Modern.az

Rövşən Əkbərov Milli Qəhrəman adından məhrum edilə bilər

Rövşən Əkbərov Milli Qəhrəman adından məhrum edilə bilər

Aktual

11 Avqust 2021, 12:54

Azərbaycan ordusunun sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov bu ilin mart ayında həbs olunub. Bakı Hərbi Məhkəməsində onunla bağlı cinayət işi üzrə bir neçə məhkəmə iclası keçirilib. Növbəti iclasın avqustun 25-nə təyin olunması qərara alınıb.


Rövşən Əkbərovun barəsində açılan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaqla müəyyən edilib ki, onun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr var.

 

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

General Rövşən Əkbərov 2011-ci ildən orduda birlik komandiri vəzifəsini tutub. 2021-ci ilin fevralında müdafiə naziri Zakir Həsənovun əmriylə ordu sıralarından ehtiyata buraxılıb. İki dəfə "Azərbaycan Bayrağı" ordeni ilə, bir neçə dəfə isə müxtəlif orden və medallarla təltif edilib.

 

Vətən müharibəsi zamanı onun adı heç bir döyüş əməliyyatında hallanmayıb və sonradan təltif edilənlər sırasında da olmayıb.

 

R.Əkbərov Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ad ona Prezidentin (mərhum ölkə başçısı Heydər Əliyev) 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə verilib.

 

Məhkəmə R.Əkbərovu azadlıqdan məhrum etməklə yanaşı, onun həm Milli Qəhrəman adını, həm də general rütbəsini əlindən ala bilər.

 

Belə ki, əvvəllər “Azərbaycanın Milli Qəhrəmanı” adı geri alınmış şəxslər olub. Onlardan Rasim Əkbərov və Surət Hüseynovu qeyd etmək olar.

 

Rasim Əkbərova prezidentin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdi. Lakin 2001-ci ildə dövlət çevrilişinə cəhddə günahlandırılıb həbs ediləndə Azərbaycan prezidentinin 537 saylı fərmanı ilə Rasim Əkbərov “Azərbaycanın Milli Qəhrəmanı” adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.

 

Dövlət çevrilişinə cəhddə günahlandırılan Rasim Əkbərov 15 il azadlıqdan məhrum olunub. O, 2008-ci il avqustun 28-də əfv olunaraq azadlığa buraxılıb.

 

“Azərbaycanın Mili Qəhrəmanı” adından məhrum olunanlardan biri də keçmiş baş naziri Surət Hüseynovdur. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və “Azərbaycanın Mili Qəhrəmanı” adından məhrum edilməsi barədə qərar qəbul edib. Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq ölkəyə gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

 

Bəs görəsən R.Əkbərovun Milli Qəhrəman adı və general rütbəsi hansı halda geri alına bilər?

 

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev bununla bağlı Modern.az-a bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 42-ci maddəsində cəza növlərindən bəhs olunur. Bu cəza növlərindən biri həmin maddənin 42.0.5. bəndində xüsusi və ya hərbi rütbədən, fəxri addan, eləcə də dövlət təltifindən məhrum etmədir.

 

"Bu cəza o zaman tətbiq olunur ki, şəxs ağır və xüsusilə ağır cinayət törətmiş olsun. Məhkəmə cinayətin ictimai təhlükəli xarakterini, dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onu xüsusi və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrum etmənin zəruriliyinə gəldikdə, bu qərarlardan birini qəbul edir.

 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi və ya ali rütbədən məhrumetməyə gəlincə, həmin şəxs general-leytenantdır. Qanuna əsasən, fəxri addan və dövlət təltifindən məhrumetmə məsələsinə baxılması üçün təqdimat göndərilməsi haqqında qərar verilir. O, "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Təbii ki, bunlar Prezident tərəfindən verilir. Qeyd edim ki, məhkəmə həmin şəxsin ali hərbi rütbədən və fəxri addan məhrum edilməsi ilə bağlı dövlət başçısına təqdimat göndərə bilər. Bu barədə qərar qəbul edilir. O şərtlə ki, həmin şəxsin əməli məhkəmə prosesində sübut olunsun və barəsində ittihamedici hökm çıxarılsın".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir