Modern.az

Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR

Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR

26 Avqust 2021, 11:55

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Şadman Hüseyndir…


Şadman Hüseyn iki dəfə Milli Məclisin üzvü olub. Birinci dəfə 1995-ci ildə, ikinci dəfə isə 2003-cü ildə.

Şadman Bahlul oğlu Hüseynov (Hüseyn) 1945-ci il dekabrın 4-də Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Vedi rayonunun Taytan kəndində anadan olub. Ailədə 10 uşaqdan sonuncusu olub. 1948-ci ildə ailəsi ilə birgə Qərbi Azərbaycandan deportasiya olunub.
Orta təhsilini Gəncə şəhərində 29 saylı məktəbdə rus dilində bitirib.

Orta məktəb illərində boksla məşğul olan gənc Şadman Hüseynov hətta Bakı çempionatında birinci yerə də çıxıb.

Böyük qardaşının himayəsilə Rusiyanın Saratov şəhərində Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib. Onu təyinatla Azərbaycana həkim işləməyə göndəriblər. Əvvəlcə sahə həkimi, 32 yaşında isə Gəncədəki Dəmiryol xəstəxanasında baş həkim olub.

1990-cı ildə Sovet Ordusunun Bakıda törətdiyi 20 yanvar qırğınına etiraz əlaməti olaraq Kommunust Partiyasının üzvlük biletini yandırıb.


Şadman Hüseyn hələ 1990-cı ildən Azərbaycan SSR Ali Sovetinin üzvü seçilmişdi.

Yeri gəlmişkən, Şadman Hüseyn Azərbaycan xalqının müstəqillik istəyinə 1991-ci ildə parlamentdə səs verən  43 nəfər “İstiqlalçı deputat”dan biridir.

Söhbət 7 mart 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilərkən buna qarşı çıxan, yəni faktiki olaraq SSRİ-nin dağılması və Azərbaycanın müstəqil olmasına səs verən deputatlar nəzərdə tutulur. Rəsmi məlumata görə, həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb, 47 deputat isə iclasda iştirak etməyib.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra - 1995-ci il noyabrın 12-də Şadman Hüseyn Milli İstiqlal Partiyasının (AMİP) siyahısı üzrə I çağırış Milli Məclisə proporsional qaydada deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvü olub.

O, eyni zamanda Milli Məclisin Avropa Şurası Parlament Assmbleyasındakı nümayəndə heyətində təmsil olunub.

2000-ci ildə AMİP-dən istefa verən Ş.Hüseyn 2003-cü 5 mart tarixində keçirilən əlavə seçkilər zamanı majoritar sistem üzrə bitərəf namizəd olaraq 91 saylı Xanlar-Daşkəsən seçki dairəsindən II çağırış Milli Məclisə üzv seçilib.

Şadman Hüseyn 1990-cı illərin əvvəllərindən 2002-ci ilə kimi müxalif siyasətçi kimi tanınıb. 2003-cü ildən isə iqtidaryönlü siyasət yürütməyə başlayıb.

O, uzun müddət Azərbaycan Milli İstiqlal Partiyasının sıralarında fəaliyyət göstərib, qurumun rəhbərlərindən olub.


Qeyd edək ki, AMİP-in yaradılması ilə müasir Azərbaycan siyasi tarixində çoxpartiyalı sistemin əsası qoyulub. 1992-ci ildə təsis edilən AMİP həmin il iyulun 17-də Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçən partiyadır. AMİP eyni zamanda siyasi hakimiyyət uğrunda mübarizə apardığını elan edən ilk siyasi təşkilatdır. Amma siyasi hakimiyyət uğrunda mübarizə bu partiyaya, belə demək mümkünsə, heç bir uğur gətirməyib. Bir zamanlar ən təşkilatlanmış və hakimiyyət uğrunda mübarizənin ən önündə gedən AMİP indi siyasi arenada sıradan bir təşkilata çevrilib.

Partiyanın uzun illər sədri olmuş Etibar Məmmədov 2003-cü il prezident seçkilərindəki uğursuzluqdan sonra istefa verib və o vaxtdan fəal siyasətlə məşğul olmur.

AXC hakimiyyətinə qarşı ən radikal müxalifət mövqedən çıxış edən AMİP-in hələ 1993-cü ilin iyun hadisəsi zamanı tutduğu mövqe indi də birmənalı dəyərləndirilmir. Etiraf etmək lazımdır ki, AMİP o vaxtkı prezident Əbülfəz Elçibəyin komandasının süqutunda kifayət qədər fəallıq nümayiş etdirib. Bu faktı ona görə xatırlatdıq ki, AMİP-in bütövlüyünə ilk zərbə məhz 1993-cü il olaylarından sonra dəyib.


1995-ci il parlament seçkilərində AMİP sədri Etibar Məmmədov və təşkilatdakı əsas simalar sayılan Nazim İmanovla Şadman Hüseyn deputat seçilmişdi.

1998-ci ildə keçirilən prezident seçkilərində Etibar Məmmədov kifayət qədər təşkilatlanmış bir partiya ilə namizədliyini irəli sürüb o zaman üçün uğurlu kampaniya aparmışdı. Bu seçkidəki məğlubiyyətlə barışmayan milli-istiqlalçıların nəticələrə etiraz olaraq keçirdikləri aksiyalar da kifayət qədər effektli alınmışdı.

AMİP üçün ən sarsıdıcı zərbənin 2000-ci il parlament seçkilərində vurulduğunu mütləq qeyd etmək lazımdır. Həmin seçkidə beş il əvvəlki uğur təkrarlanmadı və AMİP-in nə sədri, nə də digər tanınmış simaları parlamentə mandat qazana bildilər.

Yeri gəlmişkən, o zaman seçki ərəfəsində AMİP-də çoxlarını təəccübləndirəcək bir hadisə baş verdi. Etibar Məmmədovun dostu olduğu bildirilən biznesmen Vaqif Musayev sədrdən sonra əsas simalarından sayılan Şadman Hüseyn və Nazim İmanov kimi nüfuzlu milli-istiqlalçıları qabaqlayaraq, partiyanın proporsional seçki siyahısında ikinci yerdə qərarlaşdı. Deyilənə görə, bu, Şadman Hüseyn və Nazim İmanovun narazılığı ilə qarşılanıbmış.

Amma həmin seçkilərdə AMİP tələb olunan 6 faizlik baryeri keçə bilmədi. Bir müddət sonra isə Vaqif Musayev partiyadan uzaqlaşdı.


AMİP-in 2000-ci il seçkilərdəki fiaskosundan sonra bir sıra tanınmış simalar da partiyadan üz döndərdilər. AMİP-in aparıcı simalarının mandat qazana bilməmələri partiya yarandığından bəri aparılan mübarizədə ön sıralarda gedən Şadman Hüseynin də istefası ilə nəticələndi.

Beləliklə, 1993-cü ilin iyun hadisələrindən sonra prezident Əbülfəz Elçibəyin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan və AMİP-in tanınmış hüquqşünas üzvü Fuad Ağayevin hazırladığı layihəni parlamentə ağ kostyumda təqdim edən Şadman həkim 7 il sonra öz sədri Etibar Məmmədovala yollarını ayırdı. AMİP-yaradıcılarından biri kimi onun istefası təbii ki, ilk növbədə partiyanın sədri Etibar Məmmədovun imicinə zərbə vurdu.

Partiyadan istefasından sonra 2003-ci ilin may ayında majoritar seçki sistemi üzrə keçirilən əlavə seçkilərdə Şadman Hüseynə deputat mandatı verildi.

Həmin il siyasi fəaliyyətini bir qədər də aktivləşdirən Ş.Hüseyn Qərbi Azərbaycan kökənli şəxsləri öz ətrafında birləşdirmək məqsədilə “Qərbi Azərbaycan Beynəlxalq Cəmiyyəti”  adlı hərəkat yaratdığını elan etdi.

Elə yenə həmin ildə Şadman Hüseyn müstəqil şəkildə prezidentliyə namizədliyini də irəli sürdü.

Mərkəzi Seçki Komissiyasının 14 iyul 2003-cü il tarixli iclasında onun namizədlik məsələsi müzakirəyə çıxarıldı. Məzahir Pənahovun sədrliyi ilə keçirilən həmin iclasda "Vətən” seçicilərin təşəbbüs qrupu tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş Şadman Bəhlul oğlu Hüseynin prezidentliyə namizədliyinin təsdiq olunması və səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə qərar qəbul edildi.

Gözlənilirdi ki, oktyabrın 15-də keçiriləcək prezident seçkilərinin bülletenlərində deputat Şadman Hüseynin də namizəd kimi adı qeyd olunacaq.

Amma sən saydığını say, gör fələk nə sayır...


58 yaşlı Şadman Hüseyn 2003-cü il avqustun 5-də qəfil ürəktutmasından vəfat etdi. Nəticədə o, nəinki, prezidentliyə namizəd kimi seçkiyə qatıla bildi, həm də deputatlıq müddətini (2005-ci ilin noyabrında başa çatmalıydı) başa vura bilmədi.

Sonradan ailə üzvləri mətbuat konfransı keçirərək bildirdilər ki, Şadman Hüseyn prezident seçkilərinin yekun marafonunda geri çəkilməyi və öz namizədliyin İlham Əliyevin xeyrinə geri götürməyi nəzərdə tuturmuş.

Ş.Hüseynin ölümü ilə onun yaratdığı “Qərbi Azərbaycan Beynəlxalq Cəmiyyəti” adlı təşkilat da “dəfn olundu”.

Sonralar tədricən undulan rəhmətliyin adı bir də 2010-cu ildə gündəmə gəldi. Buna mərhum deputatın üç oğlundan birinin - Şaiq Hüseynovun  həbs olunması səbəb oldu.

Belə ki, 2010-cu il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseynovun cinayət işi üzrə hökm oxunub. Hökmə əsasən, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində icra məmuru işləmiş, ədliiyə kapitanı Şaiq Şadman oğlu Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, o, Sabunçu rayonu Bakıxanov qəsəbə sakini Səfərova Şölə Mirzəkişi qızının 70 min manat pulunu mənimsəyib. Ailənin sonradan verdiyi apellyasiya şikayəti təmin edilməyib.


Ə.Qafarlı

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 
Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi