Modern.az

Yaddan çıxmış sənətkarlar - “Böyük dayaq”da sədrdən donosbazlıq edən Yarməmməd - FOTOLAR

Yaddan çıxmış sənətkarlar - “Böyük dayaq”da sədrdən donosbazlıq edən Yarməmməd - FOTOLAR

Mədəni̇yyət

16 Avqust 2021, 10:35

İbrahim İsfahanlı ad-soyadı yəqin ki, ilk baxışda oxucuya çox şey demir... Onda “Böyük dayaq” filminə baxanlar üçün Yarməmməd obrazını yada salaq. Yəqin ki, bu filmə baxanlar həmin obrazı yaxşı yadda saxlayıblar... İbrahim İsfahanlı “Böyük dayaq” filmindəki həmin Yarməmmədi oynamış aktyordur. O, təkcə aktyor olmayıb, həm də teatr tariximizdə görkəmli rejissor, və teatr təşkilatçısı kimi özünəməxsus yer tutub. Onu teatr tariximizin fədaisi də adlandırırlar.


1962-ci ildə rejissor Həbib İsmayılovun Xalq yazıçısı Mirzə İbrahimovun ssenarisi əsasında çəkdiyi "Böyük dayaq" filmi İbrahim İsfahanlını geniş tamaşaçı auditoriyasına daha yaxşı tanıtdı... O, Yarməmməd obrazını elə ustalıqla ifa etdi ki, bir aktyor kimi həmişəlik yaddaşlarda qaldı... Yarməmməd filmdə əsas rol olmasa da, görkəmli aktyorun ifasında ən yaddaqalan obrazlardan birinə çevrilib.

Yarməmməd, Yastı Salman bugünkü bəzi məmurların tipləri idi: üzdə gülüb arxada dövlət əmlakını dağıtmaq, düz işləyənlərin ayağının altını qazmaq, namuslu insanlara torba tikmək, donosbazlıq etmək və s...

Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində bu dəfə Yarməmmədin  məşhurlaşdırdığı İbrahim İsfahanlıdan bəhs edir...


İbrahim Hüseyn oğlu Hüseynzadə 1897-ci ildə Tiflisdə anadan olub. ("İsfahanlı" onun səhnə təxəllüsüdür”.

Uşaqlıq illərindən başlayaraq Tiflisin Şeytanbazar məhəlləsindəki çayxanalarda çalıb-oxuyan və dastan danışan aşıqlar, xalq oyun və tamaşaları ona ciddi təsir edib, kiçik yaşlı İbrahimdə teatr sənətinə meylin ilk cücərtilərini yaradıb.


İ.İsfahanlının maraqlı və keşməkeşli həyat tarixçəsi var. O, nə ibtidai məktəb təhsili alıb, nə də hansısa bir xüsusi teatr təhsilinə yiyələnib.

Yazıb-oxumağı da anası molla Məsmə xanımdan öyrənib, güclü mütalisəi sayəsində ədəbiyyat aləmi ilə yaxından tanış olmaq imkanı qazanıb.


Keşməkeşlərlə dolu həyat yolu keçən İbrahim 8 yaşına çatanda atası dünyasını dəyişib. Bu səbəbdən də anası onu evə maddi yardım etməsi üçün çəkməçi yanına şagird qoyub. Amma balaca İbrahim əlinə düşən qəpik-quruşu tamaşa biletlərinə xərcləyib. Məhəllə uşaqları ilə Zubalov adına Xalq evində, Artistlər klubunda, Gürcü Zadəgan (Əyanlar) evində azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalara baxıb.

Bu tamaşalar tədricən yeniyetmə İbrahimi də öz ağuşuna alıb. O, yerli həvəskarların hazırladığı tamaşalarda əvvəlcə tamaşaçı, daha sonra aktyor kimi iştirak etməyə başlayıb. 

Beləcə İbrahim İsfahanlının sənətə gəlişi baş verib...

1908-ci ildə Tiflisdə yazıçı Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” facisəinin tamaşasına baxandan sonra isə İbrahim İsfahanlı qəti şəkildə həyatını həmişəlik səhnəyə bağlamağa qərar verib. Həmin tamaşada Qacar rolunu oynayan Hüseyn Ərəblinskinin ifası İbrahim İsfahanlını xüsusilə valeh etmişdi.

İbrahim İsfahanlı sonralar yazdığı xatirələrində bu tamaşanın ona necə güclü təsir etməyini xüsusi vurğulayıb.

Arxiv məlumatlarına görə, İbrahim İsfahanlı səhnəyə ilk dəfə 1909-cu ildə, həm də qadın rolunda çıxıb. Bu imkanı isə ona Tiflis Azərbaycan Teatrının yaradıcılarından biri, sonralar Xalq artisti olmuş Mustafa Mərdanov və yazıçı Əbdürrəhim bəy Haqverdiyev yaradıb.
Belə ki, o, Mustafa Mərdanovun təşəbbüsü ilə hazırlanan bir tamaşada müəyyən tərəddüddən sonra zabitin arvadı rolunu oynamağa razılıq verib. Tamaşa uğurla keçib və İbrahim İsfahanlı səhnədə ilk addımlarını ataraq, öz taleyini həmişəlik olaraq teatra bağlayıb.


O vaxtdan səhnəyə, aktyorluq sənətinə möhkəm tellərlə bağlanan İbrahim İsfahanlı Tiflisdəki Azərbaycan Teatrında güclü aktyor truppası ilə tanış olaraq, onlarla vaxtaşırı məqşlərə qatılmaqla tədricən peşəkarlaşıb. 


1910-cu ildən Hüseyn Ərəblinski ilə eyni tamaşalarda çıxış etməyə başlayan İ.İsfahanlı öz xatirələrində iftixarla özünü bu böyük sənətkarın şagirdlərindən biri adlandırıb.

Tiflis Azərbaycan teatr dəstəsinin aktyor truppası 1911-ci ildə iki yerə bölünüb. Gürcü Əyanlar teatrında yerləşən dəstəyə Mirseyfəddin Kirmanşahlı rəhbərlik edirdi və bu, ikinci dəstə adlanıb. Birinci dəstə Zubalov adına Xalq evində fəaliyyət göstərirdi və rəhbəri qocaman səhnə fədaisi Mirzəli Abbasov olub. İkinci dəstənin tamaşaları bədii səviyyələrinə görə daha yüksək idi. İbrahim İsfahanlı hər iki dəstədə aktyorluq edib, bununla belə əsas rollarını ikinci dəstədə oynayıb.


1917-ci ildə Tiflisdə "İttihad" və "İbrət" dram dəstələri vardı və onlar sonradan həmin dövrdə Gürcüstanda işləyən Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə birləşib daha kamil truppaya çevrildilər. İbrahim İsfahanlı "İttihad"da həm aktyorluq edib, həm də bir rejissor kimi tamaşalar da hazırlayıb. "İttihad" və "İbrət" birləşərək "Müsəlman dram artistləri cəmiyyəti" olandan sonra teatr dəstəsinin fəaliyyət dairəsi genişlənib. Rəhbərləri Mirseyfəddin Kirmanşahlı, Mirzəli Abbasov və Mustafa Mərdanov, əsas təşkilatçılardan biri İbrahim İsfahanlı olmaqla bu dəstə Gürcüstanın müxtəlif iri şəhərlərinə, Acarıstanın Batum, Azərbaycanın Zaqatala, Şəki, Ağdam, Göyçay, Gəncə, Türkiyənin İstanbul, İranın Tehran, Rəşt, Təbriz, Xoy, Ənzəli şəhərlərinə qastrollara çıxıb. Xüsusən altı aydan çox çəkən İstanbul qastrolu çox uğurlu keçib.

1920-1922-ci illərdə Tiflisdə Azərbaycan teatrı kollektivinin işində güclü təkamül başlayıb və təbii ki, yeni mərhələyə keçidin önündə gedənlərdən biri də İbrahim İsfahanlı olub.
Həmin illərdə Tiflis Azərbaycan Teatrının dövlət teatrı statusu almasında İbrahim İsfahanlının mühüm xidmətləri var.

O, Tiflis Azərbaycan Teatrının aparıcı aktyorlarından biri olmaqla yanaşı, əvvəlcə rejissoru, daha sonra isə baş rejissoru işləyib.

İbrahim İsfahanlı teatrın müxtəlif truppalar halında fəaliyyət göstərdiyi illərdə də həvəskar aktyor kimi çoxlu rol oynayıb. Hətta həmin rolların əksəriyyətini bir neçə quruluşda ifa edib. Aktyorun 1909-1922-ci illərdə səhnəyə çıxdığı obrazların əsas qismi Rüstəm, Xubçöhr və Pərviz ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Fərhad, Tavad Sereteli ("Bəxtsiz cavan" və "Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev), Gürcü bəy, Rza bəy ("Nadir şah" və "Şamdan bəy", Nəriman Nərimanov), Gülçöhrə və Əsgər, İbn Salam, Gülnaz ("Arşın mal alan", "Leyli və Məcnun" və "Məşədi İbad", Üzeyırbəy Hacıbəyov), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəzıri", Mirzə Fətəli Axundzadə), Mayor Xudaverdi bəy ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov) rollarından ibarətdir.

Tiflis Azərbaycan teatrı səmərəli yaradıcılıq yolu keçərək 1947-ci il yanvar ayının 2-də bağlanıb.

Arada iki il Bakıda akyorluq etdiyini çıxmaqla İbrahim İsfahanlı əsl peşəkar səhnə ustası kimi zəngin yaradıcılıq irsi formalaşdırıb.
Aktyorun ən yaddaqalan səhnə surətləri Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Klimantura ("Jorj Danden", Jan Batist Molyer), Dəmirqaya, Şeyx Sənan, İblis, Keykavus ("Topal Teymur", "Şeyx Sənan", "İblis" və "Səyavuş", Hüseyn Cavid), Yaqo, Hamlet ("Otello" və "Hamlet", Vilyam Şekspir), Elxan, İbad, Oqtay, Balaş ("Od gəlini", "Almaz", "Oqtay Eloğlu" və "Sevil", Cəfər Cabbarlı), Vurm və Hofmarşal ("Məkr və məhəbbət", Fridrix Şiller), Süleyman ("Həyat", Mirzə İbrahimov), Koroğlu ("Koroğlu", Heydər İsmayılov), Pyer ("İki yetimə", Adolf D'Enneri və Germon), Zöhrak və Gavə ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Nadir şah ("Nadir şah", Nəriman Nərimanov), Şahmar bəy, İblis, Nəcəf bəy ("Baba yurdunda", "Pəri cadu" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), General Tomson ("Hind qızı", Əbdülhəq Hamid), Yaqor, ("Vətən namusu", Georgi Mdivani), Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Şapur, Vaqif və Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Nizami ("Nizami", Mehdi Hüseyn), Heybət ("Ürəkçalanlar", dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Fikrət Əmirov) rollarıdır.


İbrahim İsfahanlı Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında 40-dan çox əsəri tamaşaya hazırayıb. Bunların arasında Üzeyir bəy Hacıbəyovun "Əsli və Kərəm", "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu" operalarına, "Arşın mal alan", "Məşədi İbad" operettalarına, Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib", "Əlli yaşında cavan", "Evliykən subay", Vilyam Şekspirin "Otello", "Hamlet", Fridrix Şillerin "Qaçaqlar", Cəlil Məmmədquluzadənin "Ölülər", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", Hüseyn Cavidin "İblis", "Uçurum", "Knyaz", "Şeyx Sənan", "Topal Teymur", Cəfər Cabbarlının "Od gəlini", "Aydın", "Almaz", "Sevil", Səməd Vurğunun "Vaqif", "Xanlar", "Fərhad və Şirin", Sabit Rəhmanın "Toy", "Xoşbəxtlər", Aleksandr Tolstoy və Pavel Şeqolvevin "Romanovlar xanədanının son günləri", Vladimir Kirsonun "Küləkli şəhər", Rza Şahvələdin "Qız qalası", "Dağlılar", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Əbdülhəq Hamidin "Hind qızı", Sandro Şanşiaşvilinin "Anzor", Akaki Seretelinin "Kinto", Aleksandr Dümanın "Qanlı qala", Nikolay Qoqolun "Müfəttiş", Henrix Heynenin "Əl Mənsur", Süleyman Rüstəmin "Qaçaq Nəbi", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", Nəriman Nərimanovun "Nadir şah", "Şamdan bəy" ("Dilin bəlası"), Əbdürrəhim bəy Haqverdiyevin "Millət dostları", "Köhnə dudman", "Ac həriflər", "Pəri cadu", "Bəxtsiz cavan" əsərlərinə verdiyi müxtəlif quruluşlar teatrın yaradıcılıq həyatında əhəmiyyətli rol oynayıb.

Romantik ruhlu aktyor İbrahim İsfahanlı 1926-1928-ci illərdə Tiflis Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru işləyib. 1 oktyabr 1928-ci ildə Bakıya, Akademik Milli Dram Teatrına gəlib. Tiflis teatrı kollektivinin ciddi çağırışı ilə 15 yanvar 1930-cu ildə yenidən doğma kollektivə qayıdıb.  

1934-cü ildə Gürcüstanın Ahısxa türklərinin yaşadığı Adıgün rayonunda səyyar Kolxoz və Sovxoz Teatrı yaradılıb. Tiflis teatrının kollektivinin yarısı, başda İbrahim İsfahanlı olmaqla, Adıgünə gəlib həmin teatrın bünövrəsini qoyublar. Adıgün Dövlət Kolxoz və Sovxoz Teatrı 1936-cı ildə bağlanıb və bütün kollektiv Tiflisə qayıdıb. İbrahim İsfahanlı 1936-cı ildən Tiflis Azərbaycan Dövlət Dram Teatrı bağlanana qədər (2 yanvar 1947) bu kollektivdə aktyor, müəyyən mərhələlərlə rejissor, baş rejissor, bədii rəhbər kimi fədakarlıqla çalışıb.

Böyük sənət uğurları münasibətilə 4 mart 1932-ci ildə İbrahim İsfahanlıya Gürcüstan Respublikasının Xalq artisti fəxri adı verilib.

Dövlət teatrı bağlanandan sonra o, Azərbaycana gələrək Zaqatala (iyul 1947 - may 1948) və Qazax (1948-may) Dövlət teatrında baş rejissorluq edib. 1949-cu ildə bu teatrlar da bağlanandan sonra Tiflisə qayıdıb.

Tiflisdə, Başkeçiddə dram dərnəklərinə rəhbərlik edib. Gürcüstan Dövlət Filarmoniyasının Azərbaycan estrada ansamblında çalışıb. O, həm də bədii qiraət ustası kimi Azərbaycan və gürcü poeziyasının alovlu təbliğatçılarından biri olub.

1962-ci ildə qocaman aktyor "Azərbaycanfilm" də istehsal olunmuş "Böyük dayaq" filmində Yarməmməd roluna çəkilməklə daha da məşhurlaşıb.


Yeri gəlmişkən, “Böyük dayaq” Azərbaycan kino sənətinin nadir incilərindən biridir. Filmin əsas süjet xəttini kolxoz təsərrüfatında baş verən hadisələr, ona rəhbərlik üsulu, habelə ailə-məişət zəminində yenilik və mühafizəkarlığın konflikti təşkil edir. Baş qəhrəman “Yeni həyat” kolxozunun sədri Rüstəm kişi bütün ziddiyyətləri ilə bərabər, əsasən müsbət surət kimi təqdim olunur. Eyni zamanda, şəxsiyyətə pərəstişin əsas əlamətləri və acı aqibəti də onun simasında bədii şəkildə canlandırılıb. Onda öz xidmətlərinə güvənmək və hamıya böyüklük etmək meyli müşahidə olunur. Bu cəhət isə Rüstəm kişini səhvlərə sövq edir. Rüstəm kişi güman edir ki, o, kolxozda bütün adamlardan üstündür. Müavini Yastı Salman, mühasib Yarməmməd, ferma müdiri Lal Hüseyn kimi hiyləgər, yaltaq adamların şirin tərifindən xoşlanır. Köhnəliklə yenilik arasında ziddiyyətin olması səbəbindən o, get-gedə ailəsindən və xalqından uzaq düşür. Filmin sonunda isə öz səhvlərini anlayır.

Filmdə əvvəlcə mühasib köməkçisi işləyən Yarməmməd “İspalkom” sədri Kələntərin havadarlığı ilə tezliklə mühasib vəzifəsinə yüksəlir.

Kələntər isə kolxoz sədrinin müavini Yastı Salman, mühasib Yarməmməd, ferma müdiri Lal Hüseyn vasitəsilə qarmaşıq gedişlər, baş açılması qəliz kombinasiyalar qurur ki, sədr Rüstəm kişi gözdən düşsün.

Məhz Yarməmmədin “yuxarılara” yazdığı anonim məktublar, yeyintilər barədə vurduğu “zəhmətkeş teleqramları” əsasında kolxozda yoxlama təşkil olunur.

Yəqin ki, tamaşaçılar razılaşar, “Böyük dayaq”da Yarməmməd obrazı xüsusi koloriti ilə diqqət çəkir. Bəlkə də başqa aktyor bu rolu İbrahim İsfahanlı kimi ustalıqla canlandıra bilməzdi.

Görkəmli aktyor İbrahim Hüseyn oğlu İsfahanlı 13 oktyabr 1967-ci ildə Tiflisdə vəfat edib. Mərhum Tiflis müsəlman qəbiristanlığında (indiki Botanika bağının ərazisi) dəfn edilib.

Tanınmış teatrşünas, professor İlham Rəhimli özünün “Azərbaycan teatr tarixi” kitabında İbrahim İsfahanlını Tiflisdəki Azərbaycan teatrının formalaşmasında, onun dövlət statusu almasında, kollektivin aktyor ansamblının püxtələşməsində müstəsna xidmətləri olan səhnə fədakarlarından biri adlandırıb:

“İbrahim İsfahanlı xüsusi teatr təhsili görməmişdi, ancaq fitrətən aktyor doğulub, güclü fəhmlə səhnənin hər incəliklərini duyurdu, çağlayan qüdrətli daxili ehtirasdan bacarıqla istifadə edirdi. Təxəyyülü qanadlı və ifadəli, emosional-psixoloji daxili aləmi çoxqatlı idi. Həyatın ən sərt sınaqları ilə üzləşib, lakin səhnəni heç vaxt tərk etməyib, mətanəti, iradəsi və ən əsası alovlu sənət məhəbbəti ilə bütün çətinliklərin fövqündə durub. İbtidai məktəb təhsili də görməyib. Amma əslən Başkeçidin Lök Candar kəndindən olan anası Molla Məsmədən yazı-pozunu öyrənərək, zəngin mütaliəyə sahib olub”.

1997-ci ildə Gürcüstan Mədəniyyət Nazirliyinin qərarı ilə İbrahim İsfahanlının 100 illik yubileyi respublika miqyasında qeyd edilib, xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı evə xatirə lövhəsi vurulub, Tbilisi şəhərindəki küçələrdən birinə onun adı verilib.

İbrahim İsfahanlının özünün yazdığı “M.F.Axundov adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının tarixi” adlı xatirələri hazırda Gürcüstan Dövlət Teatr, Musiqi və Kino Muzeyində saxlanılır. Bu əlyazması milli teatr tariximizin inkişafı, ayrı-ayrı tamaşalar, rejissor və aktyorlarla bağlı tədqiqatların aparılması baxımından çox qiymətli əsər hesab olunur.



Ə.Qafarlı

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı