Modern.az

Kremlin QISQANCLIĞI: Qaqauzlar artıq Moskvaya deyil, Ankaraya ümid bəsləyir

Kremlin QISQANCLIĞI: Qaqauzlar artıq Moskvaya deyil, Ankaraya ümid bəsləyir

12 Avqust 2021, 15:35

Rusiya və Türkiyə arasında geosiyasi mübarizə yeni mərhələyə qədəm qoyub.

 

Modern.az bildirir ki, bu mübarizənin bir cəbhəsi də Moldova ərazisində yaşayan və muxtar respublika statusuna malik Qaqauziyadır. Türk mənşəli və pravoslav məzhəbinə qulluq edən qaqauzlar uzun illər Rusiyaya meyl edib.

                                                                                  

1812-ci ildə Rusiya İmperiyası Moldovanı tərkibinə daxil etdikdən sonra qaqauzlar Moskvanın etibarlı müttəfiqinə çevrilmişdi. 1991-ci ildə Moldova müstəqil dövlət elan olunduqdan sonra ölkədə Qərbə inteqrasiya və Moskvaya sadiq qüvvələr arasında mübarizə başladı.

 

Son prezident seçkilərində qərbmeylli Maya Sandunun, parlament seçkilərində isə onun rəhbərlik etdiyi partiyanın qələbəsi Moskvanın hiddətinə səbəb olub. Avropa Birliyinə üzv olmağı hədəfləyən Moldovanı bu yoldan döndərmək üçün Kreml Moldova ərazisinin bir hissəsində yerli rus və ukraynalı sakinlərin köməyi ilə yaratdığı Dnestryanı separatçı rejimindən və Qaqauziyada ənənəvi Rusiyaya simpatiyadan təsir rıçaqları kimi istifadə edir. Amma son illər Moskvanın Qaqauziyadakı ənənəvi avtoriteti Türkiyənin apardığı səliqəli “yumşaq güc” siyasəti sayəsində buxarlanmağa başlayıb.

 

Moskva artıq əvvəlki kimi, Qaqauziyada əsas ipləri əlində saxlamağa və bununla rəsmi Kişinyova təzyiq etməyi bacarmır.

 

Təsadüfi deyil ki, oğuz mənşəli qaqauzlara Rusiyanın təsirinin azalması barədə amerikalı ekspert Pol Qoblun sonuncu hesabatında da məlumatlar yer alıb.

 

“125 minlik qaqauz icmasını Moskva Moldovanın Avropa Birliyi yaxud NATO-ya daxil olmaq niyyətlərinə qarşı istifadə edirdi. Amma son illərdə Moskva qaqauzlara təsirinin azalmaqda olmasından narahatdır. Belə ki, Türkiyə türk qardaşlığı çərçivəsində Qaqauziya muxtariyyətində təsirini artırıb və böyük maliyyə yatırımları edib”-deyə hesabatda deyilir.

 

Türkiyənin, xüsusən TİKA qurumunun Qaqauziyadakı fəaliyyəti Moskvanı narahat edir. Moldovada Qərbyönümlü qüvvələrin güclənməsi, o cümlədən prezident Maya Sandunun fəaliyyəti Ankaraya Moskva üzərində əlavə üstünlüklər qazandırıb. Bu fonda Moskva Qaqauziya başqanı İrina Vlaxı öz orbitində saxlamaq üçün bölgədə mədəni, humanitar və iqtisadi layihələr həyata keçirməyə çalışır. Kremlin məqsədi gələn ay Qaqauz Xalq Məclisinə (Gagauziyanin Halk Topluşu) keçirilən seçkilərdə Moskvayönlü qüvvələrin qələbəsini təmin etməkdir.  Hazırda Qaqauziyada Ankara ilə Moskvanın təsir gücü eyni səviyyəyə gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır