Modern.az

Şeytanla saziş

Şeytanla saziş

27 Oktyabr 2012, 12:54

hekayə

Tələsməyimə baxmayaraq, kinoya artıq gecikmişdim – film başlamışdı. Qaranlıqda boş yer axtarmalı oldum. Nəhayət, yer tapdım və heç nəyi ilə seçilməyən bir nəfərlə yanaşı oturmalı oldum.

– Bağışlayın, – dedim, – ekranda baş verənləri qısaca mənə danışa bilərsiniz? 

– Məmnuniyyətlə. İndi gördüyünüz Daniel Vebster şeytanla saziş imzaladı.

– Sağ olun. Bu sazişin şərtləri nə idi? Bəlkə, deyəsiz?

– Böyük məmnuniyyətlə. Şeytan Daniel Vebsterə yeddi il var-dövlət vəd elədi. Əlbəttə, ruhunu satması müqabilində.

– Yalnız yeddi ilmi?

– Saziş yenilənə bilər. Daniel Vebster indicə sazişi öz qanı ilə imzaladı.

Bu məlumatlar filmin məzmununu anlamaq üçün yetərli idi. Amma mən daha bir neçə şeyi öyrənmək istəyirdim. Lütfkar naməlum şəxs zəkalı adama oxşayırdı. Daniel Vebster ciblərini qızıl sikkələrlə doldurana qədər ondan soruşdum:

– Necə bilirsiz onlardan kim daha çox risk edir?

– Şeytan.

– Niyə o? – deyə təəccübləndim.

– İnanın, bu Daniel Vebsterin qəlbi satış anında elə də böyük dəyərə malik deyildi.

– Deməli, şeytan...

– Alqı-satqıdan ziyana düşəcək. Çünki Daniel ondan yetərindən artıq pul qoparmaq istəyir. Bir baxın!

Doğrudan da Vebster pulu havaya sovururdu. Onun kəndçi qəlbi şeytana uymuşdu. Qonşum tənbehedici tərzdə dedi:

– Bir dayan, yeddinci ildə halına baxarıq...

Diksindim. Çünki Daniel Vebster özünə rəğbət oyadırdı. Qeyri-ixtiyari soruşdum:

– Bağışlayın, siz nə vaxtsa kasıb olmusuz?

Qaranlıqda üzünə kölgə çökmüş yanımdakı adamın simasına zərif təbəssüm qondu. O, nəzərini Daniel Vebsterin vicdan əzabı çəkdiyi ekrandan ayırdı və mənə baxmadan dedi:

– Mən yoxsulluğun nə olduğunu bilmirəm. Bəs siz bilirsiz?

– Sualı bu şəkildə qoyursunuzsa...

– Amma əvəzində yaxşı bilirəm ki, insana yeddi il zənginlik bəxş edə bilərəm.

Mən bu illəri təsəvvürümə gətirməyə çalışdım və gözəl əşyalar arasında xəyalən yeni libasında gülümsəyən Paulinanı gördüm. Bu timsal beynimdə yeni fikirlər yaratdı.

– Bayaq dediniz ki, Daniel Vebsterin qəlbi dəyərsiz idi. Bəs onda şeytan ona niyə bu qədər çox pul ödədi?

– Bu zavallı gəncin qəlbi yaxşılaşa, əzablar onu ucalda bilərdi, – deyə yanımdakı adam fəlsəfi tərzdə cavab verdi və kinayə ilə əlavə elədi. – Deməli, şeytan vaxtı fövtə verməyib.

– Birdən Daniel tövbə etsə?

Deyəsən, mərhəmətim qonşumun xoşuna gəlmədi. O nəsə demək istədi, lakin boğazından yalnız qısa, xırıltılı səs çıxdı. Mən inadlaşdım:

– Daniel Vebster tövbə edə bilər və onda...

– Şeytanın başına belə işlər çox gəlib. Sövdələşməyə baxmayaraq, bəziləri onun caynağından sivrişib çıxa bilirlər.

– Məncə, bu elə də düzgün deyil, – qulağım ağzım deyəni eşitmədən dedim.

– Nə dediniz?

– Əgər şeytan sazişə əməl edirsə, insan da sazişə əməl etməlidir, – deyə izah elədim.

– Məsələn? – deyə qonşum aşkar şəkildə dediyimə maraq göstərib susdu.

– Məsələn, Daniel Vevbster, – dedim, – öz arvadına pərəstiş edir. Baxın ona necə bir ev alıb. Ona olan eşqindən ruhunu satdı, odur ki, sazişin şərtlərinə əməl etməlidir.

Bu dəlillər qonşumda çaşqınlıq yaratdı.

– Bağışlayın, – o dedi, – axı indicə Danielin tərəfində idiniz.

– Mən indi də onun  tərəfkeşiyəm. Amma o, sazişin şərtilərinə əməl etməlidir.

– Siz yerinə yetirərdinizmi?

Cavab verməyə macal tapmadım. Ekranda kədərli Daniel Vebster peyda oldu. Var-dövlət ona sadə kəndli həyatını unutdura bilməmişdi. Onun böyük, zəngin evi hüznlü görünürdü. Geydiyi libaslar və zinət əşyaları arvadına yaraşmırdı. Qadın çox dəyişmişdi.

İllər yel kimi əsib keçirdi. Pullar Danielin əlindən toxum kimi yerə səpilirdi. Lakin onun zəmisində artıq yaz cücərtiləri görünmürdü, qəlbindəsə hüzn göyərirdi.

Səy edib dedim:

– Daniel şərtlərə əməl etməlidir. Mən də yerinə yetirərdim. Kasıblıqdan pis şey yoxdur. O arvadı üçün özünü qurban verdi, yerdə qalanı vacib deyil.

– Çox yaxşı danışırsız. Siz onu başa düşürsüz, çünki sizin də arvadınız var, deyilmi?  

– Mən hər şeyi qurban verərdim, bircə Paulinanın heç nəyə ehtiyaclı olmasın.

– Ruhunuzu da?

Biz asta söhbət edirdik, bununla belə, ətrafdakılara mane olurduq. Bir neçə dəfə bizdən susmağı xahiş etdilər. Söhbətin məcrasından marağı artan qonşum təklif elədi:

– Bəlkə dəhlizə çıxaq? Filmin ardına sonra da baxmaq olar.

İmtina eləmək yaxşı düşmürdü və biz yerimizdən qalxdıq. Ekrana sonuncu dəfə baxdım: Daniel Vebster göz yaşları içində arvadına şeytanla bağlanmış saziş haqqında danışırdı. Mən Paulina, ehtiyaclı durumumuz və arvadımın kasıblığımıza necə dözməsi haqqında düşünürdüm. Cibləri pulla dolu Daniel Vebsterin niyə ağladığını heç cür anlaya bilmirdim.

– Kasıbsınız?

Biz zaldan keçdik və rütubət qoxuyan dar, qaranlıq dəhlizə çıxdıq. Yol yoldaşım süzülmüş pərdəni əlindən buraxıb yenidən soruşdu:

– Çox kasıbsınız?

– Bu gün iş günüdür, – deyə cavab verdim, – kinoya biletlər bayram günləri ilə müqayisədə ucuz satılır. Bununla belə, bircə biləydiniz bu pulu xərcləmək üçün Paulina mənə nə qədər üz vurdu! Kinoya getməyimdən ötrü məni o qədər dil tutdu ki, seansın əvvəlinə gecikdim.

–  Problemlərini Daniel kimi həll edən insanlar haqqında hansı rəydəsiz?

– Bu haqda fikirləşmək lazımdır. İşlərim pis gedir. Mənim kimi insanlar artıq nə geyindiklərinin fərqində deyillər, əlimizə keçəni əynimizə keçiririk. Biçib-tikirik, təmizləyirik, paltarın ətəyini düzəldirik, astarını çeviririk. Paulina çox təxəyyüllüdür. Nəsə düzüb-qoşur və əlavə edir. Amma özünün çoxdandı təzə paltarı yoxdur.

– Söz verirəm ki, müştəriniz olacam, – deyə həmsöhbətim dərdimizə şərik çıxdı, – elə bu həftə sizə özüm üçün iki kostyum sifariş edəcəm.

– Sağ olun. Paulina məni kinoya göndərmək üçün dilə tutmaqda haqlı imiş.  O, çox məmnun olacaq.

– Sizin üçün bundan da artığını edə bilərdim, – deyə yeni müştəri əlavə elədi, – məsələn, sizə bir sövdələşmə təklif edə bilərdim, sizdən bir şey almaq üçün...

– Bağışlayın, – deyə tələsik dilləndim, – satış üçün hazırda heç nəyimiz yoxdur. Olan-qalanımız  Paulinanın sırğalarıdır...

– Yaxşıca fikirləşin, sizdə nəsə var, bəlkə xatırlamırsınız.

Özümü elə göstərdim ki, sanki fikirləşirəm. Ortaya sükut çökdü. Sonra xeyirxahım qəribə səslə dedi:

– Düşünün, Daniel Venbsteri xatırlayın, gəlişinizə qədər onun da satmalı heç nəyi yox idi, amma....

Qəfildən gördüm ki, onun simasının cizgiləri itiləndi. Divarda reklam lövhəsi işıqlanırdı. İşığın şüaları od dilimləri kimi onun gözlərində parladı. O, çaşqın durumda olduğumu anladı və aydın, səlis şəkildə tələffüz elədi:

– Mənə elə gəlir ki, möhtərəm senyor, özümü təqdim etməyim ehtiyac yoxdur. Sizin xidmətinizdəyəm.

İnstinktiv olaraq sağ əlimin barmaqları ilə xaç çəkdim, amma bu zaman əlimi cibimdən çıxarmadım, bu da görünür, xaçı öz qüdrətindən məhrum elədi, çünki şeytan qalstukunu düzəldərkən sakitcə sözünə davam elədi:

– Cibimdə bir sənəd var...

Özümü itirmişdim. Yenidən Paulinanı, məni necə qarşılamasını təsəvvürümə gətirdim. Səsi qılığa girən, zərif, qızıl sikkənin cingiltisi kimi idi. O, əlavə elədi:

– İstəsəniz sizə elə indi avans verə bilərəm.

O mahir alverçiyə oxşayırdı. Təklifini qətiyyətlə rədd elədim:

– Mən filmin sonunu görmək istərdim. Sonra imzalayaram.

– Söz verirsiniz?

– Verirəm.

Yenidən zala daxil olduq. Qaranlıqda heç nə görmürdü, amma yoldaşım rahatca iki boş yer tapdı.

Ekranda, daha doğrusu, Daniel Vebsterin həyatında hansısa müəmmalı, sirli səbəblər ucbatından heyrətamiz dəyişikliklər baş vermişdi.

Yoxsul, uçuq kəndli evi. Vebsterin arvadı yemək hazırlayır. Alatoran çökür. Daniel çiynindəki toxa ilə zəmidən geri dönür. O, tərli, yorğun, kobud, toz basmış geyimdədir. Bununla belə, xoşbəxt görünür. Toxanın dəstəyinə söykənərək bir neçə anlığa qapı ağzında, astanada dayanır. Arvadı təbəssümlə ona yaxınlaşır. Hər kisi qürubu seyr edir. Yaxınlaşmaqda olan gecə sakit, rahat istirahət vəd edir. Daniel nəvazişlə arvadına baxır, sonra baxışlarını özünün yoxsul, lakin rahat evinə gəzdirir və soruşur:

– Sən əvvəlki var-dövlət üçün heyfslənirsənmi? Malik olduğumuz hər şey üçün?

Arvadı astaca cavab verir:

– Sənin qəlbin hər şeydən qiymətlidir.

Kəndlinin sifəti işıqlanır, onun təbəssümü genişlənir, bütün evi bürüyür və ətrafı əhatəsinə alır. Musiqi səslənir, tədricən bütün obrazlar əriyir. Daniel Vebsterin xoşbəxt, yoxsul daxmasındən üç ağ hərf ayrılır, onlar böyüyür, böyüyür və nəhayət, bütün ekranı tutur.

Zaldan çıxan qələbəliyin ortasına necə düşdüyümü xatırlamıram. Tələsirdim və dürtüşürdüm, özümə güclə yol açırdım. Kimsə qolumdan yapışıb məni saxlamağa çalışdı. Amma cəld yayınıb küçəyə çıxdım. Qaranlıq idi. Becid addımlarla gedirdim və sonda qaçmağa başladım. Evimə yetişənə qədər geriyə bircə kərə belə boylanmadım. İçəri girdim, mümkün qədər sakit olmağa çalışaraq və arxamca qapını möhkəm bağladım. Paulina məni gözləyirdi. Boynuma sarılaraq dedi:

– Deyəsən həyəcanlanmısan...

– Yox, nə danışırsan...

– Film xoşuna gəldimi?

– Hə, amma...

Mən narahatlığımı gizlədə bilmirdim. Əlimlə gözlərimi örtdüm. Paulina gözünü məndən çəkmirdi. Və birdən özünə hakim ola bilməyib güldü. О, cingilti ilə, şən halda gülürdü, mənsə özünü itirmiş halda, utanaraq, nə deyəcəyimi bilmədən dayanmışdım.

Gülüş arasından şən bir halda məni qınadı:

– Yəni bütün film boyu mürgüləmisən?

Bu sözlər məni sakitləşdirdi və özümü necə aparacağıma dair tövsiyə oldu. Özümü utanırmış kimi göstərib cavab verdim:

– Hə, doğrudur, mürgüləmişdim.

Sonra üzrxahlığa bənzər tonda əlavə elədim:

– Yuxu gördüm, indi sənə danışaram...

Başıma gələnləri nəql edib bitirdikdə Paulina dedi ki, bu, ona məzmunu danışacağım ən yaxşı film idi. O, məmnun qaldı və çox güldü. Amma artıq yatağa uzandıqda gördüm ki, xəlvətcə bir ovuc kül  və xaç götürüb evimizin qapısı ağzında, astanasına qoydu.

Çevirdi: Əziz Rzazadə

Qeyd: Xuan Xose Arreola (1918-2001) – meksikalı yazar, klassik, intellektual fantastika janrının ustası, bir çox ədəbi mükafatların laureatı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir