Modern.az

Məhkəmə Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsi işi üzrə ekspertiza təyin etdi

Məhkəmə Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsi işi üzrə ekspertiza təyin etdi

Aktual

24 Oktyabr 2012, 18:37

Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt olunmasından verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə mərhum şairin ailəsinin hüquqlarını Vüqar Tahirzadə müdafiə edib. Qarşı tərəfdən prosesdə Sabail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rüstəm Məmmədovun qardaşı Mübariz Məmmədov iştirak edib.

Hakim Nurəddin Bağırov iş üzrə ekspertiza keçirilməsinin zəruri olduğunu bildirib. Bununla əlaqədar Vüqar Tahirzadə məhkəməyə vəsatət verib. Vəsatətdə o, təyin olunacaq ekspertizanın bu sualı cavablandırmasını istəyib: Ağa Laçınlının ailəsinə və Rüstəm Məmmədovun anası Biliy Məmmədovaya Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət reyestrindən çıxarışlarda göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşürmü, düşürsə, hansı hissədə?

Hakim Nurəddin Bağırov yazılı şəkildə təqdim olunan vəsatəti qəbul edib və prosesi qeyri-müəyyən vaxtadək təxirə salıb. Hakim bildirib ki, ekspertiza yekunlaşandan sonra məhkəmə prosesi davam edəcək.

Xatırladaq ki, 1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən, Ağa Laçınlıya fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb. Ağa Laçınlı vəfat etdikdən sonra da həmin torpaq sahəsi ailənin mülkiyyətində qalıb. Lakin 2011-ci ildə həmin torpaq sahəsi zəbt edilib. Torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman, 1995-ci il martın 15-də anası Biliy Məmmədovanın adına verdiyi 885 saylı sərəncam əsasında zəbt olunub.

2012-ci il sentyabrın 5-də rəsmi dövlət qəzeti “Azərbaycan”da bu hadisəni kəskin pisləyən yazı dərc olunub. “Şairə verilən torpaq sahəsini saxta yolla ələ keçirmək istəyirlər” başlıqlı həmin yazıdan sonra məsələ ictimailəşərək başqa KİV-lərdə də geniş işıqlandırılıb. Nəticədə sabiq icra başçısı qanunsuz çəkdirdiyi hasarın 2 metrini sökdürüb. Lakin bu hasarın 6 metr yarımdan çox hissəsi hələ də Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsini zəbt etməkdədir.

Torpağı zəbt olunmuş ailə hüquqlarının müdafiəsi üçün bir sıra dövlət instansiyalarına, həmçinin məhkəməyə müraciət edib.



Mail Ağaxanov
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?