib. Çünki o, özünə dissertant, aspirant seçəndə heç vaxt onların ictimai statusuna, maddi imkanına görə deyil, istedadına və insani xüsusiyyətlərinə baxaraq üstünlük verir.

İnsan şəxsiyyətinin tam açılmasında məncə birgə iş prosesinin rolu heç nə ilə müqayisə oluna bilməz. Burada insanlar bir-birlərini müxtəlif tərəflərdən daha yaxşı tanıyır, öz həmkarlarının sevincinə, ağrısına şərik olur, zaman keçdikcə  isə qaynayıb-qarışır, doğmalaşırlar. Ədəbiyyat İnstitutunun aparıcı şöbələrindən birinin rəhbəri kimi Şirindil müəllim işdə nə qədər tələbkardırsa, şöbə əməkdaşlarının üzləşdikləri hansısa problemlərin həll olunmasında o qədər yanımcıldır. Hər hansı bir çətinliyi olan əməkdaşların istənilən problemlərinin həlli üçün Şirindil müəllim dərhal müxtəlif instansiyalara müraciət edir, şəxsi nüfuzundan istifadə edərək problemin tezliklə həll olunmasına çalışır. Yaşlı əməkdaşların, səhəttində problemi olan işçilərin hər zaman qayğısına qalır, onlardan heç bir köməyini, yardımını əsirgəmir.

Onun rəhbərliyi ilə şöbənin hər bir iclası geniş elmi diskussiyaya, faydalı müzakirəyə çevrilir. Bu iclaslarda müasir ədəbiyyatşünaslıq elmimimzin, ümumən ədəbiyyatın çeşidli problemləri təhlil olunur, görülmüş işlərə qiymət verilir, gələcək planlar təhlil edilir.  

Onu da deyim ki, Şirindil müəllimin şöhrətin zirvəsinə gedən yolu heç də hamar olmayıb. Dünyaya dağlar diyarı Laçın rayonunun Əhmədli kəndində göz açan Şirindil Alışanlının uşaqlıqdan bir ayağı Bakıda, bir ayağı doğma Laçında olub. Böyük qardaşı Azərbaycanın tanınmış qələm sahibi, gözəl şairimiz mərhum Hüseyn Kürdoğlu onun tale və sənət yolunda öz silinməz izini qoyub. Kiçik qardaşındakı istedadı və ədəbi təfəkkürü vaxtındaca hiss edən Hüseyn müəllim onu Bakıya gətirərək orta məktəbi burada oxumasını məsləhət bilib. Elə məktəb illərindəncə paytaxtdakı qaynar ədəbi mühitin canlı müşahidəçisinə çevrilən Şirindil müəllimin sonrakı elmi-ədəbi taleyində bu amil öz silinməz möhürünü vurub. O illərdə Azərbaycanın tanınmış elm və sənət adamlarını vaxtaşırı Hüseyn müəllimin evində görməsi, onları yaxından tanıması, bir çoxları ilə birbaşa təmas qurması Şirindil müəllimin sonrakı peşə seçimində öz sözünü deyib.

Sonralar Şirindil Alışanlı 1970-75-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakultəsində təhsil alıb, ədəbi tənqid üzrə ixtisas kursunu bitirib. Daha sonra isə 1977-1979-cu illərdə SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirərək XX əsrin görkəmli estetiki Yuri Borevin rəhbərliyi altında müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. Bu yerdə dünya şöhrətli alimin öz keçmiş tələbəsi haqda iki il bundan qabaq yazdığı ürək sözləri  Şirindil Alışanlı şəxsiyyətini daha aydın xarakterizə edən ən səmimi bir müəllim etirafıdır. Akademik yazırdı ki, əziz Şirindil, həyatda ömrün elə anları gəlib çatır ki, insan bir vaxtlar nəyisə öyrətdiyi tələbəsindən özü öyrənməyə başlayır. Sən indi o məqamda olan tələbələrdənsən və mən səninlə qürur duyuram.

Şirindil Alışanlı hələ gənc yaşlarından cəsarətli qələm sahibi kimi tanınıb. Onun ədəbi tənqid sahəsində qələmə aldığı məqalələri o illərdə elmi ictimaiyyət tərəfindən mötəbər yanaşma kimi qəbul olunub. Həm də onun ənənəvi standartlardan fərqli, şablon düşüncədən uzaq, bəzən sistemin oturuşmuş yanaşmalarından köklü dərəcədə fərqlənən ədəbi baxışları çoxlarında təəccüb doğursa da, əsil elmi düşüncə tərəfindən məmnunluqla qarşılanıb. Hətta o zamanlar nüfuzlu kürsü sahibi olan bəzi qələm sahiblərinin ədəbi yaradıcılığına obyektiv tənqidçi sözü deməsi özünə qarşı müəyyən narazılıqlar yaratsa da, ancaq bu ədəbi nümunələrdəki obyektiv elmi təhlil, sərras və dürüst analiz qarşı tərəfdən bir dəfə də olsun qarşılıqlı açıqlama gəlməsinə əl yeri qoymayıb.

Onu tanıdığım gündən Şirindil Alışanlıda müşahidə etdiyim ən üstün cəhətlərdən biri də onun sələflərinə olan böyük ehtiramı, qədirşünaslığıdır. Bir daha vurğulayım ki, onun bu yanaşmaları bütün təmənnalardan uzaq, yalnız insani duyğulardan boy verən, bir insanın öz dünəninə olan hörmətindən xəbər verir. Ədəbiyyatımızda və elmimizdə böyük xidmətləri olmuş, hazırda haqq dünyalarında olan bir çox alimlərimizin elmi-ədəbi irsinin qorunub-saxlanılmasında, onların təkrar nəşr edilərək gələcək nəsillərə çatdırılmasında Şirindil müəllimin xidmətləri ölçüyəgəlməzdir. Görkəmli ədəbiyyatşünas-alimlərimiz Yaşar Qarayevin, Azadə Rüstəmovanın, Zakir Məmmədovun, Hüseyn Kürdoğlunun, Ağa Laçınlının və adlarını çəkmədiyim neçə sələfimizin ədəbi irsinin yenidən işıq üzü görməsində bu gün onun çəkdiyi zəhmət bir insanlıq örnəyidir.

Şirindil müəllimin ən böyük xidmətlərindən biri də illərdən bəri onun klassik ədəbi irsimizdən tutmuş müasir ədəbi nümunələrimizin yüksək tədqiq və tərtibatla nəşr edilərək Azərbaycan elmi-ədəbi ictimaiyyətinin xidmətinə verilməsiylə bağlıdır. Onun birbaşa rəhbərliyi və təşkilatçılığı ilə “Elm” nəşriyyatı tərəfindən nəşr olunmuş “Azərbaycan ədəbiyyatının tarixi poetikası”, “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”, “XX əsr Azərbaycan şeiri antologiyası” çoxcildliklərinin, “Yaradıcılıq metodu məsələləri”, “Ədəbi-nəzəri fikir iki əsrin qovşağında” və adlarını çəkmədiyim digər kitab və toplular bu qəbildəndir.

Şirindil Alışanlı yüksək erudisiyalı ziyalı, dərin elmi təhlil təfəkkürünə malik alim, vətəninin uğurlarını öz uğurları sayan, ağrılarını öz ağrısı hesab edən vətəndaşdır. Onun bu günə qədər işıq üzü görmüş “Sözün estetik yaddaşı” (1994), “Romantizm: mübahisələr, həqiqətlər” (rus dilində, 2000), “Ədəbi-bədii düşüncənin sərhədləri” (2010), “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” (2011) kitabları da uzun illər elmi axtarışda olan bir alimin yüksək elmi sənətkarlıqla qələmə aldığı fundamental əsərlərdir.

Şirindil Alışanlı şəxsiyyətindən danışarkən onu yalnız bir alim kimi xarakterizə etmək də düzgün yanaşma olmazdı. O, yüksək elm təşkilatçısı, peşəkar naşir, fəal ictimai xadim, milli dərdlərimizlə yaşayan narahat vətəndaşdır. Düşünürəm ki, onu oxuculara geniş təqdim etməyə də ehtiyac yoxdur. Çünki o, Azərbaycan ictimaiyyətinə qədərincə tanışdır. Vaxtaşırı onun televiziya kanallarında, müxtəlif mətbuat orqanlarındakı ayrı-ayrı ədəbi şəxsiyyətlər haqqındakı çıxışları, elmi-ədəbi irsimizin çeşidli problemlərinə güzgü tutan açıqlamaları da alim şəxsiyyətinin hərtərəfli açılmasında az əhəmiyyət daşımır.

Şirindil Alışanlı elmi-ədəbi aləmdə qazandığı uğurlara, ictimai həyatdakı fəallığı, nüfuzuna və yaşadığı ömür yoluna görə bu gün öz 60 illik yubileyini könül xoşluğu və böyük məmnunluqla qeyd etməyi çoxdan haqq etmiş bir Azərbaycan ziyalısıdır. Ancaq mən yaxşı bilirəm ki, onun illərdən bəri doğma Laçınından, Qarabağından ayrı düşməsi bu sevinci bütöv yaşamasına imkan vermir. Elə bir an olmur ki, onun söhbətlərində yurd itkisinin ağrısını, niskilini hiss etməyəsən. 

Mən bu yazımda illərdən bəri tanıdığım Şirindil müəllimin xarakterindəki müsbət cizgilərin çox az bir hissəsinə güzgü tutmağa çalışdım. Xatırladım ki, bu günlərdə dəyərli müəllimim Şirindil Alışanlının anadan olmasının 60 ili tamam olur. Ömür Tanrının insana verdiyi bir qismət payıdır, onu qiymətə mindirmək, zinətləndirmək isə insanın öz  boynuna düşən yükdür. Elə Şirindil müəllim də ömrün əsil dəyərini bilən insanlardan biridir.

Dəyərli alimimizi 60 illik yubileyi münasibəti ilə tələbələri, həmkarları və iş yoldaşları adından ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi, işlərində və elmi yaradıcılığında yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Sonda isə təbrikimi mərhum şairimiz Hüseyn Kürdoğlunun onun 50 illik yubileyinə həsr etdiyi şeiri ilə tamamlayıram:

Yaz, yarat, qələmindən dürdanələr saçılsın,
Əsrlər gizlicində bağlı sirlər açılsın.
Pas tutmuş ehkamların daş-divarı uçulsun,
Mən də qoca yaşımda baxım, sevinim, gülüm,
Ay istəkli qardaşım, əzizim, Şirindilim! 

İlham Məmmədli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!