Modern.az

Türkiyədə Məhəmməd Əmin Rəsulzadə məktəbi

Türkiyədə Məhəmməd Əmin Rəsulzadə məktəbi

Aktual

26 Oktyabr 2012, 15:42

Ankaranın mərkəzi rayonlarından olan Çankayada bir lisey var. Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan bu lisey Türkiyə paytaxtının qabaqcıl təhsil ocaqlarındandır.

Çankayanın Çukurambar səmtində yerləşən M.Ə.Rəsulzadə liseyinin məzunlarının ali məktəblərə builki qəbul göstəricisi 83 faiz olub.

Liseyin 11-ci sinif şagirdi Ömer Berk Ayanoğlu deyir ki, səkkizillik təhsilini tamamladıqdan sonra təhsil səviyyəsinə görə bu məktəbi seçib.

"Məktəbin Məhəmməd Əmin Rəsulzadənin adını daşıması diqqətimi cəlb etdi. Buna görə də sənədlərimi verməzdən əvvəl onunla bağlı internetdə araşdırma apardım. Bu araşdırmalarımdan sonra öyrəndim ki, Rəsulzadə 1884-1955-ci illər arasında yaşayıb, Azərbaycanın qurucusu və Azərbaycanın Atatürkü deyə biləcəyimiz tarixi şəxsiyyəti olub", - deyir Ömer Berk.

11-ci sinifdə oxuyan Hazal Gül isə deyir ki, atasının xidməti ilə bağlı iki il Azərbaycanla sərhəd İqdırda yaşayıb və orada oxuyub.

"İqdırda mənim çoxlu azərbaycanlı dostlarım vardı. Bu məktəbə gələrkən isə Məhəmməd Əmin Rəsulzadənin faəliyyəti ilə bağlı internetdə araşdırmalardan sonra Azərbaycanın tarixi haqqında bir çox məlumatlar öyrəndim. İndi özümü Azərbaycana daha yaxın hiss edirəm və İqdirdan olan dostlarımı daha yaxşı anlayıram".

Hazal deyir ki, oxuduğu məktəb M.Ə.Rəsulzadənin adını daşıdığına görə hər gün Azərbaycanı xatırlayır.

Niyə məhz Rəsulzadə?

Liseyin direktor müavini Gültən Kayan M.Ə.Rəsulzadənin adının məktəbə verilməsinin tarixçəsindən danışaraq deyib ki, bu qərar Türkiyənin türkdilli ölkələrlə münasibətlərin inkişaf etdirilməsi siyasəti çərçivəsində verilib.

"1993-cü ildə liseyimiz yaradıldığı ərəfədə Ankaranın müxtəlif küçə, prospekt və məktəblərinə türkdili ölkələrin tarixi şəxsiyyətlərinin adları verilirdi. O zaman yeni inşa olunmuş liseyə isə Məhəməəd Əmin Rəsulzadənin adının verilməsi qərara alınıb", - lisey təmsilcisi xatırlayır.

Liseydə M.Ə.Rəsulzadə, Azərbaycan Kültür Dərnəyi tərəfindən hədiyyə edilmiş və kitabxanada qoyulmuş bir lövhə ilə xatırlanır.

Liseyin şagird və müəllimləri beynəlxalq əməkdaşlıq layihələri çərçivəsində Almaniya, Danimarka, İngiltərə, Kanada, ABŞ və digər ölkələrə səyahətlər edib və həmin ölkələrdən həmkarlarını qəbul ediblər.

Lisey direktorunun müavini Gültən Kayanın sözlərinə görə, Bakının İlyas Əfəndiyev adına 41 saylı elitar gimnaziyası və Elşad Yəhyayev adına 56 saylı orta məktəblə "qardaş məktəb"dirlər.

Bu qərar iki ölkənin Təhsil nazirlikləri arasında əldə olunmuş razılaşma əsasında qəbul edilib.

Qərarda şagird mübadilələri də daxil olmaqla, əməkdaşlıq nəzərdə tutulsa da, bunları reallaşdırmaq mümkün olmayıb.

Gültən Kayan deyir ki, Azərbaycan tərəfi maliyyə xərclərinin Türkiyənin qarşılaması şərti ilə liseyi ziyarət edə biləcəyini deyib.

"Biz buna maddi imkanımızın olmadığını dedikdən sonra o məktəblərlə heç bir təmasımız olmadı", - o əlavə edib.

Heydər Əliyev məktəbləri

Türkiyə hökumətinin təsdiqlədiyi "Təhsil Nazirliyinə bağlı təşkilatları açma, bağlama və ad vermə qaydaları"nın 9-cu maddəsinin G bəndi ölkənin təhsil müəssisələrinə türkdilli respublikala aid şəxsiyyət və yer adlarının verilməsini tənzimləyir.

1993-cü ilin aprelində qəbul olunan bu sənədə əsasən, həmin il M.Ə.Rəsulzadənin adı bu liseyə verilib.

Türkiyə Təhsil Nazirliyinə tabe təhsil müəssisələrinə adverilmə prosesində Azərbaycan siyasi həyatının təmsilçiləri 2004-cü ildə enerji sahəsində əməkdaşlıq genişləndikcə yenidən xatırlanmağa başlayıb.

Bu prosesdə, əsasən, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adının əbədiləşriliməsi müşahidə olunub. 2004-cü ildə yeni inşa olunmuş Qaziantep ibtidai təhsil məktəbinə Heydər Əliyevin adi verilib.

Sonrakı illərdə isə Ankara "Kooperativlər" ibtidai məktəbinin adı dəyişdirilərək ona Heydər Əliyevin adı verilib.

2008-ci ildə Adana şəhərinin Ceyhan rayonunda, 2012-ci ildə isə İzmirin Aliağa rayonunda SOCAR-ın maliyyəsi ilə inşa edilmiş H.Əliyev adına texniki peşə məktəbləri də istifadəyə verilib.

Azərbaycanın Dövlət Neft Şirkəti, hazirda əhalisinin əksəriyyətinin azərbaycanlılar təşkil etdiyi Qars şəhərində də eyni adlı və profilli təhsil müəssisəsi inşa etdirir.

Bu təhsil müəssisələrinin təməlqoyması, istifadəyə verilməsi mərasimləri Azərbaycan rəsmilərinin iştirakı ilə gerçəkləşdirilib.

Bir neçə il əvvəl Azərbaycanın təhsil naziri Misir Mərdanov Türkiyəyə səfər proqramı çərçivəsində M.Ə.Rəsulzadə liseyində olub.

Liseyin direktor müavini Gülten Kayanın sözlərinə görə ziyarətin məqsədi liseydə həyata keçirilmiş beynəlxalq layihələrlə tanışlıq olub.

"Misir Mərdanov layihə barədə məlumat aldı. Lakin məktəbimizin Məhəmməd Əmin Rəsulzadənin adinı daşımasının onun üçün xüsusi bir məna kəsb etdiyini hiss etmədim. Rəsulzadəyə haqqında onunla xüsusi dioloqumuz olmadı. Doğrusu, bu məni təəccübləndirdi", - deyir Gültən Kayan.


İlhamə Qasımlı
BBC Azərbaycanca

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi