Modern.az

Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR

Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR

Parlament

14 Avqust 2021, 22:00

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.


Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Rafael Allahverdiyevdir.


O Rafael Allahverdiyev ki, I (1995-2000) və II (2000-2005) çağırış Milli Məclisin üzvü olmaqla yanaşı, həm də uzun müddət (3 iyul 1993 - 16 oktyabr 2000-ci il) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Yeri gəlmişkən, Rafael Allahverdiyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan 91 nəfərdən biridir. O, həm də Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olub.


Rafael Xanəli oğlu Allahverdiyev
1945-ci il mayın 9-da Bakı şəhərində neftçi ailəsində dünyaya gəlib. 1961-ci ildə orta məktəbdən məzun olan Allahverdiyev 1974-cü ildə Moskvadakı İctimai Elmlər Akademiyasının Mətbuat işçiləri fakültəsini bitirib. O, çox-çox sonralar, 1994-cü ildə - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi vaxtlarda Qərb Universitetinin Xarici iqtisadi əlaqələr fakültəsini də bitirərək, işgüzar inzibatçılıq üzrə magistr ixtisasına yiyələnib.

Gənclik illərində “Qaradağneft” zavodunun neft və qaz istehsal edən idarəsində operator işləyib. Sonra əmək fəaliyyətini Serebrovski adına zavodda davam etdirib.


1971-83-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ümumi şöbəsində təlimatçı, partiya təşkilatları şöbəsində inspektor və Mərkəzi Komitənin ümumi şöbəsinin müdir müavini olub.

1983-88-ci illərdə Bakı şəhəri Nərimanov rayonunun birinci katibi vəzifəsində,  1989-93-cü illərdə respublika “Sağlamlıq” cəmiyyəti sədrinin müavini işləyib. Həmin dövrdə Azərbaycan Beynəlxalq Bankının işlər müdiri vəzifəsində də çalışıb.

O, 1985-1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı da olub.

Yuxarıda qeyd etdiyimiz kimi, R.Allahverdiyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan “91-lər” biri olub, Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasında fəal iştirak edib.

Məhz bu istiqamətdəki fəaliyyətinin nəticəsi olaraq, Heydər Əliyev hakimiyyətə qayıdan kimi hələ 70-ci illərdən tanıdığı Rafael Allahverdiyevi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi mühüm vəzifəyə gətirib (1993-cü ilin 3 iyulunda).

O, həm də 1993-cü ildən YAP-ın sədr müavini postunu tuturdu. Və bu postda 2001-ci ilə qədər qaldı.

Bakı meri vəzifəsinə gələndən iki il sonra Rafael Allahverdiyev deputat mandatına da sahibləndi. Belə ki, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası I çağırış Milli Məclisinə 25 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçildi.

O, I çağırış Milli Məclisdə Yerli özünüidarə məsələləri komissiyasının üzvü idi.

Rafael Allahverdiyevə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi birmənalı münasibət yox idi. Məsələn, onun dövründə paytaxtda xırda ticarət, küçə alveri geniş vüsət almışdı. Küçə alverinə, xırda ticarətə geniş imkan yaradılması isə şəhərin çirklənməsinə, xoşagəlməz mənzərələrin hökm sürməsinə səbəb olmuşdu. Küçə ticarətinə imkan yaradılmasını insanların dolanışığı baxımından təqdir edən çox idi, amma şəhərin görünüşünə önəm verənlər bunun əleyhinə idilər.


2000-ci ilin oktyabr ayının sonunda Rafael Allahverdiyev Bakı meri vəzifəsindən istefa verdi. Həmin ilin noyabr ayında isə yenidən Milli Məclisə deputat seçildi. O, II çağırış parlamentin Regional məsələlər daimi komissiyasının üzvü idi.

R.Allahverdiyev Milli Məclisidə hakim Yeni Azərbaycan Partiyasını təmsil edirdi.


Hələ gənc yaşlarından Heydər Əliyevlə işləməyə başlayan R.Allahverdiyev mərhum dövlət başçısının ən yaxın və sadiq silahdaşlarından hesab olunurdu.

Amma Heydər Əliyevin vəfatından sonra hakimiyyət daxilindəki rəqiblərinin R.Allahverdiyevə təzyiqləri artdı.

Daha sonra hüquq-mühafizə orqanları onu narahat etməyə başladılar.

2004-cü ilin iyulunda isə Rəfael Allahverdiyev deputat olmasına baxmayaraq, dindirilmək üçün Respublika Prokurorluğuna çağırıldı. Onun Baş Prokurorluğa çağırılması bir sıra müstəqil və müxalufət mətbuatında iqtidardakı bəzi məmurları tənqid edən musahibələr verməsindən sonraya təsadüf edirdi.

Doğrudur, həmin vaxt R.Allahverdiyev deputat toxunulmazlığını əsas gətirərək Baş Prokurorluğa getməkdən imtina etdi, bununla belə vəkili və oğlu Xanəli Allahverdiyevi ora göndərməyə məcbur oldu. Çünki o, özünün məlumatlı mənbəyinə əsaslanaraq, hansısa ektremal situasiyada həbs oluna biləcəyini mümkün saymışdı.

"Mən parlamentin deputatıyam, Heydər Əliyev dövründə ölkənin siyasi rəhbərliyində təmsil olunmuşam. Buna görə də özümə qarşı belə bir rəftarı qəbul etmir və bunu pisləyirəm. Bu səbəbdən vəkilimi Baş Prokurorluğa göndərdim",-deyə R.Allahverdiyev o zaman bildirmişdi.

Bəs uzun müddət yüksək vəzifələrdə çalışmış, Milli Məclisin deputatı olmuş, YAP-ın qurulmasında yaxından iştirak etmiş R.Allahverdiyevin hakimiyyətin qəzəbinə tuş gəlməsinin səbəbləri nə idi?

O zaman bu barədə müxtəlif fikirlər səsləndirilsə də, R.Allahverdiyevin özü təzyiqlərin arxasında həmin vaxt Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevin adını çəkirdi.

Məsələn, R.Allahverdiyev “Exo” qəzetinə verdiyi 21 iyul 2004-cü il tarixli açıqlamasında R.Mehdiyevə təzyiqləri dayandırması üçün xəbərdarlıq ünvanlamışdı:
"...müstəqil və ya müxalif mətbuata müsahibə verməkdə pis bir şey görmürəm... Bir daha demək istəyirəm - əgər Ramiz Mehdiyev əməllərini dayandırmasa, onda ona qarşı ciddi ittiham xarakterli materiallar dərc edəcəyəm".


Amma Rafael Allahverdiyevə qarşı təzyiqlər dayanmadı... Hüquq-mühafizə orqanları onu Bakının keçmiş vitse-meri Faiq Məmmədovun saxlanıldığı işlə əlaqədar - “8-ci kolometr bazarı”nın özəlləşdirilməsində yol verilmiş qanunsuzluqlarla bağlı narahat edirdi. Bundan başqa, Amerika səfirliyi yaxınlığındakı sökülən evlərin sakinləri ilə bağlı işləri də yenidən qaldırmağa başlamışdılar. Həmin evlərin sakinlərinə kompensasiyaların verilməsi zamanı maxinasiyaların olduğu sübuta yetirilmiş, keçmiş vitse-mer Eldəniz Lahıcov həbs olunmuşdu. Eyni zamanda, Bakının imkanlı adamlarından olan hacı Qalib Salahzadə (sabiq deputat-red.) və digərləri mətbuatda R.Allahverdiyevə qarşı çeşidli ittihamlar irəli sürür, onu dövlətə məxsus torpaqları satmaqda günahlandırırdılar...


Və bu hadisələrin fonunda Rafael Allahvberdiyev 2004-cü ilin dekabrında deputatlıqdan da imtina etməli oldu. Bu azmış kimi, onu hətta YAP-dan da çıxardılar.

Azərbaycanda həbs olunacağından ehtiyatlanan Rafael Allahverdiyev ölkəni tərk edib İsveçrəyə mühacirətə getməyə məcbur oldu.

O zaman İsveçrənin Montro şəhərində məskunlaşan R.Allahverdiyev yenidən Azərbaycana qayıtmaq və pozulmuş hüquqları uğrunda mübarizəyə başlamaq niyyətində olduğunu bəyan edir, BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlardan kömək istəyəcəyini bildirirdi. 

2005-ci ildə Milli Məclisə seçkilər ərəfəsində R.Allahverdiyevin adı "Yeni Siyasət" (YeS) blokuna qoşulacaq şəxslərin sirasında hallanmaşa başladı. Ancaq Eldar Namazov, Yaqub Məmmədov, Vahid Əhmədov, Əli Məsimli, Rəhim Hüseynov, Eldəniz Quliyev və digər müstəqil şəxslərin təmsil olunduğu YeS blokunda Rafael Allahverdiyevi də görmək mümkün olmadı. 2007-ci ildə bu siyasi blok fəaliyyətini dayandırdı.

Rafael Allahverdiyev Azərbaycana qayıtmaq üçün çox çalışdı. Amma sağ-salamat dönə bilmədi. 

Çünki sağalmaz xətsəliyə - beyin xərçənginə mübtəla olan keçmiş deputatın vəziyyəti getdikcə pisləşir və onun başı öz müalicəsinə qarışırdı.

Rafael Allahverdiyev 2004-cü ilin sonlarından 2009-cu ilin əvvəlinə kimi İsveçrədə mühacir həyatı yaşamağa məcbur oldu.

2008-ci ilin noyabr ayında səhhəti kəskin pisləşdiyindən onu İsveçrədə xəstəxanaya yerləşdirmişdilər. Bir neçə günlük müalicədən sonra isə həkimlər artıq hər şeyin gec olduğunu deyərək, ona müalicəni dayandırmağı məsləhət görmüşdülər.


Hazırda İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli o zaman Rafael Allahverdiyevlə həmin ölkədə bir neçə dəfə görüşmüş, mütəmadi telefon əlaqəsi saxlamışdı. Jurnalist sabiq merlə bağlı xatirələrində yazır:


“...İsveçrədə yaşamaq onun üçün çətin idi. Xüsusən yerli dillərdən heç birini, üstəlik, ingilis dilini bilməməyi ona İsveçrə mühitinə adaptasiya olmağa imkan vermirdi...

...Yadımdadır, yeni gələndə ürəkli danışırdı. Dünyanın bir sıra nüfuzlu insanları ilə əlaqələri olduğunu deyirdi. Moskva meri Lujkovla xüsusi münasibətlərini yada salırdı. Mənsə yaxşı bilirdim ki, belə münasibətlər yalnız vəzifə başında işlək olur. Vəzifədən çıxandan sonra belə əlaqələr avtomatik qapanır...

...Rəhmətlik bir ara mənə 15-20 vərəqlik əlyazmasını verdi. Rusca yazılmış yazıda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bağlı bəzi məqamlara toxunulmuşdu...
...Rəfael müəllimi inandırmağa çalışdım ki, o, H.Əliyev haqqında bestseller ola biləcək bir kitab yaza bilər. Sadəcə, həqiqətləri yazmaq yetər. Kitaba rusca ad da fikirləşmişdi. Həmin ad türkcəmizdə belə idi: “Heydər Əliyev: gündoğandan günbatana”.

...Amma ondakı həyat eşqi yavaş-yavaş sönməyə başladı. Bunu görməmək mümkün deyildi.
...R.Allahverdiyev İsveçrədəki qərib soydaşlarımızın evində dəfələrlə olub. Ara-sıra bizə də gələrdi...
...Öncələr o, buradakı soydaşlarımızı bir araya gətirmək üçün çalışırdı. Amma hər şey qəflətən dəyişdi. R.Allahverdiyev hamı ilə münasibətləri birdən kəsdi...

... 2008-ci il dekabrın 24-də həyat yoldaşı Zakirə xanımdan zəng gəldi. Dedi Rəfael müəllim sizinlə danışmaq istəyir.
Danışdıq. Son dərəcə qısa çəkən bu danışıq mənə çox uzun gəldi. Rəfael müəllimin səsi xırıldayırdı. Onun dediklərini güclə başa düşürdüm. Can verən adamla telefonla danışmaq qədər əzablı nə ola bilər?! Mən ömrümdə bu qədər yalan danışmamışdım. Onu inandırmağa çalışırdım ki, möhkəm olmalıdır. Ürəkaçan şeylərdən danışmağa çalışdım. Haradansa ağlıma Sürixdə açdığımız məktəb gəldi. Dedim xəstə olduğunuz üçün sizi açılışa dəvət edə bilmədik, amma xəstəxanadan çıxan kimi sizi məktəbdə gözləyəcəyik. Sadəcə onu dedi ki, məktəb açmaqda yaxşı iş görmüsünüz: “Mən gəlməsəm də oğlum-qızım ora gələcək. Gərək belə olmayaydı”.
Sonradan dedikləri isə anlaşılmaz oldu. Bütün diqqətimi o səsin üzərində cəmləsəm də alınmadı. Bu, əslində danışıqdan da çox bir insanın zarıltısına bənzəyirdi. Xırıltılı səsi birdən kəsildi. Zakirə xanım dedi ki, Rəfael müəllim bir az yoruldu elə bil...
Bu söhbətlə bağlı çox düşündüm. Rəfael müəllim mənə niyə zəng vurdurdu? Mənə nə demək istəyirdi? Bilmədim. Bəlkə də sadəcə səsimi eşitmək istəyirdi? Kim bilir, bəlkə də halallaşmaq istəyirmiş. Bu suallara yəqin ki, heç vaxt cavab tapmayacam...”.


2008-ci ilin dekabr ayında keçmiş merin həyat yoldaşı Zakirə Allahverdiyeva ərinin həyatının son günlərində Bakıya qayıtmasına şərait yaradılması üçün Azərbaycan hakimiyyətinə müraciət etdi. Və dekabrın sonlarında R.Allahverdiyevin ölkəyə qayıdışına razılıq verildi.

Ailəsi R.Allahverdiyevi yalnız 2009-cu il yanvarın əvvəlində çox ağır vəziyyətdə Bakıya çatdıra bildi. Və o, doğulduğu şəhərə çatdıqdan cəmi bir neçə saat sonra - yanvarın 11-də dünyasını dəyişdi.
 
Keçmiş mer və sabiq deputat Rafael Allahverdiyev Bakının Fatmayi kəndindəki qəbiristanlıqda torpağa tapşırıldı. Onun dəfninə Sirus Təbrizlidən başqa YAP-ı quranlardan və partiya rəhbərliyində təmsil olunanlardan, eləcə də məmurlardan heç kim qatılmadı. O zaman Sirus Təbrizli mətbuata verdiyi açıqlamasında YAP-çıların bu partiyanın qurucularından və Heydər Əliyevin yaxın silahdaşlarından biri olan Allahverdiyevin dəfn mərasiminə və yasına qatılmamalarından təəssüfləndiyini vurğulamışdı.

YAP-dan çıxarılmasını həzm edə bilməyən Rafael Allahverdiyev buna reaksiyasını yerli mətbuata verdiyi son açıqlamalarının birində belə ifadə etmişdi: “Azərbaycan üçün ən çətin günlərdə həmfikir insanlarımızla birlikdə Yeni Azərbaycan Partiyasını yaratdıq və mən həyatımı YAP-ın sıralarında bitirəcəyəm”.

Keçmiş mer və sabiq deputatın bu arzusu gözündə qaldı...

 

Ə.Qafarlı

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır