Modern.az

Qurban - Halallıq və Birlik bayramı...

Qurban - Halallıq və Birlik bayramı...

25 Oktyabr 2012, 01:17

QURBAN KƏSMƏK İSLAMIN MAL İLƏ EDİLƏN İBADƏTLƏRİNDƏN BİRİDİR

 

Oktyabrın 25-26-sı bütün müsəlman ölkələri müqəddəs Qurban bayramını qeyd edir. Dünya müsəlmanlarını bir araya gətirən bu mərasimlə Allan-təala yolunda xeyriyyə işləri görülür, fəqir-füqəraya əl tutulur. Həmin günlər qurban kəsib paylamaq ən xeyirxah əməl sayılır. Qurban bayramının ictimai faydaları çoxdur. Bayram günlərində qohum-əqrəba, qonum-qonşularla əlaqələr güclənir.  Bütün müsəlman dövlətlərində olduğu kimi Azərbaycanda da Qurban bayramı rəsmi səviyyədə qeyid edlilir.

Qurban bayramı Azərbaycanda 2 gün qeyd edilir. Bununla əlaqədar oktyabrın 25 və 26-sı  istirahət günləridir. 70 il Azərbaycanı əsarətdə saxlayan Sovetlər İmperiyanın sərt ideologiyası azərbaycanlılara Qurban bayramını qeyd etməyi unutdura bilməyib. Azərbaycan xalqı hətta sovet ateist təbliğatının ən güclü vaxtlarında belə, Qurban bayramını qeyd etməyə çalışıblar. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri var. Xalqımız yüz illərdir ki, Allah və din yolunda mənəvi borcunu böyük təntənə ilə yerinə yetirir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir,  firavanlıq üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İslam dinində iki əsas bayram var - Qurban və Orucluq. Qurban bayramı İslam dininin ən vacib sayılan fərzlərindən biri kimi müqəddəs Quranın tələb etdiyi dini şərtdir. Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccənin 10-cu günü qeyd olunur.

Ümumiyyətlə, tarixi mənbəələr qurban vermək, qurban kəsmək adətinin təkcə İslam dininə aid etmirlər. Məsələn İslamdan çox-çox əvvəl dünyanın bir sıra xalqlarında insanların qurban verilməsi kimi adətlər mövcud olub. 

Həzrəti Məhəmmədin yaratdığı İslam dini uca Tanrıya qurban verməkdə əvəzsiz inqilab edib. İslam dini bəşəriyyəti insanı qurban verməkdən çəkindirib və hətta onu qadağan edib. İslam dini Allahın adından buyurur ki, insan yerinə qurbanlıq heyvan kəsilməlidir. Bu barədə müqəddəs Quranın 5-ci surəsinin 97-ci ayəsində buyurulub. Qurban bayramında imkanı olan hər bir müsəlmanın qurban kəsməsi vacibdir. Amma kasıb adamların qurban kəsməsi vacib buyrulmayıb.

Qurbanlıq heyvan qoyun, keçi, inək, öküz, camış və dəvədən ibarət ola bilər. Qoyun və keçi bir, inək, öküz və camış iki, dəvə isə beş yaşına çatdıqda qurbanlıq ola bilər.

Bir qoyun və ya keçini yalnız bir nəfər, dəvə və ya öküzü isə yeddi adam birləşib qurban kəsə bilər. Kor, topal, xəstə, üstündə eybi olan, buynuzu sınıq, quyruğu kəsik, axtalanmış, dişi olmayan, arıq heyvanı qurban kəsmək yasaqdır. Qurbanlıq heyvan üzü qibləyə və Allahın adını zikr etməklə kəsilməlidir. Heyvan kəsilən zaman qurban duası kimi istifadə edilən əl-Ənam surəsinin 162-163-cü ayələrinin müəyyən bir hissəsi oxunur: «Əuzü billahi minəşşeydanir-racim. Bismillahir-rahmanir-rahim. Kul innə salati və nüsüki və mahyayə və məmati lillahi Rabbil-aləmin. La şərikə ləh...». Bu dua oxunduqdan sonra «Bismillahi, Allahu əkbər!» deyilir və bıçaq heyvanın boğazına çəkilir. Qurban kəsən şəxs ətin bir hissəsini öz ailəsi üçün saxlamalı, qalan hissəsini qonşulara, qohum-əqrəbaya, yoxsullara paylamalıdır.

Bir neçə nəfərin birləşib kəsdiyi qurbanlıq tərəzi vasitəsilə deyil, gözəyarı bölünməlidir. Əsas şərtlərdən biri isə qurbanlığın kəsilmə mərasimində şəriklərin birgə iştirakıdır. Bıçağı heyvanın boğazına bir nəfər çəkərkən digərləri də əl-ələ tutmaqla birliklərini nümayiş etdirməlidirlər. Bundan sonra hərə bir işin qulpundan yapışmalıdır. Bölgünün əsas şərtlərindən biri də ətin bütün hissələrindən hamıya paylanmasıdır. Bölgü gözə yarı olduğundan ola bilər ki, kiməsə 100-150 qram əskik gələ bilər. Ona görə də paylarını götürən şəriklər bir-birinə halallıq verməlidirlər. Qurbanlıq heyvanlar ya səhər tezdən, ya da bayram günü günəş batmazdan öncə kəsilməlidir. Gecə qurban kəsilməz.

 

A.Qorxmaz

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?