Modern.az

İldırımsürətli hücum: Sərhədçilərin qələbəmizdəki ROLU...

İldırımsürətli hücum: Sərhədçilərin qələbəmizdəki ROLU...

Aktual

18 Avqust 2021, 11:57

Bu gün Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102 ili tamam olur. 

 

Modern.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsinə və sərhədlərimizin mühafizəsinə nail olunması yolunda əsl qəhrəmanlıq və şücaət göstərib.

 

Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında qəhrəmanlıq nümayiş etdiriblər.

 

 

Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilib, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilib. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu tarixi torpaqlarımıza Azərbaycan bayrağı sancılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olunub.

 

Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən "Toçka-U", “Elbrus” (SKAD) operativ–taktiki raket kompleksləri, “S-300”, “KRUQ”, “OSA” “KUB”, “TOR” zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri məhv edilib, ümumilikdə 290 düşmən hədəfi, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib.

 

 

Torpaqlarımızın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub. Onların ikisi pilot olub - mayor Qasımov Abbas Rza oğlu və baş leytenant Gözəlov Xalid Həsən oğlu. Vətən savaşında DSX-nin aviasiya qüvvələri düşmənin məğlub edilməsində xüsusi rol oynayıb.

 

Dünyanın aparıcı ordularının, hərbi-strateji araşdırma mərkəzlərinin tədqiqat mövzusuna çevrilmiş, müasir müharibə aparma təcrübəsində yenilik kimi tarixə düşmüş AN-2 təyyarələrinin modifikasiya olunmaqla tətbiqi, müasir hərbi texnologiyalar, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarının sinxronlaşdırılmış istifadəsi nəticəsində müharibənin ilk günlərindən Qarabağ səmalarına hakim olmağımız xüsusi əhəmiyyət kəsb edirdi.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər görülüb. Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə 20-ə yaxın yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir