Modern.az

Azərbaycan hökuməti alimlərin müraciətini cavabsız qoydu

Azərbaycan hökuməti alimlərin müraciətini cavabsız qoydu

Ölkə

26 Oktyabr 2012, 23:34

Oktyabrın 28-nə keçən gecə Azərbaycan Respublikasında qış vaxtına keçid tətbiq olunacaq. Modern.az-ın məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 28 oktyabr 2012-ci il tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Qeyd edək ki, bu il fevralın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin “Yay-qış vaxtına keçid haqqında” adlı elmi məruzəyə həsr edilmiş iclası keçirilmişdi. 
İclasda yay və qış vaxtına keçidin bir sıra ölkələrdə ləğv olunduğunu nəzərə alan alimlər Azərbaycanda da yay və qış vaxtına keçidlə bağlı bir sıra təkliflər səsləndirmişdilər.
AMEA-nın Rəyasət Heyəti Azərbaycanda “yay-qış vaxtına keçid”in ləğv olunması məsələsinə baxaraq, belə bir qərar qəbul edib ki, yay və qış vaxtının tətbiqi ləğv olunsun. Və bununla bağlı Nazirlər Kabinetinə müraciət olunmuşdu.

Amma Nazirlər Kabineti AMEA-nın Rəyasət Heyətinin müraciətinə cavab verməyib. Milli Elmlər Akademiyasından Modern.az-a verilən açıqlamada hökumətə ünvanlanan müraciətin cavabsız qaldığını təsdiqləyiblər.

Azərbaycanda növbəti dəfə qış vaxtına keçidin tətbiqi də alimlərin müracitinə əhəmiyyət verilmədiyinini göstərir...

Bəzi mütəxəssislərin fikrincə, saat əqrəblərinin bir saat geri çəkilməsinin ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsiri var. Bu zaman ilk növbədə iş günündən daha səmərəli istifadə etməklə enerjiyə qənaət olunması önə çəkilir.

Hazırda qış və yay vaxtına keçid dünyanın 100-dən artıq ölkəsində tətbiq olunur. Ümumiyyətlə saat əqrəbinin irəli və geri çəkilməsilə bağlı ilk təklif 1880-ci ildə ingilis mühəndisi Uilyam Uillet tərəfindən irəli sürülüb. Sonradan dünyanın əksər ölkələrində bu rejim tətbiq olunub. Amma son illər saat əqrəblərinin ildə iki dəfə irəli və geri çəkilməsinin əleyhinə çıxanların sayı artıb. Hətta artıq bəzi ölkələrdə bu qaydanın tətbiqindən imtina olunub. Məsələn, qonşu Gürcüstanda 2006-cı ildən qış vaxtına keçid ləğv olunub. MDB məkanında yerləşən Özbəkistan, Tacikistan, Türkmənistanda da əqrəblərin yeri dəyişdirilmir.

Bəzi mütəxəssislər əqrəblərin irəli və geri çəkilməsinin uşaqlar və yaşlılar arasında yuxu pozğunluğuna, stessə, ürək-damar və immun sistemində mənfi dəyişikliyə səbəb olduğunu iddia edirlər. Bu fikri Azərbaycanda da dəstəkləyən həkimlər var. Amma bunun əleyhinə çıxanlar da az deyil və onlar bildiririlər ki, yeni rejimə adaptasiya bir neçə günə mümkün olur.

Nazirlər Kabineti 1981-ci ildən indiyədək ölkəmizin ərazisində yay və qış vaxtına keçid tətbiq edir və indiyədək qaydanın ləğvi barədə müzakirələr aparılmayıb. Yalnız bir dəfə-1992-ci ildə, AXC hakimiyyəti dövründə ölkəmizdə saat əqrəblərinin yeri dəyişdirilməyib.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü