Modern.az

Rusiyanın qorxunc Qafqaz siyasəti - Səylər, mövqelər, baxışlar birləşməyincə...

Rusiyanın qorxunc Qafqaz siyasəti - Səylər, mövqelər, baxışlar birləşməyincə...

Analitika

23 Avqust 2021, 14:50

Başqa necə etmək və neyləmək olar ki, bu istilaçı, basqınçı dövlətdən - Rusiyadan uzaqda dayanasan?! Bir bəladır keçib insanların boğazına!!! Başından ayağınadək  təhlükə mənbəyidir. Qorxunc barmaqları hansı məkana tuşlandısa, orada silahlı münaqişə, milli toqquşma qaçılmazdır. Nəhayət, müharibə qaçılmazdır!!!  Xahiş edərdim ki, bu fikri mənim gəldiyim nəticə kimi yox, tarixin dəfələrlə təsdiq etdiyi reallıq kimi qəbul edəsiniz.

Ölkələr və xalqlarla normal siyasi, iqtisadi, mədəni əməkdaşlıq zəminində yaşamaq və səmimi münasibətlər qurmaq rus şovinizmi üçün "anadangəlmə" yad bir anlayış olub. Uzağa getmədən Rusiya hökumətinin yaxın 30 ildə yürütdüyü Qafqaz siyasətinə baxaq.  Bölgədə axıtmadığı qan qalmadı. Yenə də doymur.. Ancaq bütün tiranlar çökdüyü kimi, sonucda etiraz dalğalarına tab gətirməyib SSRİ-nin qalığı olan rus imperiyasının çökəcəyi də labüddür. Əlac yalnız prosesi tezləşdirməkdən asılıdır. Bunun üçün istər daxildən, istər xaricdən olsun, səylər, mövqelər, yanaşmalar birləşdirilməlidir. Yoxsa qızmış şimal ayısı çox baş aparacaqdır.

Millətlərarası münaqişə ocaqları yaradaraq xalqları bir-birinə düşmən edib və bundan özü üçün böyük siyasi qazanc əldə etmək SSRİ-nin varisi olan Rusiya hökumətinin diqqət mərkəzindən nəinki çıxıb, əksinə get-gedə daha kəskin xarakter almaqdadır. Sizcə Gürcüstanda svan-azərbaycanlı qarşıdurması elə-belə gündəmə gətirildi? Xeyr!!! Zənnimcə, Ermənistan-Azərbaycan arasında gedən şiddətli döyüşlər zamanı belə bir qarşıdurmanın hazırlanması heç də təsadüfi deyildi. Yaxşı ki, gürcü dostlarımız bu hiylənin qarşısını vaxtında aldı və hər iki ölkə üçün böyük problemlərə səbəb olacaq arzuolunmaz prosesin geniş miqyas almasına imkan vermədi. Dərindən araşdırma aparılarsa, FSB-nin barmağını burada da görə bilərik...

Tutalım ki, bu cür metodlarla yenidən SSRİ-ni "doğuzdurmaq" niyyəti baş tutdu. Halbuki, qətiyyən ağlabatan deyil və bu gün də, gələcəkdə də Moskvanın mərkəziyyətçliyi altına düşməyə keçmiş müttəfiq respublikalardan biri də getməz. SSRİ-dən gördüyümüzü gördük. Bir daha bu zülmətin içinə qayıtmağı kimsə arzu etməz.

Çağdaş Rusiya rəhbərliyinin özü də bunu gözəl dərk edir. Ancaq damar yoxlayır, necə deyərlər, tutar qatıq, tutmaz da ayran...Yeri gəlmişkən, lütfükar oxucularımla tarixi bir haşıyə bölüşmək istərdim. Söhbət SSRİ rəhbərlərinin taleyindən gedir.

Beləliklə, Lenin yoldaş ölər-ölməz aydın olur ki, partiyada ikinci şəxs Trotskidir. Stalin,  Kamanev, Buxarin, Zinovyev onu satqınçılıqda günahlandıraraq, SSRİ-dən sürgün edirlər. İki il sonra NKVD-nin başçısı Henrix Yaqoda Stalin istisna olmaqla partiyada böyük nüfuz sahibi olan hər üç kommunist lideri satqınçılıqda və partiyaya ziyan vurmaqda günahlı bilib həbs edir. Sonradan Yaqodanın özü casusluqda və satqınçılıqda ittiham edilərək Yejov tərəfindən həbsə atılır. İki il sonra bəlli olur ki, Yejov da xarici agenturaya  işləyirmiş. Bu dəfə onu da Beriya damlayır. Stalinin ölümündən bir neçə ay sonra isə Lavrenti Beriyanı satqınçılıq və partiyaya xainlik etdiyinə görə Jukov həbsxanaya tullayır. Beləliklə, Xruşov SSRİ-yə rəhbər gəlir və az sonra Jukovu Urala "yola" salır. Kommunist Partiyasının Xruşovdan üzü bəri rəhbərlərinin aqibəti həbs və ölümlərlə bitməsə də, heç yaxşı adla da vəzifədən götürülməyiblər. Brejnevin döşünə ölümündən sonra durğunluq markasını yapışdırdılar. Mixail Qorbaçovun alnına isə ABŞ-ın agenti damğasını vurub həm SSRİ-ni, həm də onun özünü çökdürdülər.

İndi baxın bu quruluşun vəziyyətinə. Yarandığı gündən süqutunadək siyasi intiraqalar bataqlığında olan SSRİ rəhbərləri nə xalqların mütərəqqi zəmində inkişafına, nə də bu yekəlikdə dövlətin normal, qanunlara əsaslanan idarəçilik qaydalarına  tələb olunan səviyyədə əməl edilməyib. Hər şey üzdə olub. Partiyanın baş katibi kim "seçilirdisə" qruplaşma və şəxsi savaşlar  həmin saatdan, həmin dəqiqədəncə Siyasi Büronun gündəliyində özünə yer alırdı. Belə ki, Kremlin pas atmış divarlarını bundan sonra tarixin zibilliyinə atılmış "yeni SSRİ" ilə  təzələmək mümkünsüz bir işdir. Bir sözlə, qaragüruh sistemin mayası çox pis yoğrulmuşdu. Özünü heç bir mənada doğrulda bilməyən keçmiş SSRİ ilk növbədə Rusiyanın  adına olduqca ağır və unudulması mümkün olmayan zərərlər vurub. Moskvada Putinin əleyhinə qalxan kütləvi etirazlar dediklərimizin əyani sübutudur. Onun da devrilməsinə az qalıb. Artıq rus xalqı ölkənin siyasi intiraqalar vasitəsi ilə idarə edilməsindən cana doyub. Nə isə...

Azərbaycan da əvvəlki Azərbaycan deyil. Bunu 44 günlük müharibədə Ordumuzun və Ali Baş Komandanımızın qətiyyəti, əzmi və milli dayanıqlığı tam sübuta yetirdi. Ölkəmizin yüksək inkişaf tempi, dünyaya inteqrasiyası rusları ciddi şəkildə narahat etməyə başlayıb.  Kremlin sözcüsü rolunu ifa edən Vladimir Jirinovski və ermənipərəst telejurnalist Solovyevin timsalında antiazərbaycan təbliğatının detalları Rusiya hakimiyyətinin dərin qatlarında hazırlanaraq onlara ötürülür. Bu baxımdan Rusiyanın Qarabağda yerləşən qeyri-qanuni erməni silahlı birləşmələrini silahlandırması qətiyyən təsadüfi gediş sayıla bilməz.

"Sülhməramlı" qüvvənin də müasir döyüş texnikası ilə təchizatı təşəbbüslərinə sıradan bir məsələ kimi baxmaq olmaz. Sual meydana çıxır: buna nə ehtiyac vardı?! “Kalaşnikov” avtomatı  və digər yüngül silahlar kifayət edərdi məncə. Uzaqvuran artilleriya qurğularını, hava hücumundan mühafizə sistemlərini, T-90 tanklarını, minomyotları, müasir raket qurğularını,  hələ bizə məlum olmayan digər güclü silah arsenalını ərazilərimizə daşımaqda məqsəd nədir!? Bəlkə həmin silahlar vasitəsi ilə "ikinci yanvar" qətliamı törədib Azərbaycanı bu dəfə "ömürlük" işğal etmək niyyətindədilər!? 

Kreml kökündən səhvə yol verir. Bununla nə dövlətimiz, nə də xalqımız barışa bilər. Qətiyyən barışa bilməz!!! Hərbi qüvvə və imkanlara arxayın olub da Azərbacana qarşı yeni “səlib yürüşü”nə çıxmaq Rusiyaya hansısa başucalığı gətirməz. Prezident İlham Əliyev son müsahibəsində, birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə Kəlbəcərə səfəri zamanı verdiyi bəyanatlarda Azərbaycanın strateji hədəflərinə sadiqliyini  bir daha ortaya qoydu  və erməni faşistlərinin hamilərini sülhə, əməkdaşlıq prinsiplərinə əməl etməyə çağıraraq onları Yeni Azərbaycanla zarafat etməməyə səslədi. Prezidentin mövqeyi ilə ürəkdən bölüşürəm. Dövlətimizin çıxarları üçün nümayiş etdirdiyi siyasi dəsti-xətti birmənalı müdafiə edirəm. Ali Baş Komandanın İctimai rəydə geniş əks-səda doğuran mövqeyi ölkə  vətəndaşları ilə yanaşı,  beynəlxalq birlik tərəfindən də diqqət mərkəzinə alındı. Azərbaycanın əksər müxalif təşkilatlarının da dövlət başçımızın milli maraqlara söykənən  mövqeyinə yüksək dəyər verməsini təqdirəlayiq hadisə kimi qiymətləndirirəm. Xalq-Ordu-Dövlət birdirsə, düşmənə qarşı mübarizədə yekdildirsə, o ölkəni  yıxmaq mümkün deyil. Bu mənada Rusiya özünü yormasın!!! Gücünə də çox arxayın olmasın!!!

Əslində dövlətlərin gücünü, qüdrətini, nəhayət, siyasi mədəniyyətini silahlar təyin  etməməlidir. Təəssüflər olsun ki, indi hərbi güc ağlı və zəkanı geridə qoyur. Təsəvvür edin, indi meyarlar nə ilə ölçülür!? Belə ki, hansısa dövlət güclü hərbiyəyə sahibdirsə, deməli,  demokratiya,  azadlıq, haqq-ədalət də onun yanındadır. Rusiya güzgüdə özünü məhz bu cür görür. Yer üzündə bəlkə də tək dövlət, tək millətdir ki, nə bir başqa dövlətə, nə də başqa bir xalqa bəsəri rəftar normalarına uyğun səmimi münasibətlə yanaşmır. Heç görmüsünüz, şahidi olmusunuzmu ki, Rusiya hardasa baş verən münaqişə ocaqlarından birindəcə qarşıdurmanı şəxsi mənfəət və  maraq güdmədən, tərəf tutmadan ədalətli, sülh şəraitində həll etmək həvəsində olsun!? Eşitmisinizmi belə bir şey!?  Mən xatırlamıram!  Bu dövlət millətini də tamamən zəhərləyib yaman günə salıb. "Parçala və hökm sür" siyasəti bir ideologiya olaraq rus xalqının gündəlik həyatında hələ də öz yerini möhkəm qoruyub saxlayır. Odur ki, Rusiyanın gizli və ya açıq rollarına- oyunlarına  aldanmamalıyıq...

Əslində aldanmırıq da!!! Görsənir ki, keçən ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyannamədəki müddəalar artıq Moskva  üçün əhəmiyyətini itirib və kağız parçasına dönüb. Aşkar hiss olunur ki, 5 illik müddət Rusiyanı qane etmir. Yuxarıdan aşağıyadək idarəetmə sistemini bürümüş bu hiyləgər siyasi xətt dəyişməyincə, Azərbaycan ictimaiyyətinin Putin hakimiyyətinə mənfi münasibəti də dəyişməz qalacaqdır.  Pyotrdan qalma kəskin imperiyaçılıq xəstəliyi rus cəmiyyətinin iliyinə qədər işləyib. Prezident İlham Əliyevin tarixi ədalətin bərpası çağrışına Putin hökumətinin hiyləgər münasibəti göstərir ki, artıq mübarizə tərəfi kimi meydanda Ermənistan yox, Rusiya dayanır.

Dünya dəyişmək istəyir, yaxşıya, gözəlliyə, qansız və qadasız gələcəyə doğru can atır. Lakin aramsız silah səsləri, göydən tökülən bombalar, saysız-hesabsız ölümlər insanlığı qorxu və həyacan içərisində saxlayır. İnsanlıq bir sualın cavabını tapmağa acizlik çəkir: "Görəsən yer üzünü qana bürüyən atəş səsləri haçansa kəsiləcəkmi!?". Bəs haraladan gəlir bu bomba səsləri?! Harada müsəlman yaşayır, o torpaqlardan gəlir. Nə ABŞ-ın, nə Rusiyanın, nə də Avropanın içi qaynamır...

Nəhayət ki, yazını Nobel mükafatçısı misirli bir yazarın müdrik sözü ilə yekunlaşdırmaq istərdim. Adını unutduğum yazıçıya sual edirlər ki, sizə görə dünyanın möcüzəsi nədir!? Nobelçinin heyrətamiz cavabına baxın: "Mən iki müsəlmanın sözünün bir-birini tutmasını dünyanın ən böyük möcüzəsi hesab edərdim".

Ayılmaq vaxtıdır, ay müsəlmanlar!!! Bəsdir daha yatdığımız!!! Bəsdir daha bir-birimizə qənim kəsiməyimiz!!!

 

Eldar Sabiroğlu,
keçmiş deputat, ehtiyatda olan polkovnik

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər