Modern.az

"Dövlətimiz öz strateji hədəflərinə doğru yorulmadan addımlayır"

Aktual

15 Avqust 2021, 17:44

Prezident İlham Əliyevin CNN Türk kanalına müsahibəsində səsləndirdiyi fikirlər, dövlətimizin regionda baş verən proseslərə münasibətini, Cənubi Qafqazın gələcəyi ilə bağlı baxış bucağını açıq şəkildə ifadə etməklə yanaşı, Azərbaycan Prezidentinin xarakter cizgilərini də qabarıq şəkildə nümayiş etdirir.


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.


Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin güclü, öz xalqını dərindən sevən, bütün gücünü Azərbaycanın daha da qüdrətlənməsi və xalqın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf edən, xalqın sevgi və böyük dəstəyini qazanmış LİDER olması onun hər kəlməsində, hər addımında özünü büruzə verir:

 

“Prezident İlham Əliyevin ata vəsiyyətinin, Azərbaycan xalqının istək və arzularının yerinə yetirilməsi naminə nümayiş etdirdiyi qətiyyət, cəsarət, yüksək vətənpərvərlik nümunəsi, onun milli dəyərlərimizə, Azərbaycan xalqına məxsus ailə ənənələrinə sədaqətinin, Vətəninə bəslədiyi böyük sevginin nümunəsidir. Azərbaycan Prezidentinin öz müsahibəsində 44 günlük Vətən müharibəsi zamanı bəzi dairələrin mülahizələri ilə bağlı səsləndirdiyi fikirlər, qənaətimə görə bir çox məqamlara aydınlıq gətirmək üçün yetərlidir. Diqqət yetirək, Prezident CNN Türk televiziya kanalının müxbirinin sualına cavabında qeyd etdi ki, “Müharibənin ilk günlərində bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayadırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdu, sona qədər gedəcəyik”. “Öldü var, döndü yoxdur”, - bunu Azərbaycanın Ali Baş Komandanı, onun qətiyyətli mövqeyindən ruhlanan əsgər və zabitlərimiz, ona güvənən Azərbaycan xalqı deyirdi və bu gün də eyni yanaşma, eyni mövqe ortalıqdadır”.


Azər Kərimli deyib ki, cənab Prezidentin müsahibəsində diqqət çəkən ən önəmli məqamlardan biri də, Azərbaycanın regionun gələcəyi ilə bağlı mövqeyindən bir addım da geri çəkilməyəcəyini, Zəngəzur dəhlizi başda olmaqla bütün kommunikasiyaların açılmasına nail olunacağını, indiki halda buna mane olan səbəblərin isə Ermənistanın daxili siyasətindən qaynaqlandığını qeyd etməsi idi:

 

“Ötən əsrin əvvələrindən başlayaraq, erməni Qriqoryan kilsəsi və kilsənin “xeyir-duası” ilə yaradılan Daşnaksütun, Krunk kimi təşkilatlar insanların beyinlərini əsassız iddialarla və başqa xalqlara nifrətlə zəhərləyiblər. Ermənistanda və dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin bir neçə nəsli saxta tarix, qondarma ideologiyaların təsiri altında tərbiyə alıblar və Ermənistan cəmiyyətində mövcud olan radikal millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiyanın əsasında da qondarma tarix, saxta ideoloji tezislər dayanır.


İndi, cənab Prezidentin də qeyd etdiyi kimi, bu ideoloji sütunlar darmadağın edilib və Ermənistan cəmiyyəti ağır psixoloji basqı altındadır. Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi aldadıldıqlarını, uzun illər boyu yalanla bəsləndiklərini başa düşür, amma hələ də radikal millətçiliyin təsiri altından çıxa bilmir, çünki reallığı dərk və qəbul etdiyinə görə, təzyiqlərə və hətta terrora məruz qalacağından qorxur. Ermənistanın tarixi belə nümunələrlə zəngindir və yalnız 1999-cu ildə parlamentdə həyata keçirilən qətliam, dəhşətli terror aksiyası ermənilərin qorxu və “məğlubedilməzlik” mifi arasında reallıqları görə bilməmələri, yaxud həqiqətin gözünə baxmaqdan qorxmaları üçün yetərli sayıla bilər. Azərbaycan Ordusunun böyük qələbəsi “məğlubedilməzlik” sindromu və saxta tarix, mədəniyyət üzərində qurulan bütün ideoloji faktorları sıradan çıxardı, darmadağın etdi”.


Azər Kərimli qeyd edib ki, Prezident İlham Əliyevin CNN Türk televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın və müttəfiqlərinin bölgənin gələcəyi ilə bağlı aydın təsəvvürlərə sahib olduqlarını, dövlətimizin öz strateji hədəflərinə doğru yorulmadan addımlayacağını bir daha təsdiqləyir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir