Modern.az

Təhsildə yeni mərhələ: Kasıb tələbələrə “yaşıl işıq” yandırılır

Təhsildə yeni mərhələ: Kasıb tələbələrə “yaşıl işıq” yandırılır

Təhsil

14 Avqust 2021, 11:57

Bu il Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı.  Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

 

Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına verilən təhsil kreditlərinə dair bir sıra tələblər irəli sürülür. Belə ki, təhsil kreditləri tədrisə tam cəlb olunaraq (fulltime) təhsil müəssisələrində əyani təhsil alan tələbələrə və təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün veriləcək. Kreditin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borc olmamalıdır. Kredit üçün girov və zaminlik tələb olunmayacaq.

 

Bundan başqa, kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılacaq. Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmayacaq və qaytarılması tələb edilməyəcək. Borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarından kreditin həcmindən az olmamaq şərtilə sığortalanacaq.

 

Kreditlər Azərbaycan vətəndaşlarına manatla veriləcək.

 

 

Sosial kreditlər  bir sıra güzəştlərlə tətbiq olunacaq. Belə ki, ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı təhsil tələbə kreditlərinin 50 faizi hissəsinin ödənişindən azad olunacaq.

 

Standart kreditlər üçün də müəyyən güzəştlər tətbiq ediləcək. ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı təhsil kreditlərinin 25 faizi hissəsinin ödənişindən azad olunacaq.

 

“Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na görə, Təhsil Tələbə Kreditinin verilməsinə dair məsələlərin tənzimlənməsi Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” altsistemi vasitəsilə həyata keçirilir. Qaydaya əsasən, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi proseduru, təhsil tələbə krediti üzrə hüquqların əldə olunması və kreditin qaytarılması, habelə təhsil tələbə krediti ilə bağlı digər məsələlər tənzimlənir.

 

 

Təhsil naziri Emin Əmrullayev növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Krediti Fondu tərəfindən maliyyələşməsinin təmin edilə biləcəyini söyləyib. Nazirin sözlərinə görə, kreditlər veriləndə  ilkin mərhələdə giriş balları nəzərə alınacaq:

 

"Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Güzəştlərin edilməsi də nəzərdə tutulacaq. Bu kredit kommersiya məqsədi daşımır. Gələcəkdə müxtəlif mənbələrdən Fondun maliyyəsi artırıla bilər. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da veriləcək. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək. Tələbə təhsili bitirəndən təxminən 20 il ərzində kreditini hissə-hissə ödəyəcək. Bu və ya digər səbəbdən ödəyə bilmədiyi, hərbidə olduğu, işləmədiyi və digər hallarda kiçik müddətli möhlət hüququ da veriləcək".

 

Nazir çıxışında vurğulayıb ki, bu addımın atılmasında əsas məqsəd ali təhsildə əlçatanlığın təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır:

 

"Təhsil Tələbə Krediti Fondu ali təhsildə mühüm dəyişikliklərə gətirib çıxaracaq. Fonddan həm dövlət, həm də özəl təhsil müəssisəsində təhsil alan tələbə istifadə edə bilər. Əsas məsələ ali təhsil müəssisəsinin lisenziyasının olmasıdır. Ümumiyyətlə, Fərmandan irəli gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək, bu qaydalar növbəti bir ay ərzində hazırlanıb Nazirlər Kabinetinə veriləcək və təsdiq ediləcək. Bu kreditlər çox aşağı, təxminən 2 faiz olacaq. Kreditlər sosial həssas qrupdan olanlar üçündür. Sosial həssas qrupdan olmayanlar üçün isə qaydalar açıqlanacaq. Ehtiyacla yanaşı, giriş ballarına da baxılacaq, yüksək nəticə bizim üçün əsas şərtlərdən olacaq. Müvəffəqiyyət göstərici olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Amma vətəndaş məsuliyyəti və dayanıqlılıq baxımından, ödənilmiş maliyyə geri qaytarıldıqca digər tələbələrin oxuma şansı da olacaq".

 

Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli isə təhsil kreditlərinin sentyabr ayından verilməyə başlayacağını deyib. Onun sözlərinə görə,  təhsil  krediti sosial həssas ailələrə məxsus olan tələbələrə  və standart ailələr olmaqla iki yerə ayrılacaq:


 
“Tələbə təhsil haqqının 20 % birbaşa ödədikdən sonra, geridə qalan 80 faizini kredit yolu ilə köçürə biləcək”.

 

 

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, Təhsil Tələbə Kredit Fondunun yaradılması ölkədə təhsil haqqını ödəyə bilməyən ailələrə böyük dəstək olacaq:

 

"Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahıya baxanda görürük ki, siyahıda mübahisəli məqamlar var. Birincisi, orada qeyd olunur ki, Fondun imkanlarından iki kateqoriya istifadə eləmək hüququna malikdir - sosial və standart kreditlər. Tələbələr birinci tədris ilinin ilk semestrindən etibarən TTKF-in vəsaitindən istifadə edəcəklər. Amma burada istifadə eləmək hüququna malik insanların kateqoriyası çox dardır. Yəni orada qeyd edilir ki, sosialdan istifadə edən 3-cü dərəcəli əlilliyi olanlar. Biz bilirik ki, 1-ci və 2-ci qrup əlilliyi olanlar azaddırlar. 3-cü qrup əlilliyi olanlar təbii ki, müəyyən qədər çətinlik çəkirlər. Hesab edirəm ki, bu ciddi bir güzəştdir. Amma burada bir kateqoriya var, 1-ci və 2-ci qrup hər iki valideyn əlil olmalıdır. Əgər valideynin biri əlil deyilsə, istifadə edə bilməyəcək. Yaşa görə əmək pensiyası və yaşa görə sosial müavinət alanların övladları da sosial TTKF-dan və qəbul olduqları vaxtdan etibarən istifadə edə biləcəklər. Bu, olduqca müsbət addımdır”.

 

Bundan əlavə, K.Əsədov standart kreditlərin verilməsi qaydalarına da aydınlıq gətirib:

 

"Burada çatışmazlıq ondan ibarətdir ki, ortaya ümumi müvəffəqiyyət göstəricisi qoyulub. Kimin ki ümumi müvəffəqiyyət göstəricisi 71 baldan yuxarıdırsa, onlar müraciət edə bilər. Bu, doğru yanaşma deyil. Məhdudiyyət qoymaq lazım deyil. Çünki insanların bu və ya digər səbəblərdən, bəlkə də özlərindən asılı olmayan səbəblərdən ümumi orta müvəffəqiyyət göstəricisi aşağı ola bilər. Deyirlər ki, standart kredit almaq üçün orta müvəffəqiyyət göstəriciniz 71 baldan yuxarı olmalıdır. Bundan aşağı olanlar müraciət edə bilməzlər. Və digər tərəfdən illik təhsil haqqının 20%-ni ödəməlisiniz, qalan hissəsini kredit olaraq götürə bilərsiniz. Hesab edirəm ki, bu da bir az sosial yönümlüdür, ən azından yaxşıdır”. 

 

 

Təhsil eksperti, həmçinin bu kreditdən 2500-3000 min manat təhsil haqqı olanların yararlana biləcəyini diqqətə çatdırıb:

 

"Bu, bir az anlaşılandır. Düşünürəm ki, yüksək təhsil haqqı alanlar da bundan yararlanmalıdır. Ən vacib məqam kreditin geri qaytarılması müddətidir. Son müəddət 10 il göstərilib. Hesab edirəm ki, kreditin qaytarılma müddətinin 10 il olaraq göstərilməsi kifayət qədər yaxşı haldır. Ən azından bir az məsuliyyət olacaq. TTKF-ə görə, hər hansı bir güzəşt, zamin, hər hansı digər öhdəlik tələb olunmur. Ən yaxşı proseslərdən biri də kredit məbləğinin sığortalanmasıdır”.

 

Kamran Əsədov onu da əlavə edib ki, kredit əyani təhsil alan tələbələrə verilir: "Qiyabi tələbələrə verilmir. Hesab edirəm ki, bu çatışmazlıqdır. Çünki qiyabi tələbələr də bundan yararlanmalıdır. Kredit ancaq Azərbaycan vətəndaşlarına veriləcək”.

 

Aysel Aslan

 

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyilə ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda dərc olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir