Modern.az

“Həsən Məmmədov öz qədrini bilmədi, yoxsa çox yaşayardı” - ANIM GÜNÜ

“Həsən Məmmədov öz qədrini bilmədi, yoxsa çox yaşayardı” - ANIM GÜNÜ

26 Avqust 2021, 12:09

26 avqust tarixi Azərbaycan kinosunun sevilən aktyoru, mərhum Xalq artisti Həsən Məmmədovun amım günüdür… 1938-ci il təvəllüdlü  sənətkar 2003-cü ildə 64 yaşında dünyasını dəyişib.

“Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Bir cənub şəhərində” (Murad), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Axırıncı aşırım” (Abbasqulu bəy), “Gün keçdi” (Oqtay), “Dədə Qorqud” (Dədə Qorqud), “Arxadan vurulan zərbə” (Qəmərli), “Bizi bağışlayın” (Nəriman), “İstintaq” (Murad), “Evlənmək istəyirəm” (Mirzə Səfər), “Bağ mövsümü” (Ağabala), “Qəm pəncərəsi” (Məmmədhəsən), “Doğma sahillər” (Nuru), “Təhminə” (Professor Zeynallı), “Həm ziyarət, həm ticarət...” (Əlimurad) və s. filmlərdə yaddaqalan obrazlar yaratmış xalq artisti kino ictimaiyyəti tərəfindən hörmətlə anılır...

Modern.az saytı Həsən Məmmədovla yaxın dost, eyni zamanda tələbə yoldaşı olmuş xalq artisti Rafiq Əzimov onun haqqında xatirələrini təqdim edir: 

“Həsən Məmmədov fizika-riyaziyyat fakültəsini yarımçıq qoyub”

“1958-ci ildə sənədlərimizi Mirzağa Əliyev adına Teatr İnstitutuna verdik. Xeyli adam var idi. O vaxt bütün tələbələri kursa rəhbərlik edəcək müəllimlər qəbul edirdi. Bizim də imtahanımızda Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, konservatoriyadan nümayəndələr, yalan olmasın, bir 20 nəfərə qədər müəllim iştirak edirdi. Əvvəl 3 dəfə tur keçirilirdi. Baxırdılar ki, sənin sənət aləmindən heç olmasa təsəvvürün var. Birinci tur sənət haqqında yüngülvari suallar, ikinci tur bir az ondan artıq, üçüncü tur bir az da ondan artıq suallar olurdu. Seçilən adamların sənət, rejissorluq, dramaturgiya, ümumiyyətlə teatr haqqında təsəvvürlərinin olduğu qənaətinə gəlinir və onlar imtahana buraxılırdılar. İmtahanda etüd göstərirdin, şeir, təmsil deyirdin, səsin varsa, oxuyurdun, musiqi alətində çala bilirdinsə, çalırdın, rəqs bilirsənsə, rəqs edirdin, yəni bütün bunları ordakı müəllimlərin profilindən çıxış edərək edirdin. Jüri kimi imtahanda olan müəllimlərin hər biri öz qiymətini verir, hamısı toplanandan sonra sənin üçün qiymət çıxırdı. Həmin əsas imtahanlardan keçənlərin adları divara vurulurdu. Biz o anı gözləyirdik ki, kimlərin adları çıxacaq. O vaxt bütün institutda cəmi 33 nəfər oxuyurdu. 22 nəfər də biz daxil olduq. Bütün institutda cəmi 55 nəfər tələbə oldu.

Xalq artisti, çox istedadlı rejissor, Rus Dram Teatrının baş rejissoru Məhərrəm Haşımov bizi öz kursuna qəbul etdi. Bizimlə imtahan verənlərdən demək olar ki, heç kimi tanımırdım. Qəbul olunandan sonra yavaş-yavaş bir-birimizi tanımağa başladıq. O cümlədən də Həsən Məmmədovu. Bir müddətdən sonra lap yaxınlığımız olanda bildik ki, Həsən Məmmədov Salyandan gəlib, əvvəlcə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. Sonradan isə sənədlərini bura verib ki, aktyor olmaq istəyir. Orada təhsili yarımçıq qalıb və gəlib bizimlə Teatr İnstitutuna daxil olub.

Mənimlə Həsən Məmmədovdan başqa, tanınmışlardan Eldəniz Zeynalov, Hacı Murad Yagizarov, Elmira Şabanova, Tofiq İsmayılov da oxuyub. Hamımız Xalq artisti adını almışıq.

Eldəniz Zeynalov bizimlə imtahan verməmişdi, o yuxarı kursda idi. Arada nəsə şuluqluq oldu deyə, təhsilini bizimlə bərabər qurtardı. Eldəniz Zeynalov, Həsən Məmmədov və mənim təyinatımı Dram Teatrına (Azərbaycan Dövlət Akademik Mili Dram Teatrı) verdilər. Elmira xanım Şabanova çox gözəl aktrisa idi, amma sənətdən bir az uzaqlaşdı. Hətta Tofiq Kazımov “Aydın” tamaşasında onu Gültəkin roluna dəvət edirdi. Evdən buraxmadılar, gəlmədi, oynamadı. Ancaq bir müddət Rus Dram Teatrında işlədi, sonra “Səhər” filminə çəkildi.

Tofiq İsmayılov da görkəmli kinorejissordur. Qırmızı diplomla bitirən Əzizağa Quliyev institutda qalıb işləməyə başladı. Nazim Yüzbaşov uzun illər radioda baş rejissor idi. Orada məşhur “Bulaq” verlişinin rejissoru idi. Ümumiyyətlə, çox verilişləri aparırdı. O, indi haqq dünyasındadır.

Birinci kursda etüdlər hazırlayırdıq. Müəllimimiz tutalım ki, bizə bir etüd tapşırırdı, biz isə 5 etüd hazırlayırdıq. Amma Həsən Məmmədov hələ bizim dəstəmizdə yox idi. O, birinci kursda bir dənə də etüd göstərmədi. Müəllim hətta ona deyirdi ki, “ay Həsən, sən də uşaqlar kimi bir tərpən, qayna-qarış. Mən bir etüd tapşırıram, 5 etüd göstərirlər.”. Həsən aktiv deyildi. Lap sonda artıq sənətdən zaçot verirdik, hamımız ciddi hazırlaşmışdıq. Artıq kim sənətdən kəsilsə, o institutdan xaric olunurdu. Həsən Məmmədov isə hələ heç nə göstərməyib. İndi hamımız bir-bir gəlib etüdlərimizi göstəririk, müəllim qiymət yazır. Növbə Həsən Məmmədova çatıb. Hamımızın diqqəti ondadır. Çünki hamı pis-yaxşı öz işini göstərib, bu heç nə göstərməyib. Müəllim eynək gözündə oturub, ədayla dedi:
“Həsən Məmmədov buyur, görək!”. Həsən durdu bir dənə etüd göstərdi, hamımız təəccübləndik. Müəllim eynəyin altından baxır, biz güc-bəlayla özümüzü saxlamışıq. Həsən bu gün də o etüdlə yaddadır. Deməli, bu sənətin sirri nədir? Hamının istedadı var, istedadsız adam yoxdu. Amma biri bir az dərindədir, biri isə bir az üzdədir. Həsənin istedadı dərində idi, o özünü yığdı, yığdı və bildi ki, bunun nəticəsi pis ola bilər və birdən partladı, birdən də parladı”.



“Həsən Tofiq İsmayılova aldığı hədiyyəni geri istəməli oldu”


“Həsən Məmmədov tələbəlik vaxtı Poluxin küçəsində tək özü kirayəşin yaşayırdı. O evdə çox olmuşam. Hərdənbir Salyandan Həsənin anası gələrdi. Sonrakı illər isə böyük qardaşı evləndi, o da gəldi bir müddət Həsənlə yaşadı.

Həsən Məmmədov xaraktercə qaynayıb-qarışan adam deyildi. Sadəlövh idi. Tələbə yoldaşlarımızdan Tofiq İsmayılovun ad günü idi. Biz də bir on nəfərə kimi daha mehriban idik, mütləq ad gününə gedib Tofiqi təbrik etməliydik. Razılaşdıq, danışdığımız vaxtda bir dəstə tələbə Tofiqgilin evinə gəlmişik. Tələbəyik də, hərəmiz yüngülvari hədiyyə almışıq. Ailəsi, qohumları bizim üçün də yer saxlayıblar, hamımız əyləşmişik, Həsən yoxdu, vaxt keçir, Həsən yoxdu. Fikirləşirik ki, yekə kişidi, bu niyə belə etdi. Artıq süfrə açıldı, yemək-içmək başladı, sağlıqlar deyildi, bir də gördük qapı döyüldü. Həsən gəldi, əlində də qəzetə sarılmış bir dənə hədiyyə paketi tutub. İndi hamımız düşmüşük bunun üstünə ki, “hardasan, yekə kişisən, danışmışıq axı”.
“Neynim, hədiyyə üçün hər yeri axtardım, tapa bilmədim, evdə bir dənə şüşə var idi, onu götürüb gəldim”. Həsən şüşəni açdı, gördük, bir dənə yekə billur vazadır. O vaxt billur vazanı tapmaq hər adamın işi deyildi. Xaricdən gətirir, od qiymətinə satırdılar. Sən demə, bu, Həsənin qardaşı arvadının cehizidir, onu vurub qoltuğuna gəlib. Tofiqgilin də bir dənə köhnə pianoları vardı. Vazanı pianonun üstünə qoydular. Biz heç nə yemirik, Həsən də oturub. Elə bil ki, belə də lazımdır. Hamımızın gözü vazadadır, Tofiq İsmayılov, onun atası, anası-hamısı vazaya baxır. Yedik, içdik, təbrik etdik, sağollaşdıq. Çölə çıxanda soruşdum:
- Həsən, o nədir elə?
- Nədi, pisdir?
- Yox ee, tələbə adamsan.
- Nə bilim, heç nə tapmadım.

Səhər instituta gəldik. Həsən mənimlə lap məhrəmdi deyə, yavaşca dedi ki, “evdə qırğındır”. Soruşdum “nə olub?”. Dedi “qardaşım gəlib, arvad düşüb onun üstünə ki, evə oğru gəlib, vaza yoxdur”.
Həsən o vazanı adi bir şey bilib. Evə gəlib, qardaşı Həsənin üstünə düşüb ki, necə sənin xəbərin yoxdu, bəlkə sınıb? Həsən də deyib “dostumun ad günüydü, ona  apardım”. Qardaşı hirslənib: “Sən dəlisən-nəsən, necə yəni dostumun ad günüydü, o cehizdi, onun nə qədər qiyməti var”.
Bunun abırını büküblər ətəyinə, dərsə pərt gəlib. Amma hədiyyəni qaytarmazlar, elə şey olar?
Dedim “ay Həsən, nətər gedib deyək ki, Tofiq, sənə hədiyyə gətirmişik, onu qaytar”.
- İndi mən neyləyim?
Tofiq də məsələni bildi. Axırda haçandan-haçana Tofiq vazanı gətirdi. Hədiyyəni Həsənə verdi ki, “ala apar, qoy yerinə, ayıbdı”.



“Moskvaya gedənlərin siyahısında Həsənin adı yox idi...”

“1959-cu ildə, yəni biz ikinci kursa keçəndə Moskvada Azərbaycan teatr mədəniyyəti ongünlüyü keçirilirdi və Moskva üçün hazırlanan tamaşalarda bizim kursun 70 faizi, o cümlədən Həsən Məmmədov iştirak edirdi. Moskvaya 4 tamaşa hazırlanırdı. O  tamaşaların ikisini bizim müəllimimiz, o birilərini isə Adil İsgənədərov və Tofiq Kazımov hazırlayırdı. Moskvaya gedənlərin siyahısı nazirliyə göndərildi ki, təsdiq olunsun. Həsən Məmmədovun adı o siyahıda yox idi, salmamışdılar. Çünki adam çox idi. Bizə deyiləndə ki, filan tarixdə vağzaldan qatarla yola düşəcəyik, gördük ki, Həsən Məmmədovun adı yoxdur. Tələbə yoldaşımızdı, indi biz neyləyək? Başda mən olmaqla -mən bir az aktiv idim- iki-üç nəfər Məhərrəm müəllimin yanına getdik, xahiş etdik. Məhhərrəm müəllim dedi: “Vallah, mənlik deyil. Nazirlik artıq təsdiq edib. Mən heç nə edə bilmərəm”. Qatara bilet, 10 gün orada qalmaq, hər bir adamın xərci əməlli-başlı məsrəfdir. Vaxta da az qalıb. Həsən dilxordur, biz də çarə axtarırıq. Bütün vaqonda da başqa adam yoxdu, hamısı incəsənət xadimləridir. Bir vaqonda Opera Teatrının, o birində Musiqili Komediya Teatrının kollektivi-hamımız bir yerdəyik, üç gün qatarda yol getməliyik. Birdən qayıtdım ki, “ay Həsən, o kupedə bizdən başqa adam olmayacaq. Hər kupedə də 4 nəfər olur. Kimdi bizi yoxlayan, gəl, sən də qoşul bizə, bizimlə gedək. Birimiz bir az gec yatarıq, sən yatarsan...”.
Bu ağlabatan oldu. Bizim kupedə dörd nəfər yox, 5 nəfər getdik. Konduktor da sevinir ki, sənət adamlarını aparır, aləm bir-birinə qarışıb. Həsən səhər bu kupedə getdi, günorta o biri kupedə. İşin üstü açılmadı. Kimdi yoxlayan, biletlər də ümumi biletlərdi.
Nə isə, getdik Moskvaya çatdıq. Tamaşalarımızı uşaq teatrında oynayırdıq. Moskva səfərimiz bir daha bizi mehriban etdi. Bir-birimizə daha çox bələd olduq və get-gedə bu artıq dostluğa çevrildi. Bir-birimizin evinə getdik. Mənim toyumda Həsən Məmmədov, Nazim Yüzbaşov iştirak edirdi. O vaxt bir maqnitofonum var idi. Həsən Məmmədov bütün toyu həmin maqnitofona yazdı.


““Böyük dayaq”ın rejissoru Həsəni tamaşada görüb seçmişdi”


“Hələ kursda oxuyanda birinci bizdən Həsən Məmmədov filmə təsdiq olundu. “Toy komediyası”nı “Azdrama”da oynayandan sonra televiziyadan dedilər ki, “gəlin, bu tamaşanı televiziyada canlı yayımda oynayın”.
Rejissor Həbib İsmayılov o vaxtlar “Böyük dayaq” filminin çəkilişinə hazırlaşırdı, aktyor seçimləri edirdi. Evində oturub televiziyaya baxdığı vaxt birdən Həsənin cavan, maraqlı sifətini görür, onu kinostudiyaya “Böyük dayaq” filminin sınaq çəkilişlərinə dəvət edir. Həsəndən başqa bizim kursdan Murad Yagizarovu, Böyükağa Kazımovu, Sabir Əhmədovu da həmin filmə dəvət etdilər. Həsən Məmmədov baş rola təsdiq olundu. Film çox maraqla qarşılandı. Orada kimlər çəkilməmişdi. “Böyük dayaq” filmindəki Qaraş rolundan sonra Həsən Məmmədov elə tələbəlik illərindən artıq tanınır və demək olar ki, hər il filmlərə dəvət alırdı.

Bir ara çox çətin illərimiz oldu, maaş az idi. Həsən evləndi. O vaxt Teatr İnstitutunun rektoru Rahib Hüseynov məni, Həsəni, Şahmar Ələkbərovu, Hamlet Xanızadəni dəvət etdi ki, gedək institutda dərs deyək. Bizim evdə oturduq, dərdləşdik ki, gedək ya getməyək. Yenə mən ortaya girdim ki, “biz bu teatra (“Azdrama”)  təyinatla gəlmişik, sabah buradan çıxsaq, sonra təzədən bizi heç kim götürməyəcək. Ən yaxşısı odur ki, institutda saat hesabı dərs deyək. Həm burada işləyək, həm orada”. Nə isə, razılaşdılar.

O vaxt həm də televiziya, radioda konkurs elan etmişdilər ki, kim konkursdan keçsə, onu dəvət edəcəkdilər diktor kimi işləsin. Həsən də bu konkursdan keçmişdi və sevinə-sevinə radioda diktor işləyirdi. İşin gecəsi-gündüzü yox idi, xəbərlərdi, Həsən mütləq səhər 6-da ora getməli idi. Bir də görürsən ki, xəbər gəlir, Aydın Qaradağlı yoxdu, tutalım başqa növbədədir, Həsəni çağırırdılar. Çox məsuliyyətli iş idi. Həsən Məmmədov doğrudan müvəffəqiyyətlə çıxdı”.



“Bir dənə o qaldı ki, məni qandallamadılar”


“Beyləqandaydıq. Bizi kənd zəhmətkeşləri ilə mədəni əlaqələr kimi ittifaqdan rəsmi sənədlə göndəriblər. Komsomolun birinci katibi bizi çörək yeməyə aparıb. Abırlı məclisdi, aktyorlar, birinci katib, qəzetin baş redaktoru - 5-6 nəfər oturmuşuq çörək yeririk. Bir də gördük bir polis içəri girdi. Soruşdu ki, “Əzimov kimdir?!”. Dedim: “Mənəm”. –“Ardımca!”. Hamımız bir-birimizə baxırıq. Ayağa durdum. Polisin maşını qapıda dayanıb. Məni maşına mindirdilər, düz Polis idarəsinə, rəisin yanına apardılar. Oradan gələndən sonra mənə danışırlar ki, polis məni aparan kimi qəzetin baş redaktoru ağzından belə bir söz qaçırıb ki, “aha, birini apardılar”. Sən demə, burada qırğın düşüb. Həsən baş redaktorla bir dənə qiyamət qoparıb ki, “necə yəni, biz səninçün kimik?! Birini apardılar. Məni də aparacaqlar, filan”. Yemək-içmək hamısı qalıb. Çıxıblar, gecədi, saat 12 olar. Bunlar böyük sahədə qırğın edirlər. Komsomol katibi bunları güclə ayırır. Axırda qəzetin redaktorunu aralayıblar.

Məni niyə ora aparmışdılar? Bunların söhbəti burada qalsın. İndi onlar nigaran gözləyirlər ki, məni nə vaxt buraxacaqlar. Mən gəlmişəm polisə: “Salam əleyküm”. -“Əleykim salam”. Rəis dedi “əyləşin!”. Əyləşdim. Soruşdu “xeyir ola?”. Dedim “gəlmişik, bu da kağızımız”. Mənim içərim də qaynayır ki, bu nə haqq-hesabdı? Hadisə nədən ibarətdir? Mənim qaynım Bakıda “naçalnik uqolovnik” işləyirdi. Bu rəislə qaynım Rostovda milis məktəbində bir yerdə oxuyublar. Bizim teatr tamaşamız yoxdu deyə, Beyləqana getmişik. Amma biz orada olanda bir tamaşa təxirə düşüb, yerinə başqası qoyulub. Belə olan halda mütləq hamıya xəbərdarlıq edirlər. Bizə də zəng vurublar, yoldaşıma deyiblər ki, Rafiq hardadır? Yoldaşım deməyib ki, mən rayondayam. Çünki biz kənara çıxanda gərək mütləq xəbər edəydik. İndi deməmişik də, üç-dörd gün boşuq, getmişik. Yoldaşım əl qatıb özünə ki, sən rayondasan, tamaşa dəyişib. Qardaşına zəng edir ki, Rafiqin tamaşası dəyişib, özü də burada yoxdur. Qardaşı Rostovda bir yerdə oxuduğu Beyləqanın rəisinə zəng edib. O da deyib ki, “mən taparam”. Polisi göndərib ki, öyrən, gör, hardadır… Polis də bizi axtarıb. Xəbəri yoxdu ki, nə məsələdi, ona deyiblər ki, filankəsi mütləq tap, gətir. O da elə bilib cinayətkardır, kimdir. Polis elə deyəndə ki, “ardımca gedək”, bir dənə o qalıb ki, məni qandallamayıblar. Ona görə baş redaktor da yarızarafat, yarıciddi deyib ki, “birini apardılar”. Bu söz pis çıxıb.

Mən Polis idarəsindən çıxanda gördüm ki, bunlar əlbəyaxadırlar. Axırda qonaq evinə gəldik. Komsomol katibi bir dənə də tapşırıb verib qonaq evində stol açıblar. Həsənin boğazından çörək keçmir. Mən bunu sakitləşdirirəm: “- Ay Həsən, adə bir qələtdi, elədi də.. - Adə, yox e, bilirsən nə deyir..”.
Doğurdan Həsənin gözləri kəlləsinə çıxıb. Mənə də polis rəisi deyib ki, “Rafiq müəllim, səhər özüm sizi maşınla Bakıya yola salacağam, axşama çatasınız. Belə oldu ki, bu vəziyyətdən çıxdıq”.


“Həsən xarakter etibarilə hamımızdan fərqlənirdi”


“Onun içini mən lap sonradan bildim. Xeyli keçəndən sonra bəzi şeyləri özü mənə danışırdı, bəzilərini mən hiss edirdim, özü demirdi. Misalçün, dərdi olar, deməz, ağır vəziyyəti olar, deməz. O vaxt Heydər Əliyev rəsmi şəkildə ona ev verilməsi barəsində göstəriş vermişdi. Bu ev məsələsini bir neçə il uzatdılar. Həsəni aldadırdılar. Dərdini mənə deyirdi. Axırda hətta dərdini Bakının merinə danışıb. O da deyib ki, “tək sən deyilsən, sənin kimi bir neçə nəfər var ki, rəsmi qərar var. Amma mən bu işlərlə məşğul olacam”.
Nə isə. Bu onu çox əsəbiləşdirirdi. Gec də olsa, ona çox yaxşı yerdə - “Avropa”  mehmanxanasının yanında torpaq sahəsi verdilər. Bir mərtəbəni tikdi, ikinci mərtəbənin üstünü tikmişdi, dam sonra uçmuşdu, külək vurub salmışdı. Gəlib hamısını mənə danışırdı. Amma çox təəssüflər olsun ki, o evdə oturmaq özünə qismət olmadı.
O şeyi ki, bir 10 nəfərdən biri etməz, Həsən edirdi, qəribəlikləri var idi. Amma gəl ki, onun rollarına baxın, çox maraqlı obrazları var, xüsusən kinodakı rolları. “Gün keçdi”də qızlar ona vurulmuşdu. Sonra Abbasqulu bəy, “Yeddi oğul istərəm” filmindəki rolu və s.

Mən Həsənlə birinci dəfə 1970-ci ildə “Yeddi oğul istərəm”də birgə çəkilmişəm. O Bəxtiyar, mən Şahsuvar rolunu canlandırmışıq. Sonra “Arxadan vurulan zərbə”də o Qəmərlinski, mən müstəntiq Hüseynov, “Qızıl qaz”da mən Gündüz Eldarov, o Fərman rolunda çəkildik.

Mən Həsənin toyunda da iştirak etmişəm, Salyanda evində də olmuşam, atasını, anasını da yaxşı tanıyırdım.

Həsən sağlığında neçə vaxt idi istəyirdi oğlu evlənsin, amma oğlan istəmirdi. Gəlib mənə deyirdi ki, bir sən də deyəsən ona, qız tapaq da. Axırda Həsən haqq dünyasına köçəndən sonra yoldaşı mənə zəng etdi ki, oğlu Əvəzin nəhayət bir gözaltısı var, evlənir. Dedi: “Bəlkə siz də dostu kimi “hə” almağa gedəsiniz?”. Mən onun üçün “həri”yə də getdim. Çox təəssüflər olsun ki, Həsən arzusunu görmədi. Çox arzulayırdı ki, Əvəzin toyunu etsin, görsün. Həsən olsaydı, tamam başqa cür olardı. O, balalarını çox istəyirdi, üstlərində əsirdi. Faktiki olaraq Həsən ömrünün axırına qədər o ailənin başında idi”.


“Sovet quruluşu dağılandan sonra Həsən işsiz qaldı”


“Allah qəni-qəni rəhmət etsin, “Yeddi oğul”dan (“Yeddi oğul istərəm” filminin qəhrəmanları) 3 nəfər qalmışıq: Ənvər Həsənov, Əbdül Mahmudov, bir də mən. Təsəvvür edin ki, onlar bizdən uzaqlaşıb əbədiyyətə qovuşduqca, daha da böyüyürlər. Unudulmurlar, daha da yaşayırlar. Çünki xalq yaxşını pisdən seçə bilir. Dəqiqəbaşı bizdən soruşurlar, hanı o filmlər, niyə çəkilmir? Deməyə cavabımız olur, ancaq... Pullu, milyoner adamlar bizə qibtə edirlər. Mən deyirəm ki, biz sizə qibtə edirik, sizin hər şeyiniz var. Biz aktyoruq, biznesmen deyilik, yalnız səhnəylə, ekranla tanınırıq. Amma siz bizə qibtə edirsiniz. 

Əgər Səməd Vurğun otuzuncu illərdə “Komsomol” poemasını yazmasaydı, Yusif Səmədoğlu ssenarini hazırlamasaydı, Tofiq Tağızadə “Yeddi oğul istərəm”i çəkməsəydi, biz orda rol almasaydıq, bizi kim tanıyacaqdı? Düzdür, az-çox tanıyacaqdılar. “Yeddi oğul istərəm” dünyanın çox qitələrini gəzib-dolaşıb.

Sovet quruluşunun dağılması nəticəsində kinomuzda böhran yarandı. Bu vəziyyət Həsənə çox pis təsir etmişdi. Hətta kino çəkilmirdi deyə, onun işsiz qaldığı vaxtlar oldu. Biz Səttar Bəhlulzadə adına sərgidə idik. Sərgidə olan Polad Bülbüloğlu onda nazir idi. Həmin dönəm Həsənin çox ağır illəri idi. Həsənin adı kinostudiyadadır, amma kinostudiyada çəkilmirsən deyə, pul da qazanmırsan. Teatrın o vaxtkı direktoru Həsənağa Turabov da o sərgidə idi. Mən dedim, “Həsən, heç olmasa teatra gəl, teatrdır, tamaşalarda, məşqlərdə göz qabağında olacaqsan, kino kinodur da, səni çağıracaqlar. Polad Bülbüloğlu da burdadır, get ona denən ki, mən teatra qayıtmaq istəyirəm. Turabov Həsənağa da burdadır”.

Dedi “mən necə deyim, belə demək ayıbdı”. Dedim “indi sən işləmirsən, gedib ona desən səni gülləməyəcəklər ki”. Çəkinə-çəkinə, sıxıla-sıxıla gəldi, sözlü adam kimi dayanıb baxır, Polad Bülbüloğlu soruşdu “nədir?”. Həsən birdən-birə dedi “Polad müəllim, çəkilmirəm, boş qalmışam, bəlkə mən teatra qayıdım”. Polad Bülbüloğlu da Turabovu çağırdı: “Turabov, bura gəl, teatra əmrini ver”.


“Həsən Məmmədov dəryaydı...”


“Mən həmişə deyirəm ki, Həsən Məmmədovun bu teatra elə bir dənə girib-çıxması bəsdir, tamaşaçı görür ki, bu teatra Həsən Məmmədov gəlir. Yəni, Həsəndə o sanballılıq vardı, onun teatr, kino aləmində xidmətləri var. Ümumiyyətlə, sənət aləmində xidməti çox böyükdür, dəryaydı o...

Bir dəfə məşqdən çıxırdıq. Gördüm Həsən qıpqırmızıdır. Həsən də maşın sürürdü. Bir yerdə aşağı düşəndə dedim:
- Həsən, birdən sənin təzyiqin olar. Sənin sifətin nəsə xoşuma gəlmir.
- O nədir elə?
- Qan təzyiqi. Səndə aşağı-yuxarı necədir?
- Mən bilmirəm o şeyləri.
Yaxında bir dostumuz var idi, polis poliklinikasında işləyirdi. Həsəni ora apardım. Qan təzyiqini yoxladılar: 240. Tibb bacısı ölçəndə bunun ürəyi getdi. Dərman filanla 140-a saldılar. Dedim: “ay Həsən, sən dəlisən? Sənin bu boyda təzyiqin var, maşın da sürürsən!”.
“Mən heç vaxt dərman atmıram” dedi. Üstündən iki ay keçəndən sonra yenə elə bir hadisə oldu. Yenə qıpqırmızı oldu. Bu dəfə Həsəni Yazıçılar Poliknikasına apardım. Ölçdülər: 220.
Pis-yaxşı pul qazanırdı, amma bir dəfə görmədim ki, getsin istirahət etsin. Deyirdi “Mənim vaxtım var? Mən çəkilirəm”. 
Qıraqdan baxan elə bilir kef edirdik. Elə deyil. Həsənin belə xəstəliyi var idi, olmasaydı Həsən xəstələnməzdi, ürək buna dözmədi. Mən də onun kimi dərmanlarımı atmırdım. Həkim mənə dedi ki, yaşın elədi ki, səhər-axşam gərək atasan. Sonra bir dəfə xəstələndim, dedi “bir dənə o dərmanı atsaydın, bu hala düşməzdin”. Ondan sonra atıram.
Həsən əgər vaxtlı-vaxtında dərmanlarını atsaydı, özünə baxsaydı, daha çox yaşayardı. Həsən Məmmədov öz qədrini bilmədi. Bizə rejissorlarımız, müəllimlərimiz, tamaşaçılar deyirlər ki, siz tək özünüz üçün yaşamırsınız. Sizi xalq tanıyır. Adam çox çətinlik çəkir ki, uzun illər Həsən Məmmədov kimi sənətkarla kinoda, teatrda bir yerdə işləyəsən, bir gün gözünü açasan ki, o, yoxdu. Bu bizim üçün ağırdı”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü