Modern.az

Keçmiş döyüşçülər məşhur erməni terrorçusunu kimin öldürdüyünə dair BƏYANAT verdi

Keçmiş döyüşçülər məşhur erməni terrorçusunu kimin öldürdüyünə dair BƏYANAT verdi

Aktual

24 Oktyabr 2012, 14:15

Son günlər mətbuat səhifələrində beynəlxalq terrorçu Monte Melkonyanın kimin öldürdüyü ziddiyyətli fikirlər söylənilir, mübahisələr gedir.
Modern.az saytı xəbər verir ki, belə mübahisələr keçmiş döyüşçülər tərəfinmdən narazılıqla qarşılanıb. 831 saylı və 161 saylı batalyonların zabit və əsgərləri adından bu mübahisələr son qoyulması üçün bəyanat yayılıb. Bəyanatda müharibə veteranları mətbuat səhifələrində yer alan həmin yazılardan təəssüf hissi keçirdiklərini vurğulayıblar.

“General-leytenant Talıb Məmmədovun “Turan” informasiya agentliyinə vermiş olduğu müsahibə təəssüf hissi doğurmaya bilmir. Çünki, biz general Talıb Məmmədovu Qarabağ savaşında müəyyən döyüş yolu keçmiş bir zabit kimi tanıyırıq və məhz onun tərəfindən bu fikrin söylənilməsini heç bir vəchlə qəbul edə bilmirik. Cənab Talıb Məmmədov Azərbaycan ordusunun generalıdır. Təbii ki, o İbad Hüseynovu və ya bizim hər birimizi yanına dəvət etmiş olsaydı, biz məmnuniyyətlə bu dəvəti qəbul edərdik və cənab general bu məsələ ilə bağlı fikir və münasibətini bildirə bilərdi. Lakin general Talıb Məmmədovun Qarabağda döyüşmüş insanlar arasında mübahisə və fikir ayrılığına səbəb olan bəyanatla çıxış etməsi bir daha qeyd edirik ki, bizdə yalnız təəssüf hissi doğurur. Erməni terrorçunun kimin tərəfindən məhv edilməsi barədə polemikanın açılması və bununla bağlı müxtəlif ziddiyyətli fikir və məqamların ortaya atılması isə fikrimizcə ümumi işimizin xeyrinə olacaq heç nə vəd etmir”-deyə bəyanat müəllifləri qeyd ediblər.

Bildirilir ki, Monte Melkonyanın məhv edilməsi, onun öldürülməsi ilə bağlı zaman-zaman erməni mətbuatının özündə belə, çoxsaylı müxtəlif versiyalar irəli sürülüb. Erməni mənbələrinin müxtəlif zamanlarda vermiş olduqları məlumatlarda Monte Melkonyanın Muğanlı kəndində, Mərzilidə və ya Azərbaycan ordusu tərəfindən atılmış mərminin partlaması nəticəsində öldüyü qeyd edilməklə yanaşı, hətta ermənilərin öz aralarındakı olan gərgin münasibətlərin müəyyən edilməsi zamanı ermənilərin özləri tərəfindən qətlə yetirildiyi də iddia olunur.

Bəyanatda qeyd edilir:

“Monte Melkonyan dünya ermənilərinin qəhrəmanı və qürur mənbəyidir. Təbii ki, hər bir millət öz qəhrəmanının şərəflə, döyüş meydanında ölməsini arzulayar və bu da yəqindir ki, heç bir millət öz qəhrəmanın şərəfsiz ölümünü istəməz. O cümlədən ermənilər də Melkonyanın öldürülməsi ilə bağlı müxtəlif versiyalar irəli sürürlər. Düşmənlərimiz, əli yüzlərlə soydaşımızın qanına bulaşmış bu dırnaqarası qəhrəman üçün hər zaman “şərəfli” ölüm əfsanəsi uydurmağa çalışıblar. Bu baxımdan ermənilərin Melkonyanın Mərzili kəndində gedən döyüşdə öldürülməsi ilə bağlı iddiası da bu məqsədə xidmət edirdi və 2005-ci ildə “Gün-Səhər” qəzetində dərc olunan yazı da erməni mənbələrinə istinadən hazırlanmış bir materialdır.

Təbii ki, Monte Melkonyanın qardaşı Markar Melkonyan da onun ölümünü şərəfsiz bir sonluqla yekunlaşmasına razı ola bilməzdi və məhz bu məqsədlə də onun Mərzili kəndində gedən döyüşdə öldürüldüyünü isbat etməyə çalışmışdı. Halbuki, Melkonyanın öldürülməsi ilə bağlı məlumatlar 2005-ci ildə “Gün -Səhər” qəzetində dərc olunan materialdan çox-çox əvvəl, yəni 1994-cü ildən Azərbaycan mətbuatında yayılmağa başlamışdı.

 General-Leytenant Talıb Məmmədov və 708 saylı briqadanın mətbuata müsahibə verən keçmiş zabitləri də qeyd edirlər ki, “sözügedən döyüş əməliyyatları zonası müntəzəm hissələrin nəzarəti altında idi və bu bizim briqada idi. Heç kim bizimlə razılaşdırılmadan hər hansı bir əməliyyat həyata keçirə bilməzdi”. Cənab zabitlər, Sizdən soruşuruq, bəs 708 saylı briqadanın döyüş əməliyyatları apardığı ərazinin sol cinahını, yəni, Mərzili kəndindən Xocavənd rayonunun “Ağburun” ərazisinə kimi olan ərazini 1992-1993-cü illərdə kim müdafiə edirdi? 708 saylı briqadamı? Əlbəttə ki, yox!

Bu ərazini 831 saylı Xocavənd batalyon müdafiə edirdi və bu batalyon keçirdiyi döyüş əməliyyatları üçün sizdən icazə almırdı!

Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirik ki, həmin vaxt bu ərazilər taleyin ümidinə buraxılmışdı. 1992-1993-cü illərdə 831 saylı Xocavənd özünümüdafiə batalyonu Xocavənd istiqamətində döyüş əməliyyatları aparan yeganə hərbi hissə idi. İbad Hüseynov da bu batalyonda xidmət edirdi. Təəssüf ki, sizin qeyd etdiyiniz həmin dövrə aid arxiv sənədləri özünüzün də yaxşı bildiyiniz kimi əsl həqiqətləri əks etdirmirdi. Bir daha vurğulayırıq ki, bizim batalyon heç bir ambisiya və məqsəd güdmədən yalnız torpaqlarımızın müdafiəsi və işğal olunmuş ərazilərimizin azad olunması uğrunda gecə - gündüz fəaliyyət göstərmişdir. 831 saylı batalyon müstəqil batalyon olaraq bir müddət 702 saylı Füzuli briqadasının, sonra - əgər general Talıb Məmmədov xatırlayırsa - 1992-ci ilin sonlarında az bir müddət 708 saylı Ağdam briqadasının, daha sonra 704 saylı Lənkəran briqadasının təminatında olmuşdu. 1993-cü ilin may ayından 831 saylı batalyonun adı dəyişdirilərək 161 saylı batalyon adlandırıldı, avqust ayından isə 161 saylı müstəqil batalyonun bazası əsasında 161 saylı alay yaradıldı. Keçmiş Martuni rayonunda cəmləşmiş və Monte Melkonyanın başçılıq etdiyi erməni qüvvələrinin qarşısında duran və atəşkəs dövrünə qədər həmin ərazidə döyüş əməliyyatları aparan da bizim batalyon olmuşdur. Məhz bu batalyon tərəfindən Xocavənd rayonunun bir hissəsi qorunub saxlanılmış və ermənilərə ciddi zərbələr vurulmuşdur”.

Bəyanat müəllifləri İbad Hüseynovla bağlı məqama xüsusi olaraq toxunublar:

“İbad Hüseynov bizim batalyonun əsas döyüşçülərindən biri olmuşdur. Onun döyüş yolu 1993-cü ildən deyil, 1990-cı ildən başlamışdı. Həmin dövrdə, yəni Azərbaycan ordusunun olmadığı bir zamanda Xocavənd özünümüdafiə dəstəsinin əsas döyüşçüsü olmuşdur. 1991-1993-cü illərdə İbad Hüseynov çoxlu sayda əməliyyatlar həyata keçmiş və belə əməliyyatların birində Monte Melkonyan məhv edilmişdir. 1993-cü ilin iyun ayında batalyon ikinci korpusun tərkibinə daxil idi, həmin dövrdə isə korpus komandiri Rafiq Ağayev idi. İbad Hüseynovun həyata keçirdiyi kəşfiyyat diversiya xarakterli əməliyyatların biz hamımız şahidləri və bilavasitə iştirakçılarıyıq. 1993-cü ilin iyun ayının 10-da İbad Hüseynovun başçılıq etdiyi kəşfiyyat bölüyü düşmən arxasına keçmiş və iyun ayının 12-də Monte Melkonyan qətlə yetirildikdən sonra iyun ayının 13-də çox böyük çətinliklər hesabına geri qayıda bilmişlər. Həmin əməliyyat zamanı ermənilərdən əldə olunmuş qənimət korpus komandirin stolunun üzərinə qoyulmuşdu”.

Bəyanat müəllifləri bildiriblər ki, 1994-cü ildə İbad Hüseynova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adının verilməsi barədə iki dəfə təqdimat yazılıb və təqdimatların heç birində Monte Melkonyanın məhv edilməsi və ya onun tərəfindən öldürülməsi qeyd edilməyib.

“Yəni İbadın “Azərbaycan Bayrağı” Ordeni ilə təltif olunmasına Monte Melkonyanın öldürülməsinin heç bir aidiyyatı yoxdur. İkinci dəfə 1994-cü ilin aprel ayının 10-da Ümummilli Lider Heydər Əliyev bizim batalyonun əsgərləri ilə görüşü zamanı bizim gözlərimiz qarşısında Müdafiə nazirinə İbad Hüseynova Milli Qəhrəman adının verilməsi haqqında təqdimatın hazırlanması üçün göstəriş vermişdir. Hərbi hissə tərəfindən Müdafiə Nazirliyinə təqdimatın verilməsinə baxmayaraq, həmin dövrdə Müdafiə Nazirliyində baş verən haqsızlıqlar ucbatından İbad Hüseynova Milli Qəhrəman adı yox, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə qərar qəbul etmişlər. Bu gün də biz hesab edirik ki, həmin dövrdə Müdafiə Nazirliyində müəmmalı qərar qəbul edilibdir və hesab edirik ki, İbada layiq olduğu ad verilməlidir.
1992-ci ilin yanvar ayının 11-16 da Xocavənd rayonunun Qaradağlı kəndinin işğalının qarşısının alınması məqsədi ilə keçmiş Martuni şəhərinə təşkil olunmuş hücum əməliyyatına görə İbada Milli Qəhrəman adı düşür. Belə ki, həmin döyüş əməliyyatında məhz İbadın şəxsi fədakarlığı sayəsində keçmiş Martuni şəhəri yarısına kimi ermənilərdən təmizlənmiş və erməni qüvvələri Qaradağlı kəndinə olan hücumu dayandırmaq məcburiyyətində qalmışlar və qısa vaxt ərzində Qaradağlı kəndində olan yüzlərlə qadın, qoca və uşaqların kənddən çıxarılması mümkün olmuşdur ki, bununlada da gələcəkdə baş verəcək faciənin daha böyük miqyaslı olmasının qarşısı alınmışdır. Eyni zamanda bildiririk ki, İbad Hüseynovun bütün ailə üzvləri yəni özü ilə barəbər dörd qardaşı torpaqlarımızın müdafiəsində qəhrəmanlıqla iştirak etmişlər və hamısı döyüşlərdə dəfələrlə yaralanmışlar. İbad Hüseynovun qardaşları İlyas və Əbülfət Hüseynovlar 831 və 161 saylı Xocavənd batalyonunun komandirləri olmuşlar. Onlar torpaqlarımızın müdafiəsində nəsilliklə iştirak etmiş, İbad Hüseynovun yaxın əqrəbalarından 3 nəfər döyüşlərdə şəhid olmuş və onların nəslindən olan bütün kişilər hər zaman ön cərgələrdə döyüşmüş, yaralanmış, sağlamlıqlarını itirmiş və hamısı da Qarabağ müharibəsi veteranı, əlilidirlər”.

“Qarabağda savaşmış keçmiş zabitlərin Monte Melkonyanın kim tərəfindən məhv edilməsi ilə bağlı qaldırdıqları ajiotaja isə bir daha böyük təəssüf hissi ilə yanaşırıq. Hər birimizə gün kimi aydındır ki, ermənilər bütün bunları izləyirlər və buna görə ən azından bizə gülürlər. Cənablar, gəlin Melkonyanın kimin öldürməsi haqqında yox, torpaqlarımızın necə işğal olunması səbəbləri haqqında və necə azad edəcəyimizin yolları haqqında danışaq. Bu gün bütün dünyada Azərbaycanın haqq işinə ikili standartlardan yanaşanların, bizə qarşı yönəlmiş irili-xırdalı bütün güclər hamısı bizim bu cür absurd məsələlər barəsində baş “sındırmağımızı” istəyirlər. Bu bizə yaraşmaz cənablar! Yaxşı-yaxşı düşünün!

Bu gün biz, keçmiş müharibə veteranları, generalları, zabitlər və əsgərləri bir olmalıyıq və torpaqlarımızın işğaldan azad olunması haqqında düşünməliyik. Bir - birimizə, eyni zamanda Ali Baş Komandana arxa və dayaq olmalıyıq. Ən azından mətbuatda belə gülünc mübahisə obyektinə çevrilməyimizə rəvac verməməliyik. Əks halda xalqımız və millətimizdə bizim keçmişimiz barədə, yəni müharibə dövründə də aramızda bu cür ziddiyyətlər və fikir ayrılıqlarının olması səbəbindən torpaqlarımızın işğal olunması haqqında fikir formalaşa bilə”-deyə bəyanatda bildirilib.

Bəyanatı 831 saylı və 161 saylı batalyonların zabit və əsgərləri adından

Cəfərov Eyvaz
Allahverənov Ələsgər
Məmmədov Əlibala
Məmmədov Tahir
Məmmədov Zakir
Quliyev Rəhman
Şıxəliyev İdris
Namazov Elxan
Hüseynov Müşfiq
İmanov Nurəddin
Quliyev Adil
İmanov Zeynal
 Sadıqov Cəsarət
 Qəhrəmanov Elçin
Namzov Elçin
Xudiyev İsmayıl
Məmmədov Etibar
 İmanov Ədalət
 Əsgərov Əli
 Şirinov Sahib
 Quliyev Səfər
 Vəliyev Adil
 Məhərrəmov Qalib
Nəsirov Fikrət
 Xudiyev Vüqar

və daha 300 nəfər imzalayıb

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi