Modern.az

Universitetlərdə çalışan deputat və məmurların SİYAHISI

Universitetlərdə çalışan deputat və məmurların SİYAHISI

31 Oktyabr 2012, 06:57


Bu gün cəmiyyətdə tanınan bir sıra ictimai-siyasi xadimlərə, millət vəkillərinə “müəllim” deyə müraciət edirlər. Bu müraciət forması bəzi hallarda yerinə düşməsə də, bir çox hallarda yerində işlənir. Belə ki, bu, onların həqiqətən də müəllimlik fəaliyyəti ilə bağlı olur. Bir sözlə, millət vəkili, yaxud hər hansı bir idarə, qurum rəhbəri kimi tanıdığımız məmurlar həm də auditoriyada müəllimdirlər, dərs keçirlər. Maraqlıdır, onlar kimlərdir və hansı universitetlərin müəllimləridir? Arada vaxt tapıb, tələbə qarşısına çıxa bilirlərmi?

Beləliklə, ilk olaraq Milli Məclisin deputatı Abel Məhərrəmovun rəhbərlik etdiyi ali təhsil ocağından – Bakı Dövlət Universitetindən başlayaq:

Təhsil naziri Misir Mərdanov – Mexanika-riyaziyyat fakültəsinin ali riyaziyyat kafedrasının müdiri.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov – Fizika fakültəsinin ümumi fizika kafedrasının müdiri.

Azərbaycan Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov – Filologiya fakültəsinin ümumi dilçilik kafedrasının müdiri.

Milli Məclisin deputatı Kamilə Əliyeva – Biologiya fakültəsinin genetika və darvinizm kafedrasının professoru.

Milli Məclisin deputatı Rəbiyyət Aslanova – sosial elmlər və psixologiya fakültəsinin fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri.

Milli Məclisin deputatı Yaqub Mahmudov – Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, (o həm də AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktorudur).

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova – Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin diplomatiya və inteqrasiya prosesləri kafedrasının müdiri. 

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov – Sosial elmlər və psixologiya fakültəsinin politologiya və sosiologiya kafedrasının müdiri.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev – Psixologiya kafedrasının müdiri.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov – Hüquq fakültəsinin, Konstitusiya hüququ kafedrasının professoru.

Milli Məclisin deputatı Jalə Əliyeva – Şərqşünaslıq fakültəsinin türk filologiyası kafedrasının professoru.

Milli Məclisin deputatı Musa Qasımlı – Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru.

Milli Məclisin deputatı Fəzail İbrahimli – Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının professoru.

BDU-dan Modern.az-a bildirilib ki, adıçəkilən şəxslər vaxtı-vaxtında dərslərə gələrək, tələbə qarşısına çıxırlar.

***

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında
məmurlar və deputatlardan çalışanların çox olduğu bildirilsə də, yalnız bir neçə millət vəkilinin adı çəkildi:

Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatı Hadı Rəcəbli, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Milli Məclisin deputatı Musa Qasımlı.

Universitetin kadrlar şöbəsindən  ətraflı məlumat almaq istəsək də, oradan deyildi ki, bu siyahı hələ tam deyil. Ona görə də məlumatı verə bilmirlər. Yuxarıda adıçəkilən şəxslərin dərslərdə iştirakına gəldikdə bildirildi ki, hər biri dərslərdə iştirak edirlər.

***

Azərbaycan Dövlət Neft Akademiyasının
kadrlar şöbəsinin müdiri Nəzakət Abbasova deyib ki, ictimai-siyasi xadimlərdən, millət vəkillərindən yalnız bir deputat universitetdə çalışır:
“Bizim universitetdə Milli Məclisin bir deputatı Hüseynbala Mirələməv çalışır. O, Neft, qaz, mədən fakültəsinin neftin, qazın, nəqli və saxlanılması kafedrasının müdiridir. O da hər zaman dərslərdə gəlib iştirak edir”.

***

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyevin bildirdiyinə görə, tanınmış ictimai-siyasi simalardan iki nəfər burada işləyir: Milli Məclisin deputatı Sahibə Qafarova Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur. 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva sə İngilis dili fakültəsində kafedra müdiri kimi çalışır.

A.Əliyev bildirib ki, millət vəkilləri az hallarda olur ki, dərsə gəlmirlər. Bu zaman da onların dərsləri əvəz olunur.

***

Milli Məclisin deputatı Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetində Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov işləyir.

***

Milli Məclisin deputatı Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Tibb Universitetində rektorun özündən savayı, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov çalışır. Universitetin kadrlar şöbəsindən verilən məlumata görə, R.Məmmədhəsənov elmi işlər üzrə prorektor vəzifəsini tutur. O da dərslərdə müntəzəm surətdə iştirak edir.  

***

Azərbaycan Dövlət Pedaqoji Universitetində isə heç bir ictimai-siyasi xadim, millət vəkili işləmir. Bunu universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov da təsdiqləyib.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir