Modern.az

Paşinyanın “sülh” hazırlığı: Növbəti yalan və Şuşaya atəş - ŞƏRH

Paşinyanın “sülh” hazırlığı: Növbəti yalan və Şuşaya atəş - ŞƏRH

Analitika

13 Avqust 2021, 12:41

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bildirib. O ötən gün hökumətin iclasında çıxış edərək rəsmi Bakı ilə yüksək səviyyədə danışıqlar aparmaq istədiklərini, hətta təklif gözlədiklərini deyib.

 

“Regionda sülh səhifəsi açmaq istəyirik. Bu isə hökumətdən xüsusi səylər tələb edir. Problemli məsələləri həll etmək üçün maksimum iş görməliyik. Amma tez həll edə biləcəyimiz məsələlər də var. Onlar regional kommunikasiyaların açılması və iqtisadi əlaqələrin blokadan çıxarılmasıdır. Azərbaycanla delimitasiya və demarkasiya işlərini də aparmağa hazırıq” – deyə Nikol Paşinyan vurğulayıb.

 

Ermənistan həqiqətən Azərbaycanla danışıqlara hazırdır? Paşinyanın Bakıya ünvanlanan mesajı nədən xəbər verir?

 

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan rəhbərinin sülh danışıqları barədə fikirlərini Modern.az-a şərh edib. Onun fikrincə, Paşinyanın çıxışı pafosdan ibarətdir:

 

“Paşinyan bu dəfə də boş-boş danışıb. Onun dediyi “sülhə hazırıq” ifadəsi yalandır. “Mən sülhə hazıram” demək mənasızdır. Paşinyan eyni taktikanı irəli sürür. Hakimiyyətə gələndə “mən sülh üzərində işləyəcəyəm” deyirdi. Amma hakimiyyətə gəldikdən sonra “Qarabağ Ermənistandır” bəyanatını verdi. Ermənistan tərəfindən tutarlı addım atılmalıdır. Ondan sonra sülh barədə danışa bilərlər”.

 

Sülh açıqlaması və 3 əsas istiqamət...

 

Fərid Şəfiyev hesab edir ki, sülh danışıqları üç istiqamətdən ibarətdir:

 

“Birincisi 10 noyabr bəyanatının icrasıdır. Biz görürük ki, Ermənistan tərəfi indi də bəyanatın şərtlərini kobud şəkildə pozur. Rusiya sülhməramlı qüvvələri tərəfindən nəzarət edilən ərazilərimizə Ermənistandan Laçın dəhlizi üzərindən silah və hərbçilər daşınır.

 

İkinci məqam Moskvada əldə olunan üçtərəfli 11 yanvar razılığıdır. Ermənistan faktiki olaraq bu razılıqdan da imtina edir, çünki orada kommunikasiya xətlərinin və Zəngilan dəhlizinin açılması qeyd olunmuşdu. Bu istiqamətdə də irəliləyiş yoxdur.

 

Üçüncü istiqamət sərhədin demarkasiya və delimitasiya məsələsidir. Burada da heç bir yenilik yoxdur. Bir sözlə, mənim müşahidələrim neqativdir”.

 

Qeyd edək ki,  Paşinyan ölkəsinin guya sülhə hazır olduğunu bildirsə də, reallıq tam əksini göstərir. 

 

Belə ki,  Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. 

 

Avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!